25 Dekabr 2024, Çərşənbə

 Bu qış təbiət muxtar respublika sakinlərinə ən sərt üzünü göstərdi. Soyuq hava şəraiti aylardır, davam edir. Ancaq təbiətin bütün bu şıltaqlıqlarına baxmayaraq, dondurucu şaxtanı bir nəfər belə, öz evində və ya iş yerində hiss etmir, həyat öz axarındadır. İdarə, müəssisə və təşkilatlar, xəstə­xanalar, məktəb və bağçalar havaların şaxtalı keçməsinə baxmayaraq, adi iş günlərini davam etdirir, evlərə mavi yanacaq və elektrik enerjisi kəsintisiz olaraq verilir, yollarda nəqliyyatın hərəkətində heç bir maneələr yaranmır. Televiziya kanallarından dünyanın bir çox ölkələrində, həm də inkişaf etmiş ölkələrində, böyük şəhərlərdə qış fəslinin gətirdiyi çətinliklər qarşısında çarəsiz qalan insanları görürük. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində keçən qış fəsillərini, çəkilən əzab-əziyyəti görənlər əlaqədar qurumların sərt qışa bu qədər hazır olmalarını minnətdarlıqla qarşılayırlar. 

Ötən günlərin birində “Şərq qapı­sı” qəzetinin o illərdə işıq üzü görən nömrələrinin səhifələrini vərəqləyəndə böyük ürək yanğısı ilə qələmə alınmış bir yazı diqqətimi cəlb etdi. 13 yanvar 1993-cü il tarixli nömrədə dərc edilmiş “Namərdə möhtac olmaqdansa” sərlövhəli bu yazıdan bəzi sətirləri bölüşməmək olmur:

“Beş ilə yaxındır ki, muxtar respublikamız blokadaya alınıb. 8 aydır ki, Naxçıvana gələn dəmir yolu işləmir. Buna görə də Azərbaycanla və digər respublikalarla iqtisadi əlaqələr kəsilib. Ehtiyac və məhrumiyyətlər onsuz da həddini aşıb. Bir yandan da soyuğu iliklərə işləyən qışın qapımızı kəsdirməsi qayğılarımızı artırıb. İndi yanacaq dərdi başqa dərdlərimizi üstələyib. 8 aylıq fasilədən sonra Naxçıvana gələn təbii qazın sevinci uzun çəkmədi, əvvəlki illərdə sobalarda, pilətələrdə normal şölələnən mavi alov gündən-günə azaldı, evlərin çoxunda tamam söndü. Tədricən “Qeybə çəkilən” yeganə yanacaq növü qış ərəfəsində adamlarımızda doğan ümid qığılcımını özü ilə bərabər söndürdü.
İndi yüzlərlə ailə əlləri qoynunda soyuq evlərdə oturub uşaqlarını qışdan necə salamat çıxaracaqları barədə fikirləşir. Yaman günün ömrü az olar deyirlər. Lakin bu pis gün nə qədər gödək olsa da, öz işini görür”.
Bəli, elə bu yazı o illərdə Naxçıvan sakinlərinin nə qədər çətin, ümidsiz vəziyyətə düşdüklərini göstərir. Artıq bu yazının işıq üzü gördüyü tarixdən 24 il keçib və hər şey yaxşıya doğru dəyişilib. İndi Naxçıvan şəhərindən tutmuş ucqar dağ kəndlərinədək hər bir evdə, hər bir ocaqda mavi alov şölələnir. Naxçıvan şəhər sakini Adilə Əlimərdanovanın böyük bir minnətdarlıqla bizimlə bölüşdüyü təəssüratlar, yəqin ki, oxucularımız üçün də maraqlı olar:


1993-cü ildə yazırdılar:

Ehtiyac və məhrumiyyətlər onsuz da həddini aşıb. Bir yandan da soyuğu iliklərə işləyən qışın qapımızı kəsdirməsi qayğılarımızı artırıb. İndi yanacaq dərdi başqa dərdlərimizi üstələyib. İndi yüzlərlə ailə əlləri qoynunda soyuq evlərdə oturub uşaqlarını qışdan necə salamat çıxaracaqları barədə fikirləşir. Yaman günün ömrü az olar deyirlər. Lakin bu pis gün nə qədər gödək olsa da, öz işini görür.


 

– Həqiqətən də, o illərdə çox böyük əziyyətlər çəkdik. İndi yenidən sərt qışla qarşılaşanda, şaxtalı günlər başlayanda bir daha o günləri yada saldım, ogünkü şəraitimizlə bugünkü yaşayışımızı müqayisə etdim. İndi evimizdə mavi yanacaq da var, işıq da. İşlədiyim uşaq bağçasında soyuq qış aylarında yaranan şəraiti xatırlayanda çox kədərlənirəm. O illərdə bağçaya uşaq gətirən valideynlər burada övladlarının isti otaqda oturacağına ümid edirdilər. Ancaq evlərdə olduğu kimi, bağçalarda da vəziyyət ürəkaçan deyildi. Uşaqları elə üst geyimlərində oturdur, yatırırdıq. Uşaqların göyərmiş dodaqlarını, sual dolu nəzərlərlə mənə zillənmiş baxışlarını görəndə nə edəcəyimi bilmirdim. O gündən bu günə çox şey dəyişilib. Bu günlərdə nəvəmi bağçadan götürməyə getmişdim, gördüm ki, otaq çox isti olduğundan bu şaxtada pəncərələri açıblar. Sözün düzü, ürəyim dağa döndü.
Naxçıvan şəhər sakini Ziya Həsənov o günləri belə xatırlayır: – Yaxşı yadımdadır, o illərdə ümidimiz camaat arasında “maşınka” deyilən qızdırıcıya qalmışdı. Binada yaşamağımıza baxmayaraq, nə istilik, nə də elektrik enerjisi vardı. Evdə yeməyi də bu “maşınka”larda bişirirdilər, paltarları da onların istisi ilə qurudurdular. Bir də görürdün ki, kustar üsulla hazırlanan, neftlə yanan bu soba öz- özünə alışdı və onu götürüb balkondan aşağı atmaqdan başqa çarə qalmırdı. Bunlardan cana gəlib, sonunda gedib bir neft sobası alıb gətirdim və evdə quraşdırdım. Ancaq bu, işin başlanğıcı idi. İndi neft tapmaq lazım gəlirdi. Səhər saat 6-da oyanıb yanacaqdoldurma məntəqəsinə yollandım. Elə güman edirdim ki, oraya ən tez mən çatacağam. Ancaq ora çatanda gördüm ki, fikrimdə yanılmışam. Qışın sərt şaxtasına baxmayaraq, 10 litr neft almaq üçün insanlar axşamdan gəlib sıra tutmuşdular. Şaxtaya tab gətirməyib yaxınlıqdakı evlərinə yollanan qadın və uşaqların yerində isə “sıra daşları” qaralırdı. Hər kəs yerinə bir daş düzürdü ki, gələndə yenidən öz yerini tuta bilsin. Birtəhər neft alıb evə qayıtdım, sobanı yandırdıq. Bir neçə dəqiqə sonra evdə, necə deyərlər, “göz-gözü görmədi”. Hə, o illərin ən sərt qışlarını bax belə keçirmişik. Balaca, iki­otaqlı evimizi qızdıra bilməmişik. Ancaq yaman günün ömrü az olar, – deyirlər. O günlər arxada qaldı. İndi yaşadığım bina Naxçıvan şəhərinin müasir kommunal şəraiti olan yüzlərlə tikililərindən biridir. Binamızı müasir qazanxana 24 saat qızdırır. İşığımız da var, içməli suyumuz da, istiliyimiz də. O çətin günləri görən bir şəhər sakini kimi insanların qayğısına qalanlara, dövlətimizə minnətdarlığımı bildirirəm.


Bu gün isə yazırıq:

Bəli, artıq kiçik çillə arxada qalsa da, sanki qış yenidən gəlirmiş kimi şaxtalı havalar davam edir. Bu qış sərtliyinə görə ötən əsrin 90-cı illərin əvvəllərindəki qış fəsillərinə bənzəsə də, onun insan həyatında, xüsusən şəhər təsərrüfatındakı çətinliyi, demək olar ki, hiss olunmur. Çox da uzağa getməyək, hər gün hətta inkişaf etmiş ölkələrdə belə, qar və soyuğun yaratdığı fəsadlar haqqında xəbər tuturuq. Amma görürük ki, bizi də nə zamansa imtahana çəkmiş bu qar indi nə qədər çox yağsa da, vaxtında görülmüş qışa hazırlıq işləri və operativ tədbirlər nəticəsində heç kimə heç bir çətinlik yaratmır.


 

Bəli, artıq kiçik çillə arxada qalsa da, sanki qış yenidən gəlirmiş kimi şaxtalı havalar davam edir. Bu qış sərtliyinə görə ötən əsrin 90-cı illərindəki qışa bənzəsə də, onun insan həyatında, xüsusən şəhər təsərrüfatındakı çətinliyi, demək olar ki, hiss olunmur. Çox da uzağa getməyək, hər gün hətta inkişaf etmiş ölkələrdə belə, qar və soyuğun yaratdığı fəsadlar haqqında xəbər tuturuq. Amma görürük ki, bizi də nə zamansa imtahana çəkmiş bu qar indi nə qədər çox yağsa da, vaxtında görülmüş qışa hazırlıq işləri və operativ tədbirlər nəticəsində heç kimə heç bir çətinlik yaratmır.
Qışda hər kəsin öz qayğısı vardır. Balacalar qışın sevincini yaşamaq üçün doyunca qartopu oynamağı, gənclər ağappaq təbiətin qoynunda yürüş edib əylənməyi, böyüklər isə onların bu xoşbəxt anlarından daha çox zövq almağı arzu edirlər. Ancaq qış fəslində küçə və yollarda rahat hərəkətin, evlərdə isə normal istiliyin təmin olunması vacib qayğı kimi hər kəsi düşündürür. Naxçıvan şəhərində, eləcə də muxtar respublikamızın digər yerlərində qışa hazırlıqla bağlı vaxtında görülmüş tədbirlər qışın belə qayğısız və çətinliksiz keçməsinə imkan yaradıb.
Naxçıvanın yayı isti olduğu kimi, qışı da sərt keçir. Ancaq, deyəsən, ötən illərdən fərqli olaraq builki qış daha çox yadda qalacaq. Naxçıvan qışa hazırlıq sahəsində də nümunəvi bir məkan kimi tanınıb. Sosial şəbəkələrdən və digər informasiya kanallarından görürük ki, dünyanın digər yerlərinə cəmisi 20 santimetr qar yağanda hansı çətinliklər yaranır və bu yerlərin sakinləri nə qədər əziyyətlər çəkirlər. Ancaq hər il, hələ payız gəlmədən Naxçıvanda qışa hazırlıqla bağlı ənənəvi olaraq keçirilən müşavirələrdə bu məsələ müzakirə olunur, əlaqədar təşkilatlar qarşısında konkret vəzifələr müəyyənləşdirilir. Yol, istilik və digər kommunal xidmətlərin qışın oğlan çağında operativ işləyə bilməsi üçün verilmiş tapşırıqlar vaxtında icra olunduğu üçün bu məsələdə heç bir axsama müşahidə olunmur. Nəticədə, Naxçıvanda qış fəsli ciddi narahatlıqlar doğurub, normal yaşayış üçün heç bir çətinlik yaratmır.
Naxçıvan şəhərində inzibati və yaşayış binalarının istiliklə təmin olunması məqsədilə görülmüş bütün işlər öz bəhrəsini verib. Artıq çox hissəsi arxada qalmış builki qış mövsümündə hansı işlər görüldüyünü öyrənmək üçün Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Əli Qurbanovla əlaqə saxladıq. İdarə rəisi ilə şəhərdəki qazanxanaların birinin qarşısında görüşdük. Söhbətində bildirdi ki, hazırda Naxçıvan şəhərində 5-i mərkəzi, 38-i fərdi olmaqla, 43 qazanxana fəaliyyət göstərir. Bu qədər geniş istilik təsərrüfatı şəhərimizdə 30 inzibati və 173 yaşayış binasını fasiləsiz olaraq istiliklə təmin edir. İstilik təsərrüfatında fəaliyyət göstərən 330 nəfərdən çox işçi əhalinin davamlı olaraq istiliklə təmin olunması üçün səfərbər olunub. Mövsümün əvvəlində bir sıra qazanxanalarda və yaşayış binalarının istilik xətlərində aparılmış təmir və yenilənmə işləri belə sərt havalarda onlara çox kömək edib. İşçilərin öz işlərini yaxşı mənimsəməsi, onların xüsusi geyim formaları ilə təmin olunması da nəzarətdə saxlanılıb.
Bu qış Naxçıvanda bir neçə dəfə yağmış qar yolları tamamilə bağlasa da, cəmisi bir neçə saat ərzində yollar yağan qardan təmizlənərək bütün küçələrdə nəqliyyatın və piyadaların rahat hərəkəti təmin olundu. Xüsusən bu ilin əvvəlində qalınlığı 40 santimetrə çatan qarın yollarda qalıb buz bağlamadan arınması üçün çox operativ işlər görüldü. Muxtar respublikanın ən ucqar dağ kənd­lərinə aparan yollar belə, qısa zamanda qardan və buzdan təmizləndi, yollarda regionun şəhər mərkəzlərinə nümunə ola biləcək səliqə-sahman yaradıldı.
Bu barədə söhbət etdiyimiz Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin rəisi Hüseyn Həziyev deyir ki, şəhər təsərrüfatında fəaliyyət göstərən 400 nəfər işçinin və 30-dan artıq müxtəlif texnikanın qüvvəsindən səmərəli istifadə olunub. Qışda yolların təmizlənməsi üçün texnika həmişə saz vəziyyətdə saxlanılıb, lazımi qədər qum ehtiyatı yaradılıb. Şübhəsiz, qar və soyuğa qarşı hazırlıqlı olmaq həmişə ciddi sınaqdır. Bu il də bütün şəhər təsərrüfatı ilə birgə bu çətinlikləri çox qısa müddətdə aradan qaldırdıq, naxçıvanlıların qışda əziyyət çəkmədən istədikləri yerə gedə bilməsi üçün çalışdıq. Təqvim olaraq qış sona yaxınlaşsa da, havalar hələ də soyuqdur. Deməli, qışa hazırlığa ciddi yanaşmalı, qarşımıza qoyulmuş vəzifələri layiqincə yerinə yeriməliyik.
Bəli, builki sərt qışın çətinlikləri olmasa da, bir vaxtlar naxçıvanlılar soyuqdan, qar-çovğundan çox əziyyət çəkiblər. Amma indi muxtar respublikamıza xüsusi yaraşıq verən qar mənzərələrində əylənib rahat yollarla isti evlərinə qayıdan uşaqlar bunları ancaq böyüklərdən eşidirlər.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR