25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 25 il əvvəl xalqımıza qarşı xüsusi amansızlıqla törədilən bu qətliamı XX əsrin ən dəhşətli faciələrindən biri kimi dəyərləndirib, həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
Tarix-filologiya fakültəsinin dekanı, dosent Rəsul Bağırov “Bəşəriyyəti heyrətə salan erməni vəhşiliyi” adlı məruzəsində bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından qovularaq qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilən kütləvi qırğınlarla müşayiət olunub. Həmin proseslər sovet dövründə də davam edib.
Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

“Xocalı – qan yaddaşı” adlı məruzə ilə çıxış edən Kitabxanaçılıq kafedrasının dosenti Sədaqət Nemətova Xocalı faciəsinin xalqımızın milli azadlıq ruhuna qarşı misligörünməmiş bir təcavüz olması ilə yanaşı, həm də tariximizin qəhrəmanlıq səhifələrindən birini təşkil etdiyini deyib.
Sonra tələbələr Xocalıya ithaf olunmuş şeirlər səsləndiriblər.

* * *

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə mərkəzin direktoru Namiq Novruzov bildirib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir. Bu hadisə mənfur erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi kimi tariximizə yazılıb. Ermənilərin Xocalını hədəfə almaqda məqsədi ata-baba torpaqlarımızda bizə məxsus olan tarix və mədəniyyət abidələrimizi məhv etmək, Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idi.
Qeyd olunub ki, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk siyasi qiymət verilib. Bu cinayətin beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə əlaqədar ilk təşəbbüs də ulu öndərin adı ilə bağlıdır. Onun səyi nəticəsində Azərbaycan Respublikasının Milli Məclisində 26 fevralın Xocalı Soyqırımı Günü kimi qeyd olunması qərara alınıb.
Namiq Novruzov ulu öndər Heydər Əliyevin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi səylərdən, apardığı məqsədyönlü siyasətdən söz açıb, bu siyasətin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Sonda mərkəzin ayrı-ayrı dərnək üzvlərinin ifasında Xocalıya həsr edilmiş şeirlər səsləndirilib, slayd nümayiş etdirilib, səhnəciklər göstərilib.
Tədbir iştirakçıları sonda Xocalı faciəsini əks etdirən sərgiyə baxıblar.

 

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR