Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzov açıb. Qeyd olunub ki, yüzlərlə dinc insanın qətlə yetirilməsinə dünya tarixində nadir hallarda rast gəlmək olur. İnsanlığa böyük ləkə gətirən Xocalı faciəsi uşaq, qadın, qoca qətli ilə yaddaşlarda yaşayır. Bu faciə erməni separatçılarının və terrorçularının Dağlıq Qarabağın azərbaycanlılardan təmizlənməsi istiqamətində məkrli addımlarının nəticəsində baş verib.
Bildirilib ki, son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, bununla bağlı internet saytları yaradılıb. Beynəlxalq aləmin Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməsi istiqamətində atılan uğurlu addımlar sayəsində bir sıra dövlətlər, o cümlədən ABŞ-ın 21 ştatında Xocalı soyqırımı tanınıb. Bu məsələdə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının xüsusi rolu var.
Sonra şuranın əməkdaşlarından Səbuhi Hüseynovun, Ceyhun Məmmədovun, Gözəl Qənbərovanın, Eyvaz Əsgərovun, Şahin Nağızadənin, Sənan Hüseynovun, Leyla Abbasovanın və Camal Əliyevin çıxışları olub. Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi səylərdən, apardığı məqsədyönlü siyasətdən söz açılıb, bu siyasətin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulanıb.
Xəbərlər şöbəsi