25 Dekabr 2024, Çərşənbə

1929-cu il fevralın 18-də Naxçıvan Muxtar Respublikasının on kəndi  beynəlxalq müqavilələrin şərtləri kobud şəkildə pozularaq Ermənistana verilib

Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq Azərbaycana köçürülən və XIX yüzillik boyu davam edən köçürmə prosesi nəticəsində sayları süni surətdə artırılan ermənilər tarixi torpaqlarımızda yerləşdirildikdən və möhkəmləndirildikdən, xüsusilə yüzilliyin sonlarında özlərinin bir sıra təşkilatlarını (Qnçaq, Daşnaksutyun, Erməni vətənpərvər ittifaqı) yaratdıqdan sonra ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyə başladılar. Ermənilərin ərazi iddialarında Azərbaycanın əzəli və əbədi torpaqları olan Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur və Dağlıq Qarabağ bölgələri əsas yer tuturdu. Bu iddialarını, xüsusilə “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün ermənilər XX yüzilliyin əvvəllərində fəaliyyətlərini daha da gücləndirdilər. 

Havadarlarının, xüsusilə iri dövlətlərin himayəsi ilə yaranmış hər bir əlverişli məqamdan məharətlə istifadə edən ermənilər I Dünya müharibəsində məğlubiyyətə uğrayan Rusiya imperiyasının dağılmasından sonra 1918-ci il mayın 28-də müstəqilliklərini elan etsələr də, heç bir əraziləri və paytaxtları yox idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkəmizə qarşı ərazi iddialarına son qoyulacağını güman edərək 1918-ci il mayın 29-da ətraf ərazilərlə birlikdə İrəvan şəhərini ermənilərə verdi. Onlar bağışlanan bu ərazilər hesabına 9,5 min kvadratkilometr ərazidə özlərinin daşnak hökumətlərini yaratdılar və bununla kifayətlənməyib ərazi iddialarını gerçəkləşdirmək üçün səylərini artırdılar. Bir sıra Azərbaycan torpaqlarını, xüsusilə Zəngəzuru işğal etdikdən, 1920-ci il noyabrın 29-da Ermənistan sovetləşdikdən sonra bolşeviklərin yardımı ilə ermənilər daha da fəallaşdılar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur və Dağlıq Qarabağ heç bir əsas olmadan yenidən “mübahisəli ərazilər” elan olundu. Azərbaycanın bir sıra görkəmli şəxsiyyətləri, o cümlədən Nəriman Nərimanov bu siyasətin əleyhinə çıxsa da, hətta bununla əlaqədar Moskvaya teleqramlar göndərərək ciddi etirazını bildirsə də, bir nəticə əldə olunmadı. Əksinə, ərazi məsələlərinin birtərəfli, daşnak-bolşeviksayağı “həlli” nəticəsində 1920-ci il avqustun 10-da Rusiya ilə Ermənistan arasında imzalanan müvəqqəti sazişə əsasən Şərur-Dərələyəz qəzası qeyd-şərtsiz Ermənistana verildi. Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi bolşeviklərin əli ilə rəsmiləşdirildi. 20 iyul 1921-ci ildə Ermənistan SSR-in tərkibində Zəngəzur qəzası yaradıldı.
XX əsrin 20-ci illərinin sonlarında ermənilər öz istəklərinin həyata keçirilməsi sahəsində daha bir addım atdılar. Bu məsələdə 1922-ci il martın 12-də yaradılan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası mühüm rol oynadı. Həmin vaxtlar Azərbaycanın da daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Mərkəzi İcraiyyə Komitəsinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının on kəndi – Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxaç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qarçıvan kəndi, habelə Kilit kəndi torpaqlarının bir hissəsi, başqa sözlə desək, 657 kvadratkilometr Azərbaycan ərazisi Ermənistana verildi. Bu zaman beynəlxalq hüquq normalarına məhəl qoyulmadı, Naxçıvanın ərazi bütövlüyünün qarantı olan 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars müqavilələrinin şərtləri kobud surətdə pozuldu.
1930-cu ildən sonra bütün müttəfiq respublikalarda olduğu kimi, Ermənistan SSR-də də yeni inzibati ərazi bölgüsü – rayonlar yaradılarkən həmin yaşayış məskənləri yerləşdiyi coğrafi mövqeyə görə yeni təşkil olunan rayonların tərkibinə verildi.
Ancaq ermənilər bununla kifayətlənmədi, bu kəndlərin adlarının dəyişdirilməsi sahəsində də işlər apardılar. Tarixi Qərbi Azərbaycan torpaqlarında, yəni indiki Ermənistan ərazisində ilk addəyişmə əməliyyatları İrəvan xanlığının 1828-ci ildə Rusiya ilə birləşdirilməsindən sonra çar hökuməti tərəfindən aparıldı. 1828-ci ildə İrəvanın adı Erivanla, 1837-ci ildə Kəvər Nor-Bayazidlə, 1840-cı ildə Gümrü Aleksandropolla əvəz olundu. Hətta yer adlarının dəyişdirilməsi məsələsi sovet hakimiyyəti illərində dövlət siyasəti səviyyəsinə qaldırıldı, bu haqda Ermənistan SSR Ali Soveti rəyasət heyətinin müvafiq qərarları verildi. Addəyişmə əməliyyatı Ermənistan SSR Ali Sovetinin fərmanı ilə ilk dəfə 1935-ci ildə həyata keçirildi. Həmin vaxt bir sıra digər yaşayış məskənləri ilə yanaşı, haqqında bəhs olunan kəndlərdən üçünün adı dəyişdirildi. Belə ki, Ermənistan SSR Ali Soveti rəyasət heyətinin 3 yanvar 1935-ci il tarixli qərarı ilə Sultanbəy kəndinin adı Bartsruni, Qurdqulağın adı Boloraberd qoyuldu. Bu iş sonralar da davam etdirildi, Ali Sovetin 12 noyabr 1946-cı il tarixli qərarı ilə Almalının adı Xndzorut, 3 iyul 1968-ci il tarixli qərarla Horadizin adı Oradis qoyuldu.
Ümumiyyətlə, Ermənistan SSR Ali Sovetinin rəyasət heyəti 1935, 1938-1940, 1946-1950, 1957-1962, 1967-1969, 1977-1978, 1980-ci illərdə 17 dəfə yer adlarının dəyişdirilməsi ilə əlaqədar qərarlar qəbul etmiş, 1935-ci ilin yanvarından 1988-ci ilin avqustunadək Ermənistan ərazisində 521 türk mənşəli yaşayış məskənlərinin adı rəsmən dəyişdirilmişdir.
Qeyd etmək yerinə düşər ki, indiyədək, bütövlükdə, keçmiş İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində mövcud olan və adları XIX-XX əsrlərdə müxtəlif ölkələrdə yayımlanmış xəritələrdə, tarixi-coğrafi ədəbiyyatlarda, rəsmi sənədlərdə saxlanmış 15 min Azərbaycan mənşəli coğrafi ad “toponim soyqırımına” məruz qalmışdır. Addəyişmə əməliyyatı apararkən ermənilər bir neçə üsuldan, o cümlədən, ilk növbədə, türklərin soykökü, onların tarixi keçmişi ilə bağlı yer adlarının dəyişdirilməsi ilə (məsələn, Bayandur – Vağadur), ikincisi – yaşayış məskənlərinin adlarının ermənicəyə hərfi tərcümə edilməsi ilə (məsələn, Daşqala – Karaberd), üçüncüsü – bəzi yaşayış məskənlərinin adlarının sovet həyat tərzinə uyğun, beynəlmiləlçilik pərdəsi ilə (məsələn, Qaraqışlaq – Dostluq), dördüncüsü – yer adlarının cüzi dəyişikliklə, ona oxşar, lakin erməniləşdirilmiş adla əvəz edilməsi ilə (məsələn, Dərabbas – Darbas), beşincisi – “yuxarı”, “aşağı”, “böyük”, “kiçik” sözləri ilə başlanan türk mənşəli yaşayış məskənlərinin adlarında bu sözlərin ermənicə verilməsi ilə (Verin Zağalı, Nerkin Zeyvə) və sair üsullardan istifadə etmişlər.
Həmçinin ermənilər 18 fevral 1929-cu ildən etibarən bu kəndlərdə yaşayan müsəlman-türk əhaliyə qarşı deportasiya siyasəti həyata keçirmiş, nəticədə, bu kəndlərin əhalisinin çox hissəsinin tədricən öz dədə-baba torpaqlarını tərk edərək Azərbaycana və keçmiş ittifaqın digər yerlərinə köçmələrinə nail olmuşlar. Erməni təqiblərinə, hədə-qorxularına baxmayaraq, bu kəndləri tərk etməyərək orada qalan sonuncu azərbaycanlılar isə 1988-ci ildə Dağlıq Qarabağ problemi ilə başlayan hadisələr zamanı öz yurd-yuvalarını tərk etməyə məcbur edilmişlər.
Tarixi qaynaqlar təkzibolunmaz şəkildə təsdiq edirlər ki, bu kəndlərin ərazisi tarixən Azərbaycana məxsus olmuş, həmişə onun ayrılmaz tərkib hissəsi Naxçıvan inzibati ərazi vahidinin tərkibində qərar tutmuşdur. Məsələn, osmanlıların 1590-cı ildə tərtib etdikləri “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə bunun aydın mənzərəsini görürük. Dəftərdən məlum olur ki, Sultanbəy, Ağxaç, Oğbin, İtqıran və Almalı kəndləri 1590-cı ildə Naxçıvan qəzasının Məvaziyi-Xatun nahiyəsinə daxil olmuşdur. Yaxud da osmanlıların 1724-cü ildə Naxçıvana gəldikdən sonra yaratdıqları yeni inzibati ərazi bölgüsünə əsasən bu kənd­lərin hamısı “Naxçıvan sancağı”na daxil edilmişdir. Osmanlıların Naxçıvan bölgəsində apardıqları siyahıyaalma zamanı 1727-ci ildə tərtib etdikləri “Müfəssəl dəftər”dən aydın olur ki, həmin vaxt İtqıran, Oğbin, Almalı, Ağxaç və Sultanbəy kəndləri Məvaziyi-Xatun, Qarçıvan Azadciran, Xaçik və Horadiz Dərələyəz nahiyəsinə daxil olmuşlar. Bu kəndlərin əhalisi buğda, arpa əkmiş, arıçılıqla, meyvəçiliklə məşğul olmuş, müvafiq vergilər ödəmişlər.
Nadir şahın 1747-ci ildə qətlə yetirilməsindən sonra yaranan Naxçıvan xanlığının (1747-1828-ci illər) tərkibində olan, haqqında bəhs edilən bu kəndlər Naxçıvanın Rusiyaya birləşdirilməsindən sonra da onun tərkib hissəsi olmuşdur. Rusiya ilə birləşdirildikdən sonra əraziyə gələn rus məmurlarının yazdığı əsərlər və XIX yüzilliyə aid digər rusdilli qaynaqlar təsdiq edirlər ki, bu kəndlər həmin vaxtlar da Naxçıvan bölgəsinin tərkibində idi. Həmin kəndlərdən İtqıran, Oğbin və Sultanbəy Naxçıvan əyalətinin Məvaziyi-Xatun mahalına, Xaçik və Ağxaç Dərələyəz mahalına, Qarçıvan və Kilit Ordubad mahalına daxil edilmişdi. Həmin vaxt İtqıranda 157 nəfəri özündə birləşdirən 31 ailə, Oğbində 37 nəfər əhalidən ibarət 12 ailə yaşamışdır. Sultanbəy kəndinə isə həmin vaxt 66-sı kişi, 60-ı qadın olmaqla, 126 nəfər – cəmi 27 köçürmə erməni ailəsi yerləşdirilmişdi. İlhaq zamanı Ağxaç kəndində ancaq 23-ü kişi, 14-ü qadın olmaqla, 37 nəfər (6 ailə) müsəlman-türk yaşayırdı.
XIX yüzillik boyu daim Naxçıvanla bir yerdə olan bu kəndlər Azərbaycan Xalq Cümhuriyyətinin və 1918-ci ilin noyabrından 1919-cu ilin aprelinədək mövcud olan Araz-Türk Respublikasının tərkibində olsalar da, Ermənistanı himayə edən dövlətlər tərəfindən heç bir əsas olmadan “mübahisəli ərazilər” adlandırılan torpaqlara aid edilmişlər. Məhz buna görə də həmin vaxtlar, xüsusilə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra tərtib olunan xəritələrdə 1918-1920-ci illərdə Şərur-Dərələyəz və Naxçıvan qəzasının tərkibində olan bu kəndlərin ərazisi mübahisəli ərazilər kimi verilmişdir. Məsələn, 1924-cü ildə II dərəcəli zemlemer N.Rıbakov tərəfindən tərtib olunmuş “Karta Naxkraya” xəritəsində haqqında bəhs olunan kəndlər Naxçıvanın sərhədləri daxilində verilsə də, “Ermənistan SSR-lə mübahisəli ərazilər” kimi əks olunmuşdur. Göründüyü kimi, bu xəritədə bolşevik hökumətinin ermənilərə münasibəti özünü göstərmiş, tarixən Azərbaycana məxsus olmuş bu kəndlərin ərazisi mübahisəli ərazilər kimi verilmişdir. Bununla belə, N.Rıbakovun əsl reallığı görməsi və həmin kəndləri Naxçıvanın sərhədləri daxilində verməsi müsbət hal kimi qiymətləndirilməlidir.

Ermənilər keçmiş sovet dönəmində də Azərbaycan torpaqlarını əldə etmək üçün çalışmış, hətta bir sıra ərazilərin Ermənistana verilməsi sahəsində ən yüksək səviyyədə qərarlar qəbul edilmişdi. Ancaq xalqımızın ümummilli lideri Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə həmin ərazilərin Ermənistana verilməsinin qarşısı alınmışdır.

Fəxrəddin Səfərli
AMEA Naxçıvan Bölməsi Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR