Muxtar respublikamızda dinamik sosial-iqtisadi inkişafın bəhrələrini həyatımızın bütün sahələrində görmək olar. İnsanların layiq olduğu səviyyədə yaşamasına yönəldilmiş tədbirlərin reallaşdırılması, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi istiqamətində görülən işlər də həmin tədbirlərin tərkib hissəsidir. Bunun ifadəsi kimi 2015-ci il martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılan səyyari xidmətin fəaliyyəti hər bir naxçıvanlı tərəfindən yüksək qiymətləndirilir.
Nazirliyin əməkdaşı, polis kapitanı Seymur Tağıyevin sözlərinə görə, səyyari xidmət üçün nazirliyə “Hyundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq, səyyari xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib. Səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Avtomobildə quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara verilməsinə imkan yaradıb.
Seymur Tağıyevin verdiyi məlumata görə, 2015-ci il ərzində səyyari xidmətə 6320 müraciət olub. Onlardan 5123-ü şəxsiyyət vəsiqəsi, 1155-i sürücülük vəsiqəsi, 29-u ümumvətəndaş pasportu, 2-si ov silahlarının qeydə alınması, 11-i məhkumluq arayışı almaq üçün müraciətlərdir.
Xidmət 2016-cı ili də uğurla başa çatdırıb. Belə ki, bəhs olunan dövrdə səyyari xidmətə 6062 müraciət edilib. Onlardan 4627-si şəxsiyyət vəsiqəsi, 1386-sı sürücülük vəsiqəsi, 5-i ümumvətəndaş pasportu, 44-ü məhkumluq arayışı almaq üçün olunan müraciətlərdir.
Səyyari xidmət bu ilin yanvar ayında Şərur və Sədərək rayonlarında olub. Fevral ayında isə Culfa rayonunun Kırna, Milax, Göydərə, Babək rayonunun Nehrəm, Qahab, Sirab, Kərimbəyli, Zeynəddin, Məzrə, Xəlilli, Nəzərabad kəndlərində, Naxçıvan şəhərində, Şahbuz rayonunun Kükü və Kolanı kəndlərində əhaliyə xidmət göstərilib.
Ümumilikdə, fevral ayında səyyari xidmətə 564 müraciət olub.
Xəbərlər şöbəsi