25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsi olaraq alim və tədqiqatçılar, eləcə də yaradıcı insanlar üçün hərtərəfli şərait yaradılmış, müasir nəşriyyat və mətbəələr istifadəyə verilmişdir. Yaradılan şərait imkan verir ki, hər il muxtar respublikada onlarla kitab nəşr olunsun. Naxçıvanın qədim tarixi, zəngin mədəni irsi, görkəmli şəxsiyyətləri və müasir sosial-iqtisadi inkişafı barədə yeni kitabların nəşri diqqətdə saxlanılır, hər il üçün nəşr planı tərtib olunur. Bu sahədə görülən işlər 2016-cı ildə də davam etdirilmiş, Ali Məclis tərəfindən 14 kitab nəşr olunmuş, 6 sənədli televiziya filmi çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamına uyğun olaraq xalqımızın əyilməzlik rəmzi olan “Əlincə­qala” tarixi abidəsi bərpa olunmuşdur. Sərəncama uyğun olaraq bərpa zamanı qalada geniş elmi-tədqiqat işləri də aparılmışdır. Bu elmi tədqiqatların nəticəsi olaraq Azərbaycan tarixində xüsusi yeri və mövqeyi olan Əlincəqala haqqında Azərbaycan, rus və ingilis dillərində hazırlanan “Əlincəqala” kitabı çap olunmuşdur. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamı ilə açılır. Giriş, 13 məqalə, nəticə, ədəbiyyat siyahısı və 44 fotoşəkildən ibarət olan kitabda Əlincəqalada aparılan təmir-bərpa işləri, tarixi mənbələrdə Əlincəqala haqqında verilən məlumatlar, Əlincə sözünün etimologiyası, “Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala ilə bağlı yer alan faktlar, Əlincəqala müdafiəçilərinin Əmir Teymura qarşı müqaviməti, qala rəisləri, qalanın Səfəvilər dövründəki vəziyyəti, memarlıq xüsusiyyətləri və müdafiə sistemi, hidrotexniki qurğuları, Əlincəqalada tapılan numizmatik materiallar, xalq yaddaşında Əlincəqala ilə əlaqədar yaşayan məlumatlar, qala ətrafında olan epiqrafik, tarix və memarlıq abidələri haqqında məqalələr toplanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Qacarın ötən il rus dilində nəşr edilmiş “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” adlı kitabı indiyə qədər Naxçıvanın tədqiqi sahəsində əldə edilmiş elmi nailiyyətlərin populyarlaşdırılması və dünyada təbliği baxımından çox önəmlidir. Elmi redaktoru və ön söz müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli olan kitab tarixi, etnoqrafik və mədəniyyət sahəsində məlumatları özündə cəmləşdirib. Müəllifin özünün də qeyd etdiyi kimi, əsər elmi-tədqiqat əsəri xarakterində yox, təbliğat və tanıtım məqsədlidir. Elə bu səbəbdən də kitabda təqdim olunan materiallar gələcəkdə daha geniş elmi tədqiqatlara cəlb edilə bilər.
Muxtar respublikada beynəlxalq rəsm festivallarının keçirilməsi ənənə halını almışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən 2016-cı il mayın 26-da Naxçıvanda üçüncü beynəlxalq rəsm festivalı keçirilib. Festival çərçivəsində Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılması, eləcə də festivalın “Əlincəqala” tarixi abidəsində keçirilməsi tədbirin əhəmiyyətini artırıb, iştirakçıların dəyərli əsərlər yaratmasına səbəb olub. Bu əsərlərdən ibarət olan “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının albom-kataloqu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə nəşr edilib. Nəfis tərtibatda hazırlanan kataloqda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar Parkının yaradılması haqqında” Sərəncamı, parkın açılışı zamanı etdiyi dərin məzmunlu çıxışı, tədbirdən çəkilmiş fotoşəkillər, eləcə də festivalda iştirak edən 52 rəssam haqqında qısa bioqrafik məlumatlar yer alıb, festivalda çəkilmiş rəsm əsərləri verilib.
“Naxçıvan Muxtar Respublikasının yubileyləri 1924-1984” kitabı da 2016-cı ildə nəşr olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanan kitabda muxtar respublikanın yaranmasının 25, 40, 50 və 60 illik yubileyləri ilə əlaqədar materiallar toplanıb. Beş bölmədən ibarət olan kitabın ilk bölməsində Naxçıvan Muxtar Respublikasının yaradılmasına dair müxtəlif tarixi və arxiv sənədləri yer alıb. Bu bölmədə 26 fevral 1923-cü ildən 15 fevral 1926-cı ilə qədər olan dövrü əhatə edən 7 tarixi sənəd elmi ictimaiyyətin və geniş oxucu kütləsinin diqqətinə təqdim olunur. Kitabın digər bölmə­ləri də kifayət qədər zəngin tarixi sənədlər və fotoşəkillərlə diqqəti cəlb edir. Ümummilli lider Heydər Əliyevin Naxçıvana xüsusi qayğısını, Sovetlər Birliyi dövründə muxtar respublikanın yubiley tədbirlərində iştirakı və çıxışlarını əks etdirən nadir sənəd və fotoşəkillər kitabın əhəmiyyətini daha da artırır.
Nəşr olunan kitablar arasında təhlil və analitik materiallar da diqqəti cəlb edir. “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” kitabında muxtar respublikanın son illər keçdiyi sürətli inkişaf yoluna nəzər salınır. Naxçıvanın müasir inkişafını əks etdirən fotoşəkillərin də yer aldığı kitabda sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlər, əldə olunan uğurlar barədə geniş oxucu kütləsinə məlumat verilir, statistik müqayisələr və təhlillər aparılır.
2016-cı ildə işıq üzü görən “Naxçıvan bəstəkarlarının uşaq mahnıları” kitabında Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan bəstəkarların uşaqlar üçün bəstələdikləri mahnılar yer alıb. Kitabdakı mahnılar naxçıvanlı şairlərin sözlərinə bəstələnmişdir. Bu mahnılar uşaqlarda Vətənə, doğma el-obaya sevgi, məhəbbət hissləri aşılamaqdadır. “Naxçıvan bəstəkarlarının uşaq mahnıları” kitabı muxtar respublikada mədəniyyətin inkişafı, xüsusilə də elmi və mədəni dəyərə malik nəşrlərin çap olunması sahəsində görülən işlərin daha bir nümunəsidir.
“Naxçıvan dünya mətbuatında” kitabında muxtar respublikaya səfər edən ictimai və elm xadimlərinin, jurnalistlərin bu diyar haqqında qələmə aldıqları məqalələr və onlarla aparılan müsahibələr toplanılıb. Kitab “Naxçıvan dünya mətbuatında” və “Naxçıvan xarici qonaqların gözü ilə” fəsillərindən ibarətdir.
Naxçıvanlı şairlərin Əlincəqala haqqında qələmə aldıqları şeir, poema və pyeslərdən ibarət “Əlincəqala” kitabı, “2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunlarının xülasəsi”, eləcə də “Naxçıvan” jurnalının “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransının materialları əsasında hazırlanan, Naxçıvan haqqında yazılmış şeirlərdən və Eynəli bəy Sultanovun 150 illiyinə həsr olunmuş materiallardan ibarət xüsusi nömrələri də ötən il çap olunan dəyərli nəşrlərdəndir.


“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR