25 Dekabr 2024, Çərşənbə

Ordu hər bir ölkənin müstəqilliyinin təminatçısıdır. Bu təminat əldə olunmadan heç bir ölkədə sabitlikdən, deməli, həm də inkişafdan danışmaq mümkün deyil. Müasir dövrdə təhlükəsizliyimizin və hərtərəfli inkişafımızın qarantı Azərbaycan Respublikasının Silahlı Qüvvələridir. Bu gün ordumuz müharibə vəziyyətində olan ölkəmizin təhlükəsizliyində mühüm rol oynayır. Torpaqlarımızı işğalda saxlayan düşmənlərimizə qarşı hər an aktiv döyüş əməliyyatlarının başlanma ehtimalının çox olduğu bir dövrdə ordumuzun əhəmiyyəti daha da artır.

Onu da qeyd edək ki, dünyanın əksər ordularından fərqli olaraq Azərbaycan Ordusunun yaradılması sülh və təhlükəsizlik şəraitində deyil, əksinə, ölkəmizin ərazi bütövlüyünün pozulduğu, suverenliyinin təhlükə qarşısında qaldığı və yenicə bərpa olunmuş müstəqilliyinin kövrək bir dövrünə təsadüf edib. Belə bir çətin dövrdə isə torpaqlarımızın iyirmi faizdən çoxu işğal olunub, ölkəmizin müxtəlif bölgələrində əliyalın əhali qəddar düşmənlə üz-üzə qalaraq mübarizə aparıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəmizi daha böyük işğal dalğalarından, əhalini qırğınlardan və ən nəhayət, dövlət müstəqilliyimizi itirilmək təhlükəsindən qoruyub. Ulu öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə iqtisadiyyatı gücləndirib, Milli Ordu qurub. Görkəmli dövlət xadimi ­Heydər Əliyev, əslində, bu prosesə hələ Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə başlayıb. Belə ki, 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması və Naxçıvan ərazisindəki sovet hərbi hissələrinin arsenalının bütünlüklə Müdafiə Komitəsinə təhvil verilməsi Azərbaycanda ilk milli ordu qurucu­luğu sahəsində atılmış addımlar idi. Sonrakı dövrlərdə isə ordu quruculuğu prosesi ölkəmizdə prioritet istiqamətlərdən biri kimi seçilərək müasir dövrümüzədək qısa tarixdə böyük yol keçib.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğuna bu gün dövlətimiz tərəfindən göstərilən hərtərəfli qayğı bu prosesin yeni mərhələyə qədəm qoymasına şərait yaratmaqla yanaşı, ölkəmizin regionda nüfuzunun artmasına da öz təsirini göstərib. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, ordu quruculuğu prosesində ölkə ərazisinin geostrateji mövqeyi mühüm rol oynayır. Çünki mühüm coğrafi ərazilər təkcə iqtisadi-siyasi deyil, həm də hərbi-strateji əhəmiyyətinə görə seçilir. Buna görə də sülh və müharibə şəraitində ölkənin hava, dəniz və quru sərhədlərinin etibarlı qorunması aidiyyəti ərazilərdə müvafiq qoşun birləşmələrinin dislokasiyasından və döyüş hazırlığından birbaşa asılıdır. Məhz bu baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər bir çox əhəmiyyətli tərəfləri ilə diqqəti cəlb edir.
Məlumdur ki, Naxçıvan Muxtar Respublikası coğrafi cəhətdən ölkənin əsas torpaqlarından ayrı düşüb. Bu tarixi ədalətsizliyin acı nəticələri ilə Naxçıvan keçən əsrin sonlarında çox qarşılaşıb. Ancaq ulu öndər Heydər Əliyevin ötən əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi nəticəsində bu qədim diyar qorunub saxlanılıb. Həmin dövrdən başlayaraq muxtar respublikada ordu quruculuğu bir çox mərhələlərdən keçib və hər ötən il hərbi hissələr daha da təkmilləşdirilib. 2013-cü ilin dekabrında muxtar respublikada 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması isə Naxçıvanın hərbi gücünün artırılmasında yeni bir mərhələ təşkil edib. Qısa müddət ərzində Əlahiddə Ümumqoşun Ordusu müxtəlif təyinatlı müasir döyüş texnikaları ilə təmin olunub, ştat cədvəli üzrə mülki və hərbi kadrların sayı dəfələrlə artırılıb. Muxtar respublikadakı hərbi birləşmələrin döyüş gücünün artırılması məqsədilə ən müasir döyüş silahları regionda yerləşdirilib. Bu silahlara piyada döyüş vasitələrindən tutmuş müasir artilleriya qurğuları və hava hücumundan müdafiə sistemlərinədək müxtəlif növlərdə texniki vasitələr daxildir.
Güclü maddi-texniki baza muxtar respublikamızın quru sərhədləri ilə bərabər, hava məkanının da mükəmməl mühafizəsinin təmin edilməsinə şərait yaradıb. Mövcud hərbi hazırlıqlar Əlahiddə Ümumqoşun Ordusunun regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliy­yatlarının koordinasiyasını həyata keçirməyə imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil ordu quruculuğu strategiyası bu gün ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Nəticədə, ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ardıcıl xarakter almışdır. Hər il yeni əsgəri yaşayış kompleksləri istifadəyə verilir, Silahlı Qüvvələrimiz ən müasir silah-sursatla təmin olunur, Azərbaycan Ordusunun döyüş qabiliyyəti artırılır. Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər dövlət müstəqilliyimizin qorunması ilə yanaşı, həm də işğal altındakı torpaqlarımızın azad edilməsinə xidmət edir. Artıq muxtar respublikada yerləşən ordu, hərbi hissə və birləşmələr sərhədlərimizi etibarlı qorumaqla yanaşı, həm də işğal altındakı torpaqlarımızı azad etməyə qadirdilər”.
Ordunun gücü yalnız çoxsaylı silahlarla, hərbi texniki vasitələrlə ölçülmür. Hərbi hissələrə hər səfərimizdə şahidi oluruq ki, şəxsi heyətin mənəvi-psixoloji səviyyəsi də çox yüksəkdir, ordumuzda xidmət edən hər bir əsgər və zabit yüksək vətənpərvərlik ruhuna malikdir. Ordu həyatında kimliyindən asılı olmayaraq, öz peşəsinin əzəmətliliyinə görə qürur hissi keçirməyən hərbçi yoxdur. Bütün bunlar isə ianələr hesabına büdcəsini təmin etməyə çalışan Ermənistanı narahat etməklə yanaşı, həm də qorxuya salır. Düşmənlərimiz yaxşı bilirlər ki, hərbi əməliyyatlar başlayarsa, ilk olaraq ən ağır zərbəni Naxçıvandan ala bilərlər.
Bu gün Naxçıvanda ordu qurucu­luğuna xüsusi diqqət göstərilir, bu istiqamətdə görülən işlər birbaşa muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə həyata keçirilir. Bunun nəticəsidir ki, öz inkişafı və tərəqqisi ilə bu gün düşmənə gözdağına çevrilən Naxçıvanda son 20 ildə etibarlı müdafiə təminatı ilə bağlı sistemli tədbirlər həyata keçirilib. Elə ötən ay Naxçıvana səfər edən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışını edib. Yaradılmış şəraitlə bağlı məlumatlandırılan Ali Baş Komandan sonra silahlanmaya qəbul edilən hərbi texnikalarla tanış olub. Prezident İlham Əliyev bu sahədə görülən işləri belə qiymətləndirib: “...Bu gün, eyni zamanda, hərbi hissədə olarkən bir daha gördüm ki, Naxçıvanın hərbi potensialı da lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq. Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb. Yəni Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir”.
Bu gün Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Üzərindən əsrin dörddəbiri qədər zaman keçsə də, xalqımız törədilən cinayətləri, qanlı hadisələri unutmayıb. Ötən dövrdə Azərbaycan Ordusu böyük bir inkişaf yolu keçərək Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Ordumuzun ön xətdə yerləşən hərbi birləşmələri 2016-cı ilin aprel ayında baş vermiş düşmən təxribatına layiqli cavab verərək nəyə qadir olduğunu bütün dünyaya göstərib. O vaxta qədər dövlətimizin sülhsevər siyasətinə uyğun olaraq müdafiə taktikasını seçən ordumuz özünün çox az bir gücündən istifadə edərək erməni ordusu haqqında yaradılmış saxta vətənpərvərlik mifini darmadağın edib və ərazilərimizin bir hissəsini düşmən tapdağından təmizləyib. Nəticədə, Silahlı Qüvvələrimiz işğal altında olan ərazilərimizin mühüm bir hissəsinə nəzarət etmək imkanı əldə edib. Tam bir ay bundan əvvəl – yanvarın 24-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin aparılması haqqında sərəncam imzalayıb. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Ötən müddətdə Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpuslarının əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri Cocuq Mərcanlı kəndində olublar. Onlar erməni vəhşiliyi nəticəsində dağıdılmış yaşayış məskənini öz gözləri ilə görüblər və ölkə başçısının müvafiq sərəncamının icrasına uyğun olaraq, yeni infrastrukturun yaradılmasına şahidlik ediblər. Hər kəs Cocuq Mərcanlını işğal edilmiş torpaqlarımıza qayıdışın ilk nümunəsi kimi qəbul edib və Azərbaycanın sülhpərvər, qurucu siyasətindəki qətiyyətini təqdir edib.
Bu hadisələri bir daha yada salanda ordumuzun bugünkü qüdrəti ilə fəxr etməmək, qürur hissi keçirmə­mək olmur. Ona görə qürur hissi keçiririk ki, bu gün ön cəbhədə bu xalqın təpədən-dırnağadək silahlanmış vətənpərvər oğulları, peşəkar hərbçiləri, arxada isə öz yurduna bağlı zəhmətkeş insanları dayanır. Təəssüf ediləcək məqamlar da var. Onlardan biri odur ki, əgər ötən əsrin 90-cı illərinin əvvəllərində bugünkü qüdrətə malik nizami ordumuz, milli liderimiz olsaydı, nə Xocalı soyqırımı törədilə, nə də torpaqlarımızın 20 faizi işğal oluna bilərdi. Hələ ordumuz Xocalı, Qaradağlı, Daşaltı kimi əməliy­yatlarda və digər ərazilərimizdə öldürülmüş yaşlı və cavanların, qadın və uşaqların qisasını almayıb. Qoy düşmənlərimiz unutmasınlar ki, bu gün üzərində müvəqqəti gəzdikləri torpaqlarda Azərbaycan əsgərinə ölməmək üçün yalvaracaqları gün uzaqda deyil.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR