Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları üçün 3 günlük təlimlər keçirilib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən təlimlərdə məqsəd qar uçqunlarında axtarış-xilasetmə tədbirləri barədə şəxsi heyətin peşəkarlığını artırmaqdır.
Nəzəri və praktik məşğələlərdən ibarət təlimlərə nazirliyin 12 xilasedicisi cəlb olunub. Məşğələlərdə şəxsi heyətə qar uçqunu altında qalanların axtarışı və xilas edilməsi zamanı xüsusi vasitələrin tətbiqi, ekstremal şəraitdə davranış, səmti müəyyənetmə qaydaları haqqında ətraflı məlumatlar verilib. Məşğələlərdə həmçinin qar uçqunları altında qalanların axtarışı zamanı istifadə olunan müasir cihazlar, onlardan istifadə qaydaları xilasedicilərin diqqətinə çatdırılıb. Praktik olaraq həmin avadanlıqlar vasitəsilə axtarışlar aparılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşı bu il fevralın 12-dən 19-dək Qəbələ rayonunda qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə keçirilən təlim kurslarında iştirak edərək sertifikatlar alıb. Həmin kurslarda iştirak edən əməkdaşlara qar uçqunlarında axtarış-xilasetmə avadanlıqları da təqdim olunub.
Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin Alpinizm İdarəsinin rəisi Hans Ebner bildirib ki, onlar burada qar uçqunlarında xilasetmənin vəziyyəti ilə yaxından tanış olublar: “Əvvəlcə vurğulamaq istəyirəm ki, buradakı avadanlıqlar bizim çox xoşumuza gəldi, müasir avadanlıqlardır. Düşünürəm ki, biz qar uçqunlarından xilasetmə ilə bağlı xilasedicilərlə öz təcrübələrimizi bölüşə bilərik. Avstriya elə bir ölkədir ki, orada qış turizmi geniş inkişaf edib və qar uçqunları da tez-tez baş verir, hər il 100-200 turist qar uçqunu altında qalır. Biz Alpinizm İdarəsi olaraq əlimizdən gələni edirik ki, bu uçqunlardan turistləri sağ çıxaraq”.
Naxçıvan Muxtar Respublikası ilə tanışlıq zamanı buranın da qış turizm imkanlarının geniş olduğunu qeyd edən Hans Ebner bildirib ki, keçirilən təlimlər turistlərin təhlükəsizliyi üçün böyük rol oynayacaq.
Xəbərlər şöbəsi