Marquette Universitetinin siyasi təhlilçisi və beynəlxalq əlaqələr üzrə eksperti Peter Tase ingilis dilində yayımlanan “Eurasiya Dairy” (Avrasiya gündəliyi) portalına Xocalı soyqırımı haqqında müsahibə verib. Müsahibədə Peter Tase Xocalı həqiqətlərindən, Azərbaycan xalqının məruz qaldığı soyqırımından söhbət açmaqla yanaşı, həm də Naxçıvanın blokadada olmasına da münasibət bildirib. Həmin müsahibəni oxuculara təqdim edirik.
Avrasiya gündəliyi: Sizin fikrinizcə, Xocalı soyqırımı dünya tarixində bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biridirmi?
Peter Tase: Xocalı soyqırımı 25-26 fevral 1992-ci il tarixdə günahsız dinc azərbaycanlılara qarşı etnik erməni silahlı qüvvələri tərəfindən törədilmişdir. Bu silahlı hücumlar 613-dən çox dinc əhalinin (110 qadın və 65 uşaq daxil olmaqla) ölümünə səbəb oldu. Bu faciə Dağlıq Qarabağ silahlı münaqişəsi çərçivəsində bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətdir. Şübhəsiz ki, Xocalı soyqırımı qlobal səviyyədə müasir dövrün ən dəhşətli faciə və soyqırımıdır. Beynəlxalq insan hüquqları təşkilatları, Avropa Birliyi Komissiyası və Avropa Parlamenti belə bir amansız silahlı hücuma qarşı xüsusi qətnamə qəbul edərək Xocalı faciəsinin 25-ci ildönümünə sarsılmaz siyasi və humanitar dəstək nümayiş etdirməlidir. Xocalı faciəsi XX əsrin həqiqi Holokostunu (soyqırımı) təcəssüm etdirir.
Avropa Birliyi, ABŞ Konqresi, azad və demokratik dünyanın institutları soyuq müharibədən sonrakı dövrdə Avropa və Asiyada baş vermiş bu qanlı faciənin ildönümündə bəyanatlar səsləndirərək uzun müddətdən bəri bu hadisələrdən əziyyət çəkmiş Azərbaycan xalqına dəstək nümayiş etdirməlidirlər. Çox təəssüf ki, Xocalı soyqırımını törədən erməni stereotipi Cənubi Qafqazda regional iqtisadi inkişafı ləngidir, Azərbaycan Respublikasının suveren ərazilərinə və onun günahsız insanlarına ziyan vurmaqda davam edir. Ermənistan dünya səviyyəsində ən çox məcburi köçkünün evlərindən didərgin düşməsinə səbəb olmuş və suveren Azərbaycanın iyirmi faizdən artıq ərazilərində Azərbaycan tarixşünaslığını, mədəniyyətini və nadir arxeoloji xəzinələrini məhv etməyə davam edir.
Avrasiya gündəliyi: Sizin fikrinizcə, Amerika Birləşmiş Ştatlarının Konqresi Xocalı soyqırımını tanımalıdırmı?
Peter Tase: Mən Birləşmiş Ştatların Konqresi və Ağ Evin Xocalı soyqırımını tanımasını tam dəstəkləyirəm. Yaxşı olar ki, bu ay Konqresin birgə iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nitq söyləsin. Bu, Azərbaycan xalqı və sivil dünyanın bu dəhşətli Holokostdan sarsılması barədə dünya ictimaiyyətinin məlumatlılığını artırmaq üçün yeganə imkandır.
Mən əminəm ki, Birləşmiş Ştatların Nümayəndələr Palatası və Senatın üzvləri Prezident İlham Əliyevin söylədiyi nitqi dinləyəcəklər və onların imkanları olacaq ki, Azərbaycanın effektli dövlət siyasəti və düşünülmüş xarici siyasəti ilə tanış olsunlar. Xocalı soyqırımı müasir dövrdə baş vermiş ən qanlı faciə kimi dünya tarixinə həkk olunacaq və bizim hamımız belə bir faciəli tarixi hadisənin bütün qitələrdə tanınması istiqamətində daha aktiv iş aparmalıyıq.
Avrasiya gündəliyi: Minlərlə mədəni və dini abidələr Azərbaycanın işğal olunmuş ərazilərində məhv edilmişdir? Bu barədə nə deyə bilərsiniz?
Peter Tase: Hər gün təmas xəttində, demək olar ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi silahlı təxribatları müşahidə edirik. Digər bir başqa mədəni soyqırım isə Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon daxil olmaqla, Azərbaycanın suveren ərazisinin iyirmi faizindən çoxunun Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasıdır. Qeyd etməliyəm ki, 20 ildən artıqdır, Ermənistan silahlı qüvvələri beynəlxalq alimlər üçün əhəmiyyət kəsb edən mindən artıq (bu mədəni və dini abidələrin bir çoxu Əcəmi Əbubəkr oğlu Naxçıvani memarlıq məktəbinin üslubunda tikilib) mədəniyyət abidələrini, dini abidələri yandırmış və tam məhv etmişdir.
Ermənistan silahlı qüvvələri, həqiqətən, alim və akademiklər üçün mühüm məlumatları özündə əks etdirən nadir kitabların olduğu çoxlu kitabxanaları məhv edib. Azərbaycan Respublikası ərazisinin 20 faizində Ermənistan silahlı qüvvələrinin törətdiyi dəhşətli işğal və dağıntılarla üzləşmişdir, lakin hər bir beynəlxalq qonaq Bakı şəhərinin mərkəzi parklarından birinin yaxınlığında erməni kilsəsini gördüyünə görə təəccüblənir.
Qafqazın mərkəzində iki tərəf arasında münaqişənin baş verməsini müşahidə etmək üzücü haldır. Bir tərəfdə mədəniyyətlər və dinlərarası dialoq, demokratik təsisatlar və insan hüquqlarını təbliğ edən Azərbaycan Respublikası, digər tərəfdə isə korrupsiya, daxili nizamsızlıq, yüksək cinayətkarlıq, BMT qətnamələri və beynəlxalq normaları pozaraq 20 faiz Azərbaycan torpaqlarını işğal edən Ermənistan dövləti dayanır. Bundan başqa, Yerevan 20 ildən artıqdır ki, Azərbaycan Respublikasının suveren ərazisi olan Naxçıvan Muxtar Respublikasına qarşı iqtisadi blokada tətbiq edib. Dünya ictimaiyyəti bilməlidir ki, Naxçıvan əhalisi ticarət və digər sahələr bir tərəfə, Ermənistan tərəfindən tətbiq edilmiş iqtisadi soyqırımdan əziyyət çəkir.
Xəbərlər şöbəsi