25 Dekabr 2024, Çərşənbə

Bu gün Naxçıvan Muxtar Respublikası əsl çiçəklənmə dövrünü yaşayır. Qədim diyar ötən hər il daha sürətlə inkişaf edir, müxtəlif sahələrdə qazanılan uğurlarla, iqtisadiyyatda, sosial, mədəni həyatdakı yeniliklərlə diqqət mərkəzinə çevrilir. 

Muxtar respublika özünü ərzaq və enerji təhlükəsizliyi ilə tam təmin etməklə yanaşı, bu gün həm də ixracatçı məkan kimi tanınır. Bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən Naxçıvanın 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması uzun illər blokada şəraitində inkişaf etməyin, tərəqqi yolunda olmağın nümunəsini dünyaya nümayiş etdirir. Bu inkişaf, bu dirçəliş, bu tərəqqi insanların rifah halının yüksəldilməsilə bərabər, qədim diyarımıza səfər edən xarici ölkə vətəndaşlarının sayını da artırır.

2016-cı il ərzində muxtar respublikaya 403 mindən çox turist gəlib. Hazırda Naxçıvan kifayət qədər turisti qarşılamaq və lazımi səviyyədə xidmət göstərmək imkanına malikdir. Sosial-iqtisadi inkişafın, yaradılan şəraitin nəticəsidir ki, vaxtilə muxtar respublikaya turist kimi gələn əcnəbilər indi artıq yaşamaq və işləmək üçün gəlirlər.
Bütün bunlar nəzərə alınaraq muxtar respublika ərazisində miqrasiya siyasətini həyata keçirən, bu sahədə dövlət nəzarətini gücləndirən Dövlət Miqrasiya Xidməti ölkəyə muxtar respublika sərhədlərindən müxtəlif məqsədlərlə daxil olan əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə işin təşkilinə diqqəti artırıb. Daim dövlət qayğısı ilə əhatə olunan və miqrasiya proseslərinin idarə edilməsi, həmçinin tənzimlənməsində innovativ metodların tətbiqi, şəffaflığın təmin edilməsi prinsiplərini prioritet kimi müəyyən edən Dövlət Miqrasiya Xidməti muxtar respublikamıza gələn hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, eləcə də turistlərin ölkədə olma və yaşama qaydalarına əməl etmələrinin təmin olunması, onlara beynəlxalq standartlara cavab verən xidmətlərin göstərilməsi işində daim operativlik göstərir, işini müasir tələblər səviyyəsində həyata keçirir.
Fəaliyyət göstərdiyi qısa müddətdə xidmət yaxşı təşkilatlanıb, miqrasiya proseslərinin tənzimlənməsinə fəal təsir etmək imkanı əldə edib. Azərbaycan Respublikasında ilk dəfə olaraq sərhəd-buraxılış məntəqələrində yerləşən miqrasiya bölmələrinin fəaliyyəti Naxçıvan Muxtar Respublikasında həyata keçirilməyə başlanıb. Bununla yanaşı, sərhəd-buraxılış məntəqələrində həm giriş, həm də çıxış istiqamətində fəaliyyət göstərən miqrasiya bölmələrində əcnəbilərin miqrasiya uçotunun aparılması üçün Vahid Miqrasiya Məlumat Sistemi yaradılıb. Əsasən giriş istiqamətində fəaliyyət göstərən miqrasiya bölmələrində quraşdırılmış sistem vasitəsilə muxtar respublikaya müvəqqəti və daimi yaşamaq, iş icazəsi almaq və digər məqsədlərlə daxil olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ilkin qeydiyyat mərhələsi olan – olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilib. 2016-cı il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən 10 min 324 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb ki, bunun 2 min 777-si sərhəd-buraxılış məntəqələrində yerləşən miqrasiya bölmələri tərəfindən həyata keçirilib.
Sərhəd-buraxılış məntəqələrinin çıxış istiqamətində fəaliyyət göstərən miqrasiya bölmələri isə miqrasiya sahəsində dövlət nəzarətinin həyata keçirilməsində böyük rol oynayır. Belə ki, fəaliyyət göstərdiyi illər ərzində bölmələr tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri intensivləşdirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeyri-qanuni miqrasiyası aşkar edilərək qarşısı alınıb.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişinə uyğun olaraq ötən ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayıb. Qeyd edək ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması gediş-gəlişi artıracaq, turizm və humanitar sahədə əməkdaşlıq genişlənəcəkdir. Bu isə miqrasiya proseslərinin intensivləşməsinə səbəb olacaq.
Naxçıvan və Culfa sərnişin vağzalı binalarında miqrasiya xidmətlərinin göstərilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti üçün işçi yerləri yaradılıb, eyni zamanda ölkəyə daxil olan əcnəbilərin qeydiyyata alınması məqsədilə Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təmin olunub. Bu istiqamətdə hərəkət edən miqrantların miqrasiya sahəsi üzrə maarifləndirilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrində yerləşdirilmiş monitorlarda əcnəbilərin ölkəyə gəldiyi vaxtdan ilkin qeydiyyat proseduru – olduğu yer üzrə qeydiyyatla bağlı məlumatlar 3 dildə (Azərbaycan, rus və ingilis) hazır­lanaraq monitorlara yerləşdirilib. Eyni zamanda miqrasiya sahəsinə dair xidmət növləri üzrə məlumatlar 3 dildə broşür şəklində də hazırlanaraq dəmir yolu stansiyalarına verilib.
Bu gün Dövlət Miqrasiya Xidməti fəaliyyətinin təkmilləşdirilməsi işini davam etdirir, muxtar respublikada iqtisadi təhlükəsizliyin, milli maraqların, eyni zamanda sabitliyin təmin olunması istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsində fəallıq göstərir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR