Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Qan yaddaşımız: Xocalı” adlı rəsm sərgisi açılıb.
Sərgidə əksəriyyəti gənclərdən ibarət olan 25 rəssamın 44 əsəri nümayiş etdirilir.
Sərginin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir. Ona görə də Azərbaycan xalqı və bütün mütərəqqi bəşəriyyət bu amansız qətliamı heç zaman unutmayacaq.
Ülviyyə Həmzəyeva bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparıldığını və bu işdə hər birimizin fəal iştirakının vətəndaşlıq borcu olduğunu qeyd edib. Vurğulayıb ki, Xocalıya həsr edilən sərgidə gənclərimizin fəallıq nümayiş etdirməsi vətənpərvər ruhlu gənc nəslin yetişdiyini göstərir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev qeyd edib ki, düşmən 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində və həmin il fevralın 25-dən 26-na keçən gecə isə Xocalıda dəhşətli vəhşiliklər törədib. Məqsəd həm də xalqımızın mübarizə ruhuna zərbə vurmaq olub. Ötən il aprel ayının əvvəlində cəbhədə baş vermiş döyüşlərdə ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi bir daha sübut edib ki, Azərbaycan Ordusu öz torpaqlarını düşmən tapdağından hər an azad etmək iqtidarındadır.
Həmin döyüşlərdən sonra işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamı xatırladan Məmməd Babayev bildirib ki, bu, mühüm tarixi sənəddir və soydaşlarımızın torpaqlarımıza böyük qayıdışının başlanğıcı kimi əlamətdar bir hadisədir.
Tədbirdə gənc xanəndə Yusif Babayevin ifasında “Qarabağ şikəstəsi” səsləndirildikdən sonra “Qan yaddaşımız: Xocalı” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Sonra sərgiyə baxış olub.
Sərgilənən rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Xəbərlər şöbəsi