Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25-ci ildönümü ilə bağlı muxtar respublika gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Gömrük andını sınaq müddəti bitmiş və ilk xüsusi rütbələr verilmiş 17 gömrükçü qəbul edib.
Əməkdaşlar təntənəli surətdə and içiblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Səhət Həbibbəyli gömrük andını qəbul etmiş əməkdaşları təbrik edərək onlara uğurlar arzulayıb. Bildirilib ki, əsl gömrükçü olmaq üçün bu peşənin sirlərinə dərindən yiyələnməli, işdə məsuliyyətli olmalı, qanunvericiliyin tələblərinə sözsüz riayət etməli, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində mütəşəkkillik göstərilməlidir. “Hər şey nizam-intizamdan başlayır”, – deyən sədr müavini gənc gömrükçüləri təşəbbüskar və yenilikçi olmağa çağırıb.
Vurğulanıb ki, hər bir gömrükçü iş prosesinin sadələşdirilməklə daha da təkmilləşdirilməsi, dünya təcrübəsinin öyrənilməsi və müsbət ənənələrin tətbiqi üçün təkliflərlə çıxış etməli, muxtar respublikada gömrük işini daha da irəli aparmaq üçün vicdanla çalışmalıdır. Gömrükçü öz sahəsini mükəmməl öyrənməklə yanaşı, elmi biliklərini daim artırmalı, ulu öndər Heydər Əliyevin ideyaları, Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməlidir.
Andiçmə mərasimindən sonra gənc gömrükçülər Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Muzeyini ziyarət ediblər. Muzeydə ziyarətçilərə Azərbaycanın, o cümlədən Naxçıvanın qədim dövlətçilik tarixi, qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında ətraflı məlumat verilib.
Xəbərlər şöbəsi