25 Dekabr 2024, Çərşənbə

Babək rayonundakı Toydaş sahəsində mis və molibden yataqları aşkarlanıb. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qəzetimizə daxil olan məlumatda belə deyilir.
Məlumatda o da bildirilir ki, yeni yataqların aşkar olunması son illərdə muxtar respublikada geoloji-kəşfiyyat işlərinin həcminin genişləndirilməsi sayəsində mümkün olub.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” çərçivəsində bölgələrimizdə filiz yataqlarının axtarışı ilə əlaqədar işlər aparılır. Culfa rayonu ərazisindəki Qaraqala su sahəsində 2016-cı ildə axtarış qiymətləndirmə işləri başa çatdırılıb, qum, çınqıl və gil xammalının ilkin geoloji hesabatı tərtib olunub. Əlincəçay hövzəsində də haliyədə tikinti materiallarının axtarışı davam etdirilir.
Naxçıvanın mineral xammal bazasını 200-dən çox filiz və qeyri-filiz yataqları təşkil edir. Son illərdə muxtar respublika ərazisində müxtəlif tip filiz və qeyri-filiz yataqları öyrənilib və aşkar edilib. Mineral xammal ehtiyatlarının ümumi balansında filiz, qeyri-filiz faydalı qazıntıları kimi tikinti materialları mühüm yer tutur.

Məlumat üçün bildirək ki, ərazidə ilk geoloji tədqiqatlara və mineral sərvətlərin öyrənilməsinə XVIII əsrin ikinci yarısından başlanılıb, plana­uyğun şəkildə müntəzəm öyrənilməsi isə muxtar respublikanın yaranmasından sonrakı dövrə təsadüf edir. Naxçıvan Muxtar Respublikasının təbiəti füsunkar və cazibədar gözəlliyi, əsrarəngiz dağ landşaftları və Araz çökəkliyi ilə səciyyələnir, çoxsaylı müxtəlif faydalı qazıntı yataqları ilə zəngindir. Muxtar respublikanın ərazisində çoxsaylı mis, molibden, kobalt, volfram, manqan, alüminium, maqnezium, qurğuşun, sink, sürmə, mərgümüş və digər metal faydalı qazıntı yataqları mövcuddur.
Metal faydalı qazıntıların müəyyən edilmiş və proqnozlaşdırılan ehtiyatları mühüm əhəmiyyət kəsb edir. Uzun illər ərzində Gümüşlü və Parağaçay yataqlarından qurğuşun sink və molibden filizləri çıxarılıb.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR