Salam, mənim can Xocalım, könlü, bağrı qan Xocalım! 25 il bundan öncə Vətənimin köksündəcə döyünən bir ürək idin. Qarabağın sinəsindən qopan nəfəs, yüz illərdən gələn bir səs, yaşamağa, yaratmağa həvəs idin. Yaşatmadı məlun düşmən, yaşatmadı qara tale, yandırıldın torpağında qaldı küllər, yandırıldın soldu getdi qar altından baş qaldıran al çiçəklər. Övladların düşmən eldə əsir oldu, yesir oldu, uşaqların qar üstündə “Ana” deyib şəhid oldu. Bəyaz oldu bircə gündə anaların gur saçları, qadınların bətnindəcə öldürüldü övladları. Şəhid oldu sənin üçün nər kişilər, bu dərdinə dözmədilər ər kişilər. Qar üstünə töküləndə al qanları, sızım-sızım sızlayanda yaraları haray çıxdı qanla dolu sinələrdən: – Can Xocalım! Yad əllərə əsir düşən mənim bağrı qan Xocalım!
İyirmi beş il keçir artıq bu dəhşətin üzərindən. Bir zamanlar körpə səsi gələn evlər, xanimanlar, gen küçələr, tikililər silinibdir Yer üzündən. Bir zamanlar bülbül ötən bağlarında indi bayquş yuva salıb, bu kölgələr şəhərində keçmişlərdən nə xatirə, nə iz qalıb. Məlun düşmən daşıyıbdı hər daşını, kərpicini, daşıyıbdı el malını, sərvətini, bax beləcə, can Xocalım, çox sahibsiz, yetim qalıb.
...Hələ də Xocalım qan içindədi, imdada çağırır can üstündədi, əlləri qan olmuş mənfur düşmənin əlində yesirdi, əsarətdədi. Bu qan ana qanı, bacı qanıdı, bu qan son gülləylə ömrə son verən, canına qıyan qardaş qanıdı. Bu qan cavan qanı, qoca qanıdı. Bu qanlar qar üstə donub can verən, hələ dil açmamış körpə qanıdı.
Cavabsız, cəzasız qalan cinayət yeni cinayətlər gətirər, əlbət. Çox keçməz ki, ordumun sonsuz gücü, qüdrəti gətirər o yurdlara tarixi ədaləti. Müqəddəs bayrağımız ucalar Xocalıda, Qarabağ şikəstəsi səs salar Xocalıda. Yenə azad yaşayar mənim əziz Xocalım, mənim doğma Vətənim, mənim canım Xocalım!
Səbuhi Hüseynov