25 Dekabr 2024, Çərşənbə

Bu il bəşər tarixində ən böyük qanlı hadisələrdən biri – Xocalı soyqırımının iyirmi beşinci ildönümü tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin törətdiyi bu faciə nəticəsində Azərbaycanın qədim şəhərlərindən biri olan Xocalı yerlə yeksan edilib, əhalisi soyqırımına məruz qalıb. Xalqımız bu faciəni unutmur, soyqırımına məruz qalmış insanların xatirəsi Azərbaycanda və dünyanın əksər ölkələrində yad edilir.

Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamı bu sahədə həyata keçiriləcək tədbirlərin əhatəliliyindən xəbər verir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncamı da analoji tədbirlərin muxtar respublikada geniş həcmdə həyata keçirilməsini nəzərdə tutur. Bəs 25 il bundan əvvəl erməni vəhşiliyinin nəticəsi olaraq dağıdılmış Xocalı şəhərinin tarixi haqqında nə bilirik? Qədim və zəngin mədəniyyətə malik Azərbaycan tarixində Xocalı hansı rola malikdir?

Əvvəlcə qeyd edək ki, Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonunun bazasında yaradılıb. Xocalı Dağlıq Qarabağda Şuşadan sonra əhalisinin sayına görə ikinci rayon idi. Rayonun sahəsi 0,97 min kvadrat­kilometr, sakinlərinin sayı işğaldan öncə 24,4 min nəfər idi. Dağlıq ərazidə yerləşən rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olub. Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində yerləşir. Tarixçilərin əldə etdikləri məlumatlara görə, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Tədqiqatçılar bildirirlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Xocalı tarixi-memarlıq abidələri ilə zəngin diyardır. Buna misal olaraq, miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyəti abidələrini, Son Tunc və İlk Dəmir dövrlərinə aid nekropolu, Kurqan çölünü, XIV əsrə aid Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və başqalarını göstərmək olar.
Məlumat üçün bildirək ki, Azərbaycanda Kiçik Qafqaz dağ və dağ­ətəyi rayonlarında, Kür-Araz çayları arasında Son Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyəti abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə mis­əritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaqdaşından alət və silahların istehsal tullantıları aşkar edilib. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılıb. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunub. Qəbirlərin keramikası, demək olar ki, eynidir. Araşdırmalar zamanı qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilib. Bu faktlar sübut edir ki, Xocalı Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar qədim dövrə aid abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında apardıqları tədqiqatlar zamanı tapıblar. Onlar arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar olan müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Azərbaycanın Kiçik Qafqaz dağ və dağətəyi ərazilərində eramızdan əvvəl XIII-VII əsrlərdə yayılmış arxeoloji mədəniyyət ilk dəfə Xocalı yaşayış məskənində və Gədəbəy rayonunda tətbiq olunduğundan bu abidələr Xocalı-Gədəbəy mədəniyyəti nümunələri adlandırılır. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti Son Tunc və Erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Aparılan arxeoloji tədqiqatlar Xocalı qəbiristanlığında mühüm maddi-mədəniyyət nümunələrinin aşkar olunması ilə nəticələnib. Qəbiristanlıqda daş qutu və kurqanlar daha çox diqqəti cəlb edir. Burada müxtəliftipli saxsı qablar, qılınc, xəncər, nizə, ox ucluğu, balta kimi silahlarla yanaşı, qızıl, tunc, balıqqulağı, əqiq, şüşə və sairdən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri aşkar edilib. Qəbiristanlıqda çoxlu sayda qoc və yəhər şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlardan “Seyid Cəlalın ocağı”, “Cahan nənənin ocağı” kimi yerlər var. Buradakı maraqlı tarixi abidələrdən biri də Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid olan Əsgəran qalasıdır. İki istehkamdan ibarət olan qalanı Qarabağ xanı Pənahəli xan tikdirib. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında aparılan sülh danışıqları məhz Əsgəran qalasında baş tutub. Bundan əlavə, rayonun Kərkicahan qəsəbəsində yerləşən 3 qəbiristanlıq da qədim tarixi ilə diqqət çəkir. Burada 1400-cü illərə aid yazısı olan qəbirlər, 800 il əvvələ aid müsəlman qəbiristanlığının qalıqları var. Rayonun Kosalar kəndi ərazisində isə “Məhəmməd ağanın otağı” tarixi abidəsi, “Darılı Piri”, “Ələm ağacı” kimi ziyarətgahlar yerləşir.
Təəssüflər olsun ki, tarixi qədim dövrlərə gedib çıxan, maddi-mədəniyyət nümunələri ilə zəngin olan Xocalının işğal olunması rayon ərazisindəki tarixi, mədəni və dini abidələrin də dağıdılması ilə nəticələnib. Erməni vandalizmi nəticəsində Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar, dini abidələr, o cümlədən Xocalı şəhəri və digər yaşayış məntəqələri, onlarla təhsil, mədəniyyət və səhiyyə müəssisələri dağıdılıb. Bu baxımdan Xocalıda həm də bütöv bir Azərbaycan mədəniyyəti və tarixi soyqırımına məruz qalıb. Ancaq Azərbaycan xalqı hansı yolla olursa-olsun, torpaqlarını işğalçılardan azad edəcək. O zaman Xocalının tarixi də yeni araşdırmalara cəlb olunacaq, bu qədim diyarımızın keçmişi tariximizə, mədəniyyətimizə yeni töhfələr bəxş edəcək. O günə isə çox qalmayıb. Tezliklə Cocuq Mərcanlı nümunəsini bütün işğal olunmuş rayonlarımızın simasında görəcəyik.

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR