25 Dekabr 2024, Çərşənbə

Xocalı soyqırımının törədilməsindən 25 il ötür. 26 fevral xalqımızın qan yaddaşı, mübarizlik, qəhrəmanlıq, rəşadət tarixidir. Bizə dədə-baba əmanəti olan doğma torpaqlarımız uğrunda şəhidliyə ucalmaq məqamıdır. O gün Xocalı sakinləri sübut etdilər ki, uğrunda qan tökülən torpaq vətəndir.

Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 yanvar tarixli Sərəncamında deyilir: “Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmamışdır. 2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın bir qisminin işğalçılardan azad edilməsi ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirmişdir”.

Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2017-ci il yanvarın 31-də Sərəncam imzalamışdır.
...Qədim və zəngin tarixə malik olan ölkəmiz tarixin dolaylarında çox çətin məqamlarla üzləşmiş, faciələr yaşamış, şəhidlər vermiş, ancaq xalqımız heç vaxt öz mətanətini itirməmiş, qarşılaşdığı hər bir çətinliyin önündə məğrur dayanmışdır. XIX və XX əsrlərdə belə faciələr daha çox olmuşdur. Bu qanlı hadisələrin əksəriyyəti insan mənəviyyatından uzaq iyrənc bir ideologiyanın əsirinə çevrilmiş, xalqımızın düşməni olan ermənilər tərəfindən törədilmişdir. XIX əsrdə məqsədli şəkildə Qafqaza yerləşdirilmiş ermənilərin tarixi torpaqlarımızın zəbt olunmasına hesablanmış siyasətindən regionda maraqları olan işğalçı qüvvələr zaman-zaman istifadə etmişlər. Azərbaycan xalqı həmişə öz istiqlalına can atanda, müstəqilliyi uğrunda mübarizə aparanda bu qüvvələr ermənilərdən bir vasitə kimi istifadə etmiş, Azərbaycanda soyqırımı törətmiş, xalqımıza qarşı deportasiya siyasətini həyata keçirmişlər. Ötən əsrin əvvəllərində Azərbaycan öz istiqlalı uğrunda mübarizəyə qalxanda kütləvi qırğınlar törədilmiş, Bakıda və ölkəmizin digər şəhərlərində xalqımız soyqırımına məruz qalmışdır. Tarix XX əsrin sonunda da təkrar olunmuş, xalqımız özünün istiqlal mübarizəsində 20 Yanvar faciəsini yaşamış, bundan iki il sonra törədilən Xocalı soyqırımı qan yaddaşımıza əbədi həkk olunmuşdur.
Xocalı soyqırımı öz miqyasına görə XX əsrin Xatın və Sonqmi faciələri ilə bir sırada dayanır. Bu təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biridir.
Xocalı faciəsinə aparan yol hələ XX əsrin əvvəllərindən başlamışdı. Bu yaşayış məntəqəsinin azərbaycanlı əhalisi bir əsrdə 3 dəfə qırğınlara məruz qalmışdır. Xocalı birinci dəfə 1905-ci ildə, sonra isə 1918-ci ildə yandırılmışdır. Nəhayət, 1992-ci ildə Xocalıda üçüncü dəfə daha qanlı, daha dəhşətli faciə törədilmişdir.
Ciddi strateji əhəmiyyət daşıyan Xocalı faktiki olaraq ermənilərin yolu üstündə böyük bir maneə idi. Xocalı öz coğrafi mövqeyi ilə Dağlıq Qarabağda həm magistral yolun, həm də dəmir yolunun üstündə yerləşir. Dəmir yolu Xocalının içindən keçirdi, hava limanı da burada idi. Ona görə də ermənilər hər vəchlə Xocalının əhalisini didərgin salmağa, məhv etməyə və bu ərazini ələ keçirməyə çalışırdılar. Onlar Xocalı şəhərini hədəfə almaqla Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, Qarabağı yalın əllə olsa belə, müdafiə edən, öz ata-baba yurdlarını qoruyan azərbaycanlıların iradəsini sındırmaq istəyirdilər.
Tarixən azərbaycanlılara məxsus olan Xocalı həm də tarix məbədgahı idi. Xocalı o yaşayış məskəni idi ki, Azərbaycan tarixinin qədim dövrlərdən müasir dövrə qədərki mərhələsini özündə əks etdirirdi. Tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşən zəngin mədəniyyət məhz burada təşəkkül tapmışdı. Bu ərazi siklopları, kurqanları və digər abidələri ilə Azərbaycanın qədim tarixini yaşadırdı. Deməli, məqsəd həm də azərbaycanlılara məxsus bu mədəniyyəti Yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal edilən kimi onun ətrafında olan qədim Xocalı qəbiristanlığı darmadağın edilmişdir.
... 1991-ci ilin oktyabr ayından blokada vəziyyətinə alınmışdı Xocalı. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsildiyindən yeganə nəqliyyat vasitəsi olaraq vertolyotdan istifadə edilirdi. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun ermənilər tərəfindən vurulması və nəticədə, 40 nəfərin həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi. Şəhər ancaq əhalinin və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi üçün yerli özünümüdafiə dəstəsi təşkil edilmişdi.
Xocalı erməni silahlıları tərəfindən fevralın ortalarından başlayaraq mühasirəyə alınmışdı və hər gün ağır texnikadan atəşə tutulurdu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayı 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirmişlər.
Bu gün dünya ictimaiyyətinə məlumdur ki, Xocalı faciəsindən 3-4 gün sonra, 1-3 mart 1992-ci ildə 200-ə yaxın azərbaycanlı əsir ermənilər tərəfindən dəhşətli şəkildə qətlə yetirilmişdir. Xocalı qətliamının icraçılarından biri olan David Xeyreyan “Xaç naminə” kitabında etiraf etmişdir ki, “fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid körpü düzəltdilər. Mən ölülərin üzərindən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: “Qorxma, ürəklə keç! Bu hal müharibənin qanunlarından biridir”. Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üzərindən adlayıb bataqlığı keçdim... Ayaqlarım və fotokameram qana batmışdı”.
“Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür”. Bu məlumat Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinə məxsusdur.
Xocalıda istifadəsi qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilməsi də həmin mərkəzin məlumatında öz əksini tapmışdır. Bütün bu faktlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir.
Soyqırımının şahidi olmuş rus zabiti, polkovnik V.R.Saveleyev hadisə ilə əlaqədar hazırladığı arayışda yazırdı: “İnsanların güllədən keçirilmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Yazdığımız məxfi arayışı Kremlə və Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinə göndərdim və “oxuyun, görün biz rus zabitlərinin şərəfi necə ləkələndi”, – dedim”.
Həmin dövrdə Azərbaycana rəhbərlik edənlər Xocalı soyqırımına biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Lakin həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənləri və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir.
Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən, bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 1700-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülmüş, xarici dillərdə kitablar nəşr olunmuş, Xocalı soyqırımı müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilmiş, bununla bağlı internet saytları yaradılmışdır. Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addımlardan biridir. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, tele­viziya və radiolarda verilişlər hazırlanır. Bu gün dünya Xocalı soyqırımından xəbərdardır, onun tanınması istiqamətində görülən işlər də öz bəhrəsini verməkdədir. Xocalı soyqırımının 25 illiyi ərəfəsində Şotlandiya Parlamenti həmin qanlı qırğına siyasi qiymət verilməsi haqqında qətnamə qəbul etmişdir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına etiraz edənlərin sayı dünyanın hər yerində ildən-ilə artmaqdadır. 2012-ci il fevral ayının 2-də Meksika Senatının qəbul etdiyi qərarda Xocalıda 1992-ci ildə baş vermiş faciə soyqırımı adlandırılmış, elə həmin il Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımını pisləyən qətnamə qəbul etmişdir. 2012-ci ilin aprel ayında isə Kolumbiya parlamenti 102 deputatın lehinə səs verməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır.
Amerika Birləşmiş Ştatlarının bir çox ştatları da artıq bu faciəni soyqırımı və qətliam kimi tanımışdır. Massaçusets ştatının nümayəndələr palatası, Texas, Nyu-Cersi, Corciya, Arkanzas və Nyu-Meksiko və başqa ştatları Xocalı şəhərində törədilənləri soyqırımı və qətliam kimi tanımışdır. Bu günlərdə ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini İndianada “Xocalını Anma Günü” elan etmişdir.
Onu da xatırladaq ki, 2013-cü ilin fevral ayının əvvəlində Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlılar ermənilərin törətdiyi Xocalı soyqırımının tanınması məqsədilə Ağ Evin rəsmi internet səhifəsində petisiya yerləşdirmişlər. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktına qarşı yönəlmiş petisiya da Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Bu, bir daha təsdiq edir ki, milliyyətindən və harada yaşamasından asılı olmayaraq, insanlar haqqın, ədalətin yanındadır. Dünya xalqları Xocalıda törədilən soyqırımına və Azərbaycanın tarixi torpaqlarının işğalı faktına biganə qalmırlar.
Bu sahədə Xocalı sakinləri də aktiv fəaliyyət göstərirlər. Hələ bir neçə il bundan əvvəl, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Xocalı sakinlərinin dünya xalqlarına, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 2012-ci il 6 fevral tarixli müraciətində deyilir: “Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə, bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin təşkilatçısı özünü bütün dünyaya “əzabkeş və məzlum millət” obrazında təqdim edən davakar erməni millətçiliyidir”.

Ancaq həmin “əzabkeş və məzlum millət” ötən ilin aprel hadisələrini, yəqin ki, unutmayıb. Bu xalqın Mübariz İbrahimov, Çingiz Qurbanov kimi oğulları gündən-günə artır. Ali Baş Komandanın bircə tapşırığı kifayətdir ki, əsli-kökü olmayan ermənilər əzəli Azərbaycan torpaqlarından çıxarılsın. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər ötən hər gün bu problemin həllində öz sözünü deyir, bizə o torpağa qayıdacağımız günü yaxınlaşdırır. Xalqımıza məxsus olan yüksək vətənpərvərlik ruhu, yurda bağlılıq, torpaqlarımızın hər qarışına və ölkəmizin sabahına, ərazi bütövlüyümüzə cavabdehlik hissi, hər bir azərbaycanlının damarlarında axan qan o günün uzaqda olmadığına inamımızı daha da artırır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR