Vətən fədaisi Tural Haşımlıya məktub
Salam adaş!
Biz həyatda bir-birimizi heç vaxt görməmişik, tanışlığımız yoxdur. Sən öz igidliyinlə, qəhrəmanlığınla özünü hər kəsə tanıtdın. Sən Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizənlə elə yüksək bir mərtəbəyə ucalmısan ki, o ucalıq hər kəsə qismət olmur. Müqəddəs dinimizdə də şəhidlik ən uca mərtəbə hesab edilir. Böyük İslam Peyğəmbəri buyurub ki, cənnətə daxil olan heç kəs hətta bütün dünyanın nemətləri ona verilsə belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid Allahdan o qədər mükafat görər ki, bunların əvəzini vermək üçün 10 dəfə dünyaya qayıdıb şəhid olmağı arzulayar.
Biz rahat iş otaqlarımızda, isti evimizdə yaxınlarımızla deyib-gülərkən, sən ön xətdə Vətənimizi qoruyurdun. Biz növbəti iş günü hansısa tapşırığı yerinə yetirmək üçün gecə bir saat yuxumuzdan kəsərkən öz-özümüzə deyindiyimiz vaxt sən Vətəni qorumaq üçün günlərlə yatmırdın.
Sən fevralın 24-dən 25-nə keçən gecə şəhid oldun. Bir gün sonra xalqımız Xocalı soyqırımının 25-ci ildönümünü qeyd edəcək, Xocalı şəhidlərini anacaqdı. Bu xalq bir daha Xocalı faciəsini yaşamasın, analarımız, bacılarımız işgəncələrə məruz qalmasın, körpələrimiz öldürülməsin deyə sən orda idin.
Sizin kimi igid oğullarımızın sayəsində sərhədlərimiz etibarlı qorunur, müstəqilliyimiz daha da möhkəmləndirilir.
Sən xoşbəxtsən, ona görə ki, Vətən yolunda canını qurban vermisən. Ona görə ki, məğlub deyil, qalib ordunun zabiti idin, müzəffər ordunun şəhidisən.
Vətəni qorumağın mükafatını şəhid olaraq aldın. Heç şübhəsiz, yerin cənnətdir. Çünki işğal məqsədilə kiminsə torpağında, ərazisində deyildin. Sən öz torpağını, Vətənini müdafiə edirdin. Arzuların var idi. Heç kimin şübhəsi yoxdur ki, o arzulardan biri üçrəngli bayrağımızı Xankəndidə dalğalandırmaq idi. Yoxsa niyə dəfələrlə müraciət edib ön xətdə getmək istəyərdin ki?
Sən doğulub boya-başa çatdığın Naxçıvanın, Azərbaycanın incisi Ordubadın, təhsil aldığın Heydər Əliyev adına Hərbi Liseyin adına layiq xidmət etdin.
Dünən bir neçə dostunla söhbətləşirdim. Həmişə deyirmişsən ki, böyüdüyüm ailədə, təhsil aldığım hərbi liseydə mənə Vətənə sədaqətlə xidmət etməyi öyrədiblər. Vətənə sədaqətini, sevgini ölümsüzlüyə qovuşmaqla sübuta yetirdin. Xidmət etdiyin zaman səni Lənkərana göndərsələr də, öz ərizənlə yenidən ön cəbhəyə qayıdanda Vətənə olan sevgini, məhəbbətini döyüş yoldaşların, hər kəs hiss etmişdi.
Gözün arxada qalmasın. Əmin ol, sənin kimi igidlərin xidmət etdiyi Ordu tezliklə işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməklə bütün şəhidlərimizin qisasını alacaq. Bilirəm ki, rahat deyilsən, çünki uğrunda can verdiyin Vətən torpağının bir hissəsi hələ işğal altındadır. Qüdrətli Ordumuz çox tezliklə o torpaqları azad edəcək, o zaman sənin və bütün şəhidlərimizin ruhu rahatlıq tapacaq.
Gözün arxada qalmasın. Vətənimizdən nigaran olma.
Necə ki övladının şəhid olduğunu eşidəndə qara yaylığını açıb ağ kəlağayı örtən, şəhid oğlunun şəklini evinin divarından asıb “mübarək olsun”, – deyən analarımız, “Vətən sağ olsun”, – deyən atalarımız, hər an sənin qisasını almağa hazır olan yüz minlərlə yeniyetmə və gəncimiz var müqəddəs torpağımız həmişə etibarlı qorunacaq, Azərbaycan daha qüdrətli dövlətə çevriləcəkdir.
Əmin ol, Azərbaycanda hər gün bir əsgər doğulur.
Sən hər bir Azərbaycan gəncinin idealısan. Sənin yerində olmaq istəyən minlərlə gənc var. Biz səninlə fəxr edirik!
Şəhidliyin mübarək!
Tural SƏFƏROV