25 Dekabr 2024, Çərşənbə

Təəssüf ki, bunun qarşısının alınmasına hələ də laqeyd yanaşırıq

“Qadanız mənə gəlsin, bu qədər “balıx-balıx” deyə-deyə pəs niyə o gözəl sirkəni qoydunuz orda qaldı və ağzını heç açmadınız da?
Nənənin bu sözü bizi deyəsən yuxudan oyatdı; bir də baxaq kı, doğrudan da “balıq”nan “balıx” sözlərinin mübahisəsinə biz dörd nəfər ədib elə bərk qızışmışıq ki, on iki girvənkə balığı yeyib qurtarana kimi o gözəl sirkə ağzı tıxaclı dəc qalıb stolun üstündə; bir surətdə ki, haman sirkəni dördümüz də tamam yarım saat gözlədik ki, bazardan gəlsin”.
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. Sən elə böyük yazıçısan ki, hər cümlən, hər sözün bu gün də aktualdır. Hansı mövzudan yazmaq, nədən bəhs etmək istəsək, dönüb-dolaşıb yenə sənin üstünə qaçırıq.
Bu yaxınlarda bir internet saytında Naxçıvan barədə yerləşdirilən məlumatlarla tanış olarkən Cəlil Məmmədquluzadənin “Sirkə” hekayəsi yadıma düşdü. Bəli, bu gün bəzilərimizin başı lazımsız şeylərə elə bərk qarışıb ki, düşmən bundan “səmərəli” istifadə edərək öz təbliğatını daha da genişləndirib.

Doğrudur, son vaxtlar internet saytlarında, sosial şəbəkələrdə Naxçıvanın turizm potensialının təbliği ilə bağlı görülən işlər təqdirəlayiqdir. Ancaq, təəssüf ki, yenə bəzilərimiz bir neçə şəkil paylaşmaqla bu sahədəki missiyamızı bitmiş hesab edirik. Həmin şəkilləri də ki, yalnız özümüz görürük. Bəs xarici dillərdə Naxçıvanı necə təbliğ edirik? Dünyanın ən geniş informasiya şəbəkəsi olan internetə baxdıqda Naxçıvan barədə xarici dillərdə yerləşdirilmiş materialların çox az olduğunu görürük. Dünya inkişaf edir. Bəzi ölkələr məhz təbliğat hesabına üst-üstə qoyulmuş üç daş parçasını belə, YUNESKO-nun dünya mirası siyahısına salmağa çalışırlar. Biz isə dünyada bənzəri olmayan abidə və qalalarımızın, təbiət guşələrimizin, xalq sənətkarlığı nümunələrimizin sanki dil açıb özünü təbliğ edəcəyini gözləyirmiş kimi hələ də passiv mövqe tutmaqdayıq. Müasir texnologiya və Naxçıvanda yaradılmış şərait hər bir muxtar respublika sakininə bu sahədə öz vətənpərvərlik borcunu yerinə yetirməyə imkan verir.
Bu gün Google kimi beynəlxalq axtarış saytlarında ingilis dilində Naxçıvan yazıb axtarış aparanda, qarşımıza hansı məlumat çıxır? İlk qarşımıza çıxan Wikipedia.org saytıdır ki, kaş çıxmayaydı.
Wikipedia.org-da Naxçıvanla bağlı yerləşdirilən informasiyaları təhlil etməmişdən öncə bu sayt barədə oxucularımıza qısa məlumat verək.
Vikipedia açıq internet ensiklopediyasıdır. Bu internet ensiklopediyasının 290 dildə versiyası vardır. Vikipedianın əsas adminləri və redaktorları Amerika Birləşmiş Ştatlarında, köməkçi adminləri isə Hollandiya, Fransa və Cənubi Koreyada fəaliyyət göstərirlər. Hər bir internet istifadəçisi vikipediada məlumatlar yerləşdirə, həmin məlumatları dəyişdirə bilər. Bu ensiklopediyada müxtəlif dillərdə 20 milyondan çox məqalə yerləşdirilib. Vikipedia dünyada ən çox oxunan saytlardan biridir. Hər ay 500 milyon insan bu saytdan istifadə edir ki, onların da 62 faizi vikipedianın ingilisdilli versiyasına daxil olanlardır.
“Alexa” beynəlxalq reytinq saytında vikipedianın ingilis dilində olan versiyası dünya üzrə 6-cı yerdə qərar tutub. Göründüyü kimi, vikipedia dünya əhalisinin ən çox müraciət etdiyi internet saytlarındandır. Ona görə də biz bu açıq internet ensiklopediyasında Naxçıvanla bağlı yerləşdirilmiş məlumatlara ciddi yanaşmalı, qədim diyarımızın tarixinin, mədəniyyətinin, milli dəyərlərimizin düzgün təbliğinə çalışmalıyıq. Vikipedia akademik dairələrdə ciddi elmi mənbə sayılmasa da, bu sayt beynəlxalq ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır.
İndi isə keçək əsas məsələyə və görək vikipedianın ingilisdilli versiyasında Naxçıvan haqqında hansı məlumatlar var? Elə buradaca qeyd edim ki, 2001-ci ildən fəaliyyət göstərən bu internet ensiklopediyasında Naxçıvan barədə məqalə bizim tərəfimizdən yerləşdirilməyib. Əgər ziyalılarımız, ingilisdilli mütəxəssislərimiz, hansısa dövlət orqanımız internet ensiklopediyasında Naxçıvan haqqında həqiqətləri əks etdirən məlumatlar yerləşdirsəydi, bu gün vikipediada təhrif olunmuş məlumatlar, cəfəng fikirlər qarşımıza çıxmazdı. Bu işdə biz jurnalistlərin laqeydliyini də qeyd etməliyik. Bütün bunların nəticəsidir ki, bu yaxınlarda Naxçıvana gələn bir xarici ölkə vətəndaşı guya da­ğı­dıl­mış, əsl həqiqətdə isə heç vaxt bu ərazidə olmayan “abidələr”in yerini axtarırdı. Təəssüf ki, o turist həmin məlumatları vikipediadan əldə etmişdi. Təsadüf nəticəsində tanış olduğumuz həmin turistə həqiqətləri əks etdirən ədəbiyyatlar verməklə izah etdik ki, bura əzəli Azərbaycan torpağıdır, onun dediyi “abidələr” bu ərazidə olmayıb.
Bəs vikipediada yerləşdirilən, düşmən ölkənin nümayəndəsi tərəfindən hazırlandığı heç bir şübhə doğurmayan həmin məqalədə Naxçıvan Muxtar Respublikası necə təqdim edilib?
Biz o yalan məlumatları, heç bir əsası olmayan “faktları” geniş şərh etmək fikrindən uzağıq. Əgər kim istəsə, Wikipedia.org saytına daxil olub həmin məqalə ilə tanış ola bilər. Ancaq bəzi məqamları qeyd etməmək mümkün deyil.
Məqalə elə yazılıb ki, ilk baxışdan onun Naxçıvanda yaşayan biri tərəfindən hazırlandığı başa düşülür. Naxçıvanın muxtariyyət tarixi, əhalisi, ərazisi, idarəetmə quruluşu, blokadada yaşadığı barədə məlumatların olduğu yazıda hətta Kərki kəndinin ermənilər tərəfindən işğal olunması faktı da öz əksini tapıb. Ancaq sonrakı bölmələrdə verilən məlumatlar Naxçıvan haqqında təsəvvürü olmayan oxucuda çaşqınlıq yaradır, qədim diyarımızın əzəli Azərbaycan torpağı olduğunu şübhə altına alır. Saxta mənbələrdən gətirilən “faktlar”la sübut etməyə çalışırlar ki, guya biz bu torpaqlara gəlməyik, buranın “əzəli sakinləri” isə ermənilər olublar. Hətta məqalədə yerləşdirilən bir cədvəldə “əsrlər bundan öncə Naxçıvanda yaşayan ermənilərin sayı” barədə saxta rəqəmlər öz əksini tapıb.
Onu da deyək ki, bu məlumatlar hansısa internet istifadəçisi tərəfindən silinə bilməz. Bunun üçün internet ensiklopediyasının redaktorlarına real faktları əks etdirən materiallar göndərməli, buna öz etirazımızı bildirməliyik. Bu sahənin mütəxəssislərinin, elm adamlarının, fəal internet istifadəçisi olan gənclərin, rus və ingilis dillərini bilən vətənpərvər insanların köməyi ilə ermənilərin növbəti dəfə əl atdığı bu saxtakarlıq aradan qaldırılmalıdır. Bu cəfəngiyyat dolu, heç bir tarixi həqiqəti özündə əks etdirməyən məlumatları yalnız vikipedia qrupunun üzvlərinin müdaxiləsi ilə silmək olar. Onlara isə tutarlı dəlillərlə yazılan yazılarla, tarixi həqiqətləri əks etdirən faktlarla, kütləvi şəkildə ictimai etirazla təsir etmək mümkündür. Vətənpərvərlik təkcə silahla düşmənə qarşı vuruşmaq deyil. Biz həm də informasiya müharibəsində düşmənə qalib gəlməliyik. Bu işdə hər birimiz fəallıq göstərməli və vətəndaşlıq borcumuzu yerinə yetirməliyik.
Qeyd edək ki, bu məlumatlar vikipedianın rus dilində olan versiyasında da yerləşdirilib.

Tural Səfərov

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR