Azərbaycan xalqı hər zaman adət-ənənələri, milli-mənəvi dəyərləri ilə seçilən xalq olub. Bu dəyərlər əsrlərin sınağından üzüağ çıxaraq müasir dövrümüzədək yaşadığımız həyat tərzinin bir hissəsinə çevrilib. Dəyərlərimizi yaşadan isə bizə böyüklərimizdən miras qalmış əxlaqımız, soy-kökümüzə bağlılığımız və bu ənənələrimizin dini dəyərlərimizlə bir-birini tamamlamasıdır. Ancaq etiraf edək ki, bəzən dəyərlərimizi mənəvi aşınmalara məruz qoyan da bizik. Halbuki hərtərəfli inkişaf milli və mənəvi sistem üzərində qurularkən daha sağlam olur. Əks halda, bunun mənfi təsiri də elə ilk olaraq bizə – cəmiyyətə dəyir. Söhbət son illərdə Azərbaycan cəmiyyətində əsas müzakirə mövzusuna çevrilmiş israfçılıqdan, bu israfçılığın insanlara “bəxş etdiyi” psixoloji zərbələrdən və bunun doğurduğu acı nəticələrdən gedir. Halbuki istənilən cəmiyyətdə israfçılıq heç kim tərəfindən müsbət xarakterizə olunmur.
Təqribən, 10 il bundan əvvəl Naxçıvanda təşkil edilən yas məclislərindəki vəziyyət heç də ürəkaçan deyildi. Yaxını rəhmətə getmiş birisi “el qınağında” olmamaq üçün yeddi gün məclis təşkil etməli, hər gün ehsan süfrəsi açmalı, məclis qurtardıqdan sonra isə mərhumun qəbrini düzəltdirmək üçün yenidən qollarını sıvamalı idi.
Dinimiz və dəyərlərimizlə heç cür uyuşmayan bu “ənənəvi xəstəlik”dən məhz muxtar respublikada bu sahədə aparılmış islahatların nəticəsində qurtulduq. Muxtar respublika rəhbərinin nümunəvi addımları Naxçıvanın hər yerində yas məclisləri üçün hərtərəfli şəraiti olan binaların tikilməsi, İslamın olduğu kimi təbliğ edilməsi ilə nəticələndi. Hər kəs şahidi oldu ki, milli və dini dəyərlər bir-birini tamamladıqda bunun xeyri də əhaliyə olur.
Gündəmdə olan növbəti məsələ isə qəbiristanlıqlardakı anormal vəziyyət idi. Qəbiristanlıqlara baxanda insanların maddiyyat və mənəviyyatındakı çatışmazlıqları görmək olurdu. Əksəriyyət daha çox yeri zəbt edən qəbirətrafı dəmir çəpərlərə üstünlük verirdi. Bəziləri isə qəbirləri qardan, yağışdan qorumaq üçün üzərlərinə dam örtükləri də düzəltdirirdi.
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev deyir ki, qəbiristanlıqla əlaqəli mövzular, qəbir ziyarəti kimi əməllər İslam fiqh elmində mühüm yer tutur. Məhəmməd Peyğəmbərin qəbrin geniş, dərin qazılması və səliqəli düzəldilməsinə dair tövsiyəsi var. Cənazə dəfn edildikdən sonra qəbrin bilinməsi və tapdalanmaması üçün üstü torpaqla bir qarış və ya bir az yüksəldilir. Peyğəmbərin Osman ibn Mazun qəbri başına bir daş dikdiyi və “Bununla qardaşımın qəbrini tanıyar və taparam” dediyi rəvayət edilir. Qəbirlərin itməməsi və kimə aid olduğunun bilinməsi üçün üzərində adının yazılması uyğundur. Qəbirlərin xarici görünüşünə gəlincə, dinimizdə qəbir üzərində cah-cəlallı tikililərin olması yaxşı əməl hesab edilmir. Bunun əsas səbəbi tövhid inancının qorunması, göstəriş və israfın qarşısının alınmasıdır. Bununla yanaşı, qəbirlərin bəzədilməsi, üzərində şam yandırılması, türbələrə, ağaclara parça bağlanması, qəbir yanında qurban kəsilməsi yanlış davranışlardır. Belə ki, böyük İslam Peyğəmbəri “İslamda qəbirlərə qurban kəsilməz” buyurmuşdur. Bunları sadalamaqda məqsədimiz odur ki, İslam dinində qəbirlərə olan münasibət haqqında bu kimi tövsiyələr var. Bu mövzuda Məhəmməd Peyğəmbər daim diqqətli davranmağı tövsiyə etmiş və özü də hər kəsə nümunə olmuşdur.
Qeyd edək ki, bu sahədə zəruri tədbirlərin keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 noyabr tarixli Qərarı var. Qərara əsasən mövcud olan məzarlıqlarda dəfn zamanı qəbirlərin milli-dini dəyərlərin tələblərinə və qaydalara uyğun ölçüdə salınması nəzərdə tutulub. Hər bir qəbir üçün ölçü qaydaları müəyyən olunub. Qaydalara əsasən hər bir məzarın eni 1 metr 40 santimetr, uzunluğu isə 2 metr 20 santimetr olaraq müəyyənləşdirilib. Artıq muxtar respublikanın bütün bölgələrində ümumi ərazisi əvvəlcədən çəpərlənmiş qəbiristanlıqlarda abadlıq işlərinə və dəmir çəpərlərə alınmış məzarların çəpərlərinin vəfat edənlərin yaxınları tərəfindən söküntüsünə başlanılıb. Hazırda bir çox yerlərdə işlər artıq yekunlaşır. Həyata keçirilən tədbirləri muxtar respublika sakinləri böyük rəğbətlə qarşılayırlar.
Vilayət Kazımov – Ordubad rayon Gənzə kənd sakini: “Belə tədbirlərin həyata keçirilməsi çox zəruri və təqdirəlayiqdir. Qəbirlər elə olmalıdır ki, varlı-kasıb bilinməsin. Birinin imkanı var, bahalı daşlardan, mərmərdən istifadə edir, digərinin imkanı yoxdur belə etməyə. Sonra da başlayırıq bunları müqayisə etməyə. Ona görə də belə bir tədbirin həyata keçirilməsini alqışlayıram”.
Nahas Səfərov – Kəngərli rayon Qarabağlar kənd sakini, ziyalı: “Bir neçə gündür, kəndimizdəki qəbiristanlıqlarda qəbirlərin ətrafındakı dəmir çəpərlərin sökülməsinə və ətrafda səliqə-sahmanın yaradılmasına başlanılıb. Kənd sakinləri böyük fəallıqla bu işləri görürlər. Belə bir təşəbbüsün irəli sürülməsini təqdir edirik. İnanırıq ki, bu addım gələcəkdə insanları artıq məsrəflərdən çəkindirəcək, qəbirlərin düzəldilməsində dinimizin tövsiyələri əsas götürüləcək”.
Əli Qəribov – Şərur şəhər sakini: “Qəbiristanlıqlarda belə bir tədbirin həyata keçirilməsi dinimizə uyğundur. Axı kimə lazımdır dəbdəbəli qəbirlər və ya onlara izafi çəkilən xərclər? İslam dini hər kəsin birlik, bərabərlik və həmrəylik şəraitində olmasını istəyir. Dinimizdə varlı və kasıb arasında heç bir fərqin qoyulmaması tövsiyə olunur. Buna görə də bu sahədə islahatların aparılmasına çox böyük ehtiyac var idi. Sevindirici haldır ki, artıq muxtar respublikamızın bütün bölgələrində bu işə başlanılıb”.
Talıb Nəbiyev – Naxçıvan şəhər sakini: “Naxçıvanlılar hər zaman öz dəyərlərinə sədaqətləri ilə seçiliblər. Bir zamanlar yas məclislərində də izafi xərclər baş alıb gedirdi, mərhum sahibləri məclisi harada və necə təşkil edəcəklərini saatlarla müzakirə edirdilər. Ancaq indi bu sahədə Naxçıvan nümunəvi bir regiona çevrilib. Qəbiristanlıqlarla bağlı həyata keçirilən tədbirlər də tez bir müddətdə başa çatdırılaraq daha bir nümunəni ortaya qoyacaq”.
Bəli, İslam dininin dəyərlərinə ehtiramla yanaşmaq hər kəsin borcudur. Allahın yaratdıqları arasında insana verdiyi dəyər və ona hörmət səbəbi ilə qəbirləri qorumaq, təmizləmək, səliqəli şəkildə nizamlamaq, təmir etmək, dəfn və ziyarət əsnasında qəbirləri tapdalamamaq, üzərində oturmamaq tələb olunur. Bundan əlavə, qəbiristanlıqlarda əkilən hər ağacın, bitkinin Allahı təsbih etdiyi, bunun da ölüyə savabının yazıldığı bildirilir. İnanırıq ki, muxtar respublikamızın sakinləri bundan sonra qəbiristanlıq ərazilərində yaşıllıqların salınmasında, yeni ağacların əkilməsində fəallıq nümayiş etdirəcəklər. Ümumilikdə isə muxtar respublikamızda həyata keçirilən bu kimi tədbirlər insanları mənəvi saflığa, qənaətcil olmağa, həmrəylik nümayiş etdirməyə çağırır. Digər tərəfdən isə qəbiristanlıqlarda görülən işlər bir il sonra Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı kimi təqdimatında mühüm rol oynayacaq. Bu isə həyata keçirilən tədbirlərin mahiyyətini daha da artırır.
Səbuhi Həsənov