25 Dekabr 2024, Çərşənbə

Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu apardığı düşmənçilik siyasətinin növbəti təzahürü idi.

AMEA Naxçıvan Bölməsində XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən “Xocalı soyqırımı: vəhşilik aktı” mövzusunda keçirilən elmi konfransda bu barədə danışılıb.
Əvvəlcə Xocalı faciəsi zamanı qətlə yetirilən insanların və Xocalı şəhərinin müdafiəsində iştirak edərək qəhrəmanlıqla şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq iki əsrdir, tarixi tоrpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün qaniçən erməni cəlladlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi sоyqırımı siyasətindən danışıb. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları tərəfindən törədilən həmin sоyqırımı aktı dünya tarixində analоqu оlmayan vəhşilikdir. Erməni quldurlarının Xocalıya hücumu zamanı yüzlərlə azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Dinc sakinlər itkin düşüb, əsir götürülüb, yüzlərlə insan yaralanıb, ailələr büsbütün məhv edilib. Həmin gün dünya baş verən dəhşətli hadisələrə münasibətini bildirməyib. Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra bəşər tarixində misligörünməmiş bu faciənin beynəlxalq müstəvidə tanıdılması istiqamətində ciddi addımlar atıb. Ulu öndərin təşəbbüsü və səyi nəticəsində Milli Məclisdə qəbul edilən müvafiq qərardan sonra 26 fevral Xocalı Soyqırımı Günü kimi qeyd olunmağa başlayıb.

Tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov “Xocalı faciəsinə gedən yol”, həmin institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Emin Şıxəliyev “Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən soyqırımıdır”, Zeynəb Quliyeva “Xocalı soyqırımının azərbaycanlıların milli şüuruna təsiri”, Asəf Orucov “Xocalı faciəsində erməni terror təşkilatlarının iştirakı” mövzularında elmi məruzələrlə çıxış ediblər.
Xocalı faciəsinin səbəbləri və dünyaya Xocalı həqiqətlərinin çatdırılması istiqamətində görülən işlərdən danışan məruzəçilər bununla əlaqədar Heydər Əliyev Fondunun xüsusi layihələr həyata keçirdiyini vurğulayıblar. “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması və ermənilərin burada törətdikləri soyqırımının beynəlxalq səviyyədə tanınması, eləcə də digər həyata keçirilən sistemli və ardıcıl tədbirlərdən bəhs edən natiqlər Azərbaycan xalqının heç vaxt torpaqlarımızın düşmən tapdağı altında qalması ilə barışmayacağını bildiriblər.
Qeyd olunub ki, Azərbaycan ­Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam mühüm tarixi sənəddir və soydaşlarımızın torpaqlarımıza böyük qayıdışının başlanğıcı kimi əlamətdar bir hadisədir.
Konfransda Xocalı soyqırımına aid real faktları əks etdirən fotoşəkillər və sənədlərdən ibarət slayd nümayiş olunub.

* * *

“Naxçıvan” Universitetində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Bəşəriyyətin ağır faciəsi – Xocalı soyqırımı” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Tədbir iştirakçıları əvvəlcə universitetin əsas korpusunun foyesində təşkil edilən “Xocalı fəryadı” adlı sərgiyə baxıblar.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. O dəhşətli gecədə Xocalı şəhəri yerlə yeksan olub, dinc əhaliyə vəhşicəsinə divan tutulub.
Konfransda universitetin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zaman­ovun “Xocalı faciəsi insanlığa qarşı cinayətdir”, həmin kafedranın müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun “Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması” və kafedranın müəllimi Vaqif Hüseynovun “Xocalı soyqırımı: ikili standartlar və 100 ilin erməni yalanları” mövzularında çıxışları olub.
Diqqətə çatdırılıb ki, o gecə düşmən hücumuna məruz qalan Xocalının bütün əhalisi qəhrəmanlıq nümunəsi göstərib. Onların bəziləri sonadək vuruşub, bəziləri isə şəhid olaraq qəhrəmanlıq zirvəsinə ucalıblar. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib, sənəddə hadisənin başvermə səbəbləri təfsilatı ilə açıqlanıb. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulub.
Sonra “Naxçıvan” Universitetinin tələbələri Xocalıya həsr olunmuş şeirləri bədii qiraət ediblər.
Sonda tədbir iştirakçıları “Xoca” filminə baxıblar.

 

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR