Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planına əsasən üçüncü tədbiri Baş Konsulluğun xidmət ərazisi olan Aralıq bölgəsində həyata keçirib.
Tədbir Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu ilə 15 İyul – Şəhid və Qazi Ailələri Sosial Yardımlaşma və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı əsasında həyata keçirilib.
Aralıq Dilucu Peşə və Texniki Anadolu Liseyində təşkil olunan tədbirdə Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev, Aralıq bölgəsinin kaymakamı Kemal Duru, bələdiyyə sədri Bayram Peksam, qarnizon komandiri, polkovnik-leytenant Mustafa Tamer, təhsil müdiri Hakan Cerit, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, o cümlədən Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun diplomatik heyəti, protokol heyətinin üzvləri və iş adamları, qeyri-hökumət təşkilatları nümayəndələri, Heydər Əliyev Fənn Liseyi idarəçiləri, Aralıq Dilucu Peşə və Texniki Anadolu Liseyinin idarəçiləri, şagirdləri, dərnək başçıları, iqdırlılar, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.
Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Nuru Quliyevin, 15 İyul – Şəhid və Qazi Ailələri Sosial Yardımlaşma və Həmrəylik Dərnəyinin sədri Qənbər Gözəlqayanın, Aralıq bölgəsinin kaymakamı Kemal Durunun çıxışları olub.
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı beynəlxalq hüququn bütün norma və prinsiplərinin heçə sayıldığını və nəticədə, bu soyqırımın təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyət əleyhinə törədilmiş ən ağır insanlıq cinayəti olduğunu ifadə edən çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifə kimi daxil olub.
Daha sonra Ermənistanın ölkəmizə və xalqımıza qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən bəhs edilib, soyqırımının insanlığa sığmayan hərəkət olduğu vurğulanıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı misligörünməmiş soyqırımı törətdiyi diqqətə çatdırılıb. Bildirilib ki, keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 197 nəfər itkin düşüb.
Nuru Quliyev Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdırıb. Baş konsul vurğulayıb ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidir.
Xəbərlər şöbəsi