Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Qarnizonunun şəxsi heyətinin iştirakı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov açıb.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Xocalı şəhərində törədilmiş erməni vəhşiliyi XX əsrin ən böyük faciəsidir” mövzusunda çıxış edərək bildirib ki, Xocalı soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub. Erməni quldurları Xocalı şəhərini yerlə yeksan edib, köməksiz, dinc əhalini amansızlıqla qətlə yetiriblər. Xocalı faciəsinə hüquqi-siyasi qiyməti ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev verib.
Sonra Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının ifasında Xocalı faciəsinə həsr olunmuş şeir-kompozisiya təqdim olunub.
Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsinin əsgəri Fəxri Əlizadə çıxışında deyib ki, 25 il bundan əvvəl erməni faşistlərinin qocalara, qadın və uşaqlara rəhm etmədən Xocalıda törətdiyi bu faciə insanlığa vurulmuş ləkədir. Bu hadisəni törətməklə onlar düşünürdülər ki, bununla xalqımızın gözünü qorxudacaq, daha böyük cinayətlərə əl atacaqlar. Ancaq unudurlar ki, xalqımız hər zaman özünün vətənpərvər, igid oğulları ilə fəxr edib. Bu gün ordumuz işğal altında olan bütün torpaqlarımızı, o cümlədən Xocalını azad etməyə hazırdır. Qoy düşmənlərimiz yaddan çıxarmasınlar ki, onlara budəfəki zərbəmiz çox güclü və məhvedici olacaq.
“Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev “Xocalıda törədilən hadisələr qan yaddaşımızdır” mövzusunda çıxış edərək bildirib ki, Xocalı soyqırımı xalqımıza qarşı bir neçə əsr əvvəl başlanan və həyata keçirilən erməni təcavüzünün davamı və tərkib hissəsidir. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə erməni şovinistlərinin məkrli işğal və ilhaq siyasəti nəticəsində həyata keçirilən sistemli deportasiya və soyqırımı siyasəti 1988-1989-cu illərdə özünün ən yüksək nöqtəsinə çatıb, nəticədə, bu gün Ermənistan adlanan əzəli Azərbaycan torpaqlarında bir nəfər də soydaşımız qalmayıb.
Qeyd olunub ki, Xocalı həm də bu ərazilərin tarixən azərbaycanlılara məxsus olduğunu sübut edən bir yaşayış məskəni idi. Qarabağın tarixini və mədəni irsimizi özündə yaşadan mühüm abidələrin bir qrupu Xocalı şəhəri ətrafında yerləşir. Bu abidələr Tunc dövrünün bütün mərhələlərini izləməyə imkan verir. Onların arasında Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrü mədəniyyətinə aid Xocalı kurqanlarının özünəməxsus yeri vardır.
Elbrus İsayev deyib ki, Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində son illər xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Xocalıya ədalət” kampaniyası beynəlxalq aləmin bu faciə haqqında düzgün məlumatlandırılması məqsədi daşıyır.
Tədbir iştirakçıları Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Xocalı harayı” kompozisiyasını izlədikdən sonra Xocalı faciəsinə həsr olunmuş “Azərbaycan – yurdum mənim” filminə baxıblar.
Xəbərlər şöbəsi