Şərur rayonu
Şərur şəhərindəki “Bahar” kinoteatrında Xocalı soyqırımına həsr olunmuş anım tədbirinin iştirakçıları əvvəlcə kinoteatrın foyesində təşkil edilmiş sərgidə Xocalıda baş verən qanlı faciələri əks etdirən fotoşəkillər, rəsm əsərləri, qəzet və jurnal materialları, kitablar, eyni zamanda məktəblilərin bu mövzuda çəkdikləri rəsm əsərləri ilə tanış olublar.
Aparıcılar Xocalıda həyata keçirilmiş soyqırımı, həmçinin ermənilər tərəfindən xalqımıza qarşı 200 ildən artıq bir müddətdə dəfələrlə törədilmiş qırğınlar barədə məlumat veriblər. Qeyd olunub ki, iyirmi beş il bundan əvvəl bəşəriyyət daha bir erməni vandallığının şahidi olub. İyirmi beş ildir ki, dünyanın hər tərəfində sülhsevər insanlar bu faciənin soyqırımı kimi tanınmasını tələb edir, erməni vəhşiliyinin növbəti və dəhşətli nəticələrinin soyqırımı aktı kimi qəbul edilməsini istəyir.
Bildirilib ki, azğınlaşmış erməni silahlı birləşmələrinin, eləcə də onlara açıq-aşkar havadarlıq edənlərin bu soyqırımı aktını törətməkdə məqsədi Azərbaycan xalqının mübarizə əzmini qırmaq və onu bütünlüklə məhv etmək idi. Lakin düşmənin niyyətləri baş tutmadı, dövlətimiz və dövlətçiliyimiz möhkəmləndi, iqtisadiyyatımız dirçəldi, qüdrətli və sarsılmaz milli ordu yaradıldı. Bu gün xalqımız tam əmindir ki, ölkə Prezidentinin apardığı qətiyyətli siyasət nəticəsində işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək, məkrli düşmən öz layiqli cəzasını alacaqdır.
Vurğulanıb ki, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu gün ardıcıl iş aparılır. Bunun nəticəsidir ki, artıq bir çox ölkələrdə ermənilərin soydaşlarımıza qarşı törətdikləri soyqırımı siyasəti qəti şəkildə pislənilib və bu, qəbul edilmiş rəsmi sənədlərdə öz əksini tapıb. Heydər Əliyev Fondu tərəfindən təsis edilən “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyası da bu istiqamətdə xeyli iş görüb.
2012-ci il fevral ayının 2-də Meksika Senatının qəbul etdiyi qərarda Xocalıda 1992-ci ildə baş vermiş faciə soyqırımı adlandırılıb, elə həmin il Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımını pisləyən qətnamə qəbul edib, Kolumbiya Parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. Xocalı soyqırımının 25 illiyi ərəfəsində isə Şotlandiya Parlamenti qanlı qırğına siyasi qiymət verilməsi haqqında qətnamə qəbul edib.
Sonra “Xocalıda son gecə” adlı sənədli film nümayiş etdirilib.
Tədbirdən sonra bir neçə Şərur şəhər sakini ilə söhbət etdik. Əli Abbasov bildirdi ki, bu xalqın Mübariz İbrahimov, Çingiz Qurbanov kimi oğulları çoxdur. Ali Baş Komandanın bircə tapşırığı kifayətdir ki, əsli-kökü olmayan ermənilər əzəli Azərbaycan torpaqlarından çıxarılsın. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirləri hər bir azərbaycanlı dəstəkləyir və inanır ki, hər ötən gün bizi Xocalıya qayıdacağımız günə yaxınlaşdırır. O gün isə uzaqda deyil.
Babək rayonu
Xocalı faciəsinin 25-ci ildönümü fevralın 25-də Babək rayonunda da dərin hüzn və ehtiramla anılıb. Rayon ictimaiyyətinin nümayəndələri Mədəniyyət Evinə gələrək Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin Xocalıya həsr olunmuş, ümumilikdə, 100-dən çox rəsm əsərinin nümayiş etdirildiyi sərgiyə baxıblar.
Sərgidə həmçinin faciənin miqyasını özündə əks etdirən çoxsaylı şəkillər, qəzet və kitablar nümayiş etdirilib. İctimaiyyət nümayəndələri ermənilərin və onların havadarlarının azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, deportasiya siyasətini özündə əks etdirən stendlərə, rayondakı tam orta məktəblərin istedadlı şagirdlərinin rəsm əsərlərinə baxıblar.
Tədbirin aparıcısı bildirib ki, erməni cəlladları tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı soyqırımı aktının ildönümü hər il Azərbaycanın hər yerində, eləcə də bir sıra dünya ölkələrində dərin kədər və hüznlə qeyd olunur, faciənin əsl günahkarları lənətlənir. Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmayacaq və doğma Qarabağımızı azad etməklə bütün şəhidlərimizin qisasını alacaqdır.
Bildirilib ki, ermənilər XIX-XX əsrlərdə Azərbaycana qarşı açıq ərazi iddiaları ilə çıxış edərək bu məkrli niyyətlərini gerçəkləşdirmək üçün terror, soyqırımı və deportasiya siyasəti yürüdüblər. 25 il əvvəl xalqımız 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına məruz qalıb. Həmin müdhiş gün yüzlərlə soydaşımız qəddarlıqla qətlə yetirilib, şikəst edilib, işgəncələrə məruz qalıb. Lakin xalqımız öz azadlığı uğrunda mübarizədən geri çəkilməyib, əksinə, əsrlərlə arzusunda olduğu müstəqillik yolunda mücadilədə daha əzmkar olub.
Tədbirdən sonra söhbətləşdiyimiz rayon sakini Möhsün Həsənov dedi ki, Xocalı bir əsrdə 3 dəfə qırğınlara məruz qalıb. 1905-ci ildə, 1918-ci ildə yandırılıb, 1992-ci ildə isə Xocalı daha dəhşətli faciəyə düçar olub. Çünki mühüm strateji əhəmiyyət daşıyan Xocalı ermənilərin yolu üstündə böyük bir maneə idi. Dağlıq Qarabağa gedən həm avtomobil, həm də dəmir yolunun üzərində yerləşən Xocalı strateji dəhliz rolunu oynayırdı. Bu ərazini zəbt etmədən Dağlıq Qarabağa nəzarət etmək qeyri-mümkün idi. Qarabağdakı yeganə hava limanı da məhz Xocalıda idi. Ermənilərin əsas istəklərindən biri məhz buradakı hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaqdı. Buna görə də Xocalının işğalı düşmən üçün vacib amilə çevrilmişdi.
Rayonun digər sakini Allahverdi Allahverdiyev bildirdi ki, 2016-cı ilin aprelində həyata keçirilən uğurlu hərbi əməliyyat nəticəsində işğal altındakı torpaqlarımızın bir hissəsi azad edildi. Bu, Azərbaycan Ordusunun gücünü, qüdrətini düşmənə bir daha göstərdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı sərəncam imzalaması, orada başlanan quruculuq işləri cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb. İnanırıq ki, tezliklə işğala məruz qalmış digər ərazilərimizdə də dinc əhalinin öz doğma yurduna qayıtması üçün yenidənqurma işlərinə başlanılacaq.
Ordubad rayonu
Ordubad rayonunda da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Rayon Mədəniyyət Evində keçirilən tədbirin iştirakçıları əvvəlcə faciənin ildönümü münasibətilə təşkil edilən sərgiyə baxıblar.
Tədbirdə ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri faciələr, bu soyqırımlarla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlər barədə danışılıb. Aparıcılar bildiriblər ki, hər il Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsinin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir.
Mərasimdə bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqları diqqətə çatdırılıb. Ölkəmizin haqq səsinin eşidiləcəyinə, Xocalı qətliamının təqsirkarlarının cəzalandırılacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə edilib.
Sonra mərasim iştirakçıları “Məhv olmuş şəhər” sənədli filminə baxıblar. Ermənilərin törətdikləri cinayətlərdən bəhs olunan və Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını əks etdirən sənədli film tamaşaçılar tərəfindən maraqla izlənilib. Əsas süjet xəttinin uzun illər ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətinin tarixi xronologiyasına həsr olunduğu filmdə erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı onlar tərəfindən törədilən vəhşiliklərdən bəhs edilir.
Tədbirdən sonra görüşüb həmsöhbət olduğumuz Ordubad şəhər sakini Əkbər Babazadə bildirdi ki, bu gün Azərbaycanda ölkə başçısı cənab İlham Əliyev tərəfindən ordumuzun daha da gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Buna görə də, inanırıq ki, erməni əsarətində olan Xocalı yaxın vaxtlarda düşmən tapdağından azad olunacaq, soydaşlarımız doğma ata-baba yurdlarına qayıdacaqlar.
Culfa rayonu
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Culfa rayonunda keçirilən anım tədbirində rayon İcra Hakimiyyətinin, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin, digər qurumların kollektivləri, ictimaiyyətin nümayəndələri Culfa şəhər 3 nömrəli tam orta məktəbdə faciənin dəhşətlərini əks etdirən fotoşəkillərdən, qəzet, jurnal materiallarından, tarixi faktların yer aldığı kitablardan ibarət sərgiyə baxıblar.
Sərgidə rayon məktəblilərinin Xocalı soyqırımı ilə bağlı çəkdikləri rəsmlər də diqqəti cəlb edib. Məktəblilər bu soyqırımı faktına münasibətlərini rəsmləri ilə bildiriblər.
Tədbirdə vurğulanıb ki, erməni millətçiləri Azərbaycan torpaqları üzərində “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün dəfələrlə azərbaycanlılara qarşı terror, kütləvi qırğın həyata keçiriblər. Əsassız torpaq iddiaları üzərində qurulan bu proseslərdə erməni faşistləri öz havadarlarına arxalanıblar. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı isə əsrlər boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür.
Qeyd olunub ki, bu gün “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər, beynəlxalq aləmə Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində atılan uğurlu addımlar sayəsində bir sıra dövlətlər Xocalı soyqırımını tanıyıb.
Anım tədbirində iştirak edən rayon ictimaiyyətinin nümayəndələrindən Məhəmməd Əliyev, Heydərəli Novruzov, Səyavuş Həsənov, Alıyar Quliyev və başqaları bizimlə söhbətdə bildirdilər ki, torpaqlarımızda məskunlaşan, zaman-zaman ölkəmizə qarşı torpaq iddiaları ilə çıxış edən, soyqırımları törədən erməni daşnaklarının tarix qarşısında, Azərbaycan xalqı qarşısında cavab verəcəkləri gün uzaqda deyil. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, Azərbaycan dövlətinin gündən-günə artan beynəlxalq nüfuzu, işğal altında olan torpaqlarımızı azad etməyə qadir olan hərbi gücü və iqtisadi qüdrəti bunu deməyə əsas verir.
Kəngərli rayonu
Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Kəngərli rayonunda anım mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımını özündə əks etdirən əl işlərindən, fotoşəkillərdən, rəsm əsərlərindən, qəzet, jurnal və kitablardan ibarət sərgiyə baxıblar.
Tədbirdə bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misligörünməmiş soyqırımı törədiblər. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quraraq xüsusi amansızlıqla qətlə yetiriblər. Xocalı soyqırımının şahidi olmuş müxtəlif xarici ölkə jurnalistləri onu bəşəriyyətin böyük faciəsi adlandırıblar. Bu faciə, eyni zamanda ermənilər tərəfindən müxtəlif dövrlərdə xalqımıza qarşı törədilmiş soyqırımı aktlarının davamı, insanlığa yönəlmiş ən böyük hərbi cinayətdir.
Bu gün müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. 25 il bundan əvvəl düşmənlə əliyalın üz-üzə qalan xalqımızın təhlükəsizliyini indi Cənubi Qafqazın ən güclü ordusu sayılan Azərbaycan Silahlı Qüvvələri qoruyur. Azərbaycan Ordusunun işğal altında qalan torpaqlarımızı azad etmək üçün bütün imkanları vardır. Yaxın gələcəkdə ərazi bütövlüyümüz təmin ediləcəkdir. Məhz o zaman Xocalı şəhidlərinin və torpaq uğrunda canını fəda edən bütün Vətən övladlarının ruhu şad olacaqdır.
Şahbuz rayonu
Dünən Şahbuz rayonunda da unudulmaz tarix kimi xalqımızın qan yaddaşına yazılmış Xocalı soyqırımı qurbanlarının anım mərasimi olub. Faciənin 25-ci ildönümü ilə əlaqədar Şahbuz şəhərində keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, idarə, müəssisə kollektivləri iştirak ediblər.
Şahbuz şəhərindəki “Araz” kinoteatrının foyesində təşkil olunmuş “Məhv edilmiş şəhər” adlı sərgiyə tamaşa edən mərasim iştirakçıları şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq bura tər qərənfillər düzüblər. Mərasimin aparıcıları bildiriblər ki, XX əsrdə mənfur ermənilər öz bədxah niyyətlərinə çatmaq üçün dəfələrlə Azərbaycan torpaqlarında böyük qırğınlar törədib, öz işğalçılıq planlarını həyata keçirməyə çalışıblar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azğınlaşmış erməni quldur dəstələrinin və onların havadarlarının Xocalıda törətdiyi soyqırımı isə tarixdə bənzəri olmayan bir vəhşilikdir. Azərbaycanın Xocalı şəhərini yerlə yeksan edən erməni terrorçuları bir gecədə yüzlərlə dinc sakini qətlə yetirib, evlərinə od vurub yandırıblar. Təpədən-dırnağa kimi silahlanmış erməni quldur dəstələrinin qarşısına əliyalın çıxaraq son damla qanlarına kimi mübarizə aparan qəhrəman Xocalı şəhidlərinin xatirəsini xalqımız həmişə uca tutur.
Bildirilib ki, vaxt gələcək ermənilər Azərbaycan xalqına qarşı törətdikləri bütün cinayətlərə və soyqırımlarına görə tarix qarşısında cavab verəcəklər. Bu gün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət bütün Azərbaycan xalqının iradəsini əks etdirir.
Sədərək rayonu
Sədərək rayonunda da Xocalı soyqırımı qurbanları anılıb. Mərasim iştirakçıları Sədərək Rayon İcra Hakimiyyəti binasının foyesində təşkil edilmiş sərgiyə baxıblar. Sərgidə qanlı faciədən bəhs edən əsər və məqalələr, faciənin dəhşətli məqamlarını əks etdirən fotoşəkillər və rayonun ümumtəhsil məktəbləri şagirdlərinin əl işləri və rəsm əsərləri nümayiş etdirilib.
Tədbirdə çıxış edən Sədərək kənd 1 nömrəli tam orta məktəbin müəllimi Polad Rzayev qeyd edib ki, Xocalı faciəsi bütün beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan dövlətinin Dağlıq Qarabağı özünə birləşdirmək üçün ən ağır cinayət və vəhşiliyə hazır olduğunu bir daha göstərdi. Dünya gördü ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Diqqətə çatdırılıb ki, Qarabağda baş verən hadisələr zamanı Sədərək rayonu da hücumlara məruz qalıb. Mənfur erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə, ümumilikdə, 14 dəfə hücum ediblər. Həmin ağır günlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Ərazi bütövlüyümüz uğrunda şəhid olan insanların xatirəsi Azərbaycanın alınmaz qalası olan Sədərəkdə daim uca tutulur.
Xəbərlər şöbəsi