Sosial şəbəkələrdən istifadə böyük auditoriyaya çıxış imkanı yaradır, təbliğat sahəsində geniş imkanlar açır. Bəli, sosial şəbəkələrin müsbət cəhəti çoxdur. Bu şəbəkələr insanların bir-biri ilə ünsiyyət qurmasında, müəyyən məsələlərin müzakirəsində çox mühüm əhəmiyyətə malikdir.
Bu gün ölkəmizin turizm potensialının nümayiş etdirilməsi üçün sosial şəbəkələr geniş imkanlar açır. Ancaq gəlin görək, biz bu imkanlardan necə yararlanırıq? Gün ərzində yüzlərlə məlumat əldə etdiyimiz bu şəbəkələrə biz hansı məlumatları yerləşdiririk? Təəssüf ki, bu sualın cavabı bir çoxları üçün birmənalıdır: şəxsi şəkillər, yad profillərdən paylaşımlar və digər materiallar. Bunları paylaşdıqdan sonra isə gözləyirik ki, görəsən, bu paylaşımları neçə nəfər bəyənəcək? Ancaq yadımıza düşürmü ki, ölkəmiz haqda, onun turizm potensialı barədə nəsə paylaşaq və elə edək ki, bu paylaşımları xarici ölkələrdə də görə bilsinlər?
Doğrudur, sosial şəbəkələrdə bu sahədə müəyyən addımlar atanlar var, ölkəmizə dair fotolar, məqalələr paylaşan səhifələr fəaliyyət göstərir. Əlbəttə, bu, təqdirəlayiq haldır. Düşünəndə ki, istər coğrafi, istər tarixi, istərsə də mənəvi dəyərlər baxımından olduqca zəngin bir ölkənin vətəndaşıyıq, onda bu iş artıq bizim üçün görülməsi vacib olan öhdəliyə çevrilir.
Yuxarıda qeyd etdiklərimin hamısı, demək olar ki, muxtar respublikamızı tanıtmaq üçün yaradılan səhifələrə də aiddir. Lakin müqayisə etməli olsaq, Naxçıvana aid paylaşımlar edən səhifələrdən heç də hamısı bu işdə fəal deyil. Bəli, bu sahədə xidmət göstərən çox sayda səhifənin adı mövcud olsa da, təəssüf ki, onların hamısında yaxşı və keyfiyyətli işə şahidlik edə bilmirik. Məsələn, götürək ən çox istifadəçisi olan “Facebook” sosial şəbəkəsini. Burada Naxçıvana dair paylaşımlar edən onlarla müxtəlif səhifələrə rast gəlmək mümkündür. Lakin bunlara nəzər yetirdikdə görürük ki, bəzilərinin izləyici kütləsi çox azdır. Hətta bəziləri, sadəcə, bir neçə paylaşım etməklə kifayətlənib və qısa zamanda öz fəaliyyətini dayandırıb. Halbuki səhifə fəaliyyətə başlamazdan əvvəl idarəçiləri canla-başla, həvəslə izləyici kütləsi cəlb etmək, səhifənin reklam olunması üçün müxtəlif yollara əl atıblar. Bəs niyə onlar həvəslə başladıqları bu işi yarımçıq qoyurlar? Fikrimcə, bu sual üzərində düşünməyə dəyər.
...Araşdırmaya fəaliyyətini dayandırmış bir neçə səhifənin yaradıcısı ilə əlaqə saxlamaqla başladım. Onlarla ayrı-ayrılıqda həmsöhbət olduqdan sonra yəqinləşdirdim ki, səhifələrin fəaliyyətinin dayandırılmasında bir səbəb var: o da həmin səhifəni tək işlədə bilməməkləridir. İşə şəxsiyyət vəsiqəsində doğulduğumuz yer olaraq qeyd edilən bölgə haqqında bildiyimiz məlumatları səhifə idarəçilərinə ünvanlamaqla başlaya bilərik. Beləliklə, həmin səhifənin paylaşım fondunun zənginləşməsinə müvəffəq olarıq.
“Twitter”, “Google+” və “İnstagram” səhifələrinə nəzər saldıqda isə onların daha passiv olduğunu görürük. Digərlərinə nisbətən “İnstagram”da bu istiqamətdə, eyni zamanda Naxçıvan gəncliyini bir araya gətirən, maraqlı və maarifləndirici paylaşımlar edən səhifələrə də rast gəlirik. Lakin təəssüflər olsun ki, “İnstagram”da belə faydalı səhifələrlə müqayisədə lazımsız səhifələr üstünlük təşkil edir. Hətta Naxçıvana dair paylaşımlar edən səhifə idarəçilərindən bir neçəsinin müəyyən zamandan sonra səhifənin adını və profilini dəyişərək etiraf səhifəsinə çevirməsinin də şahidi olmuşuq, onların bu hərəkətlərinə irad bildirdiyimiz zaman isə kobud rəftarla qarşılaşmışıq. Yerdə qalan sosial şəbəkələrdə isə vəziyyət heç də ürəkaçan deyil. Onlarda bu sahədə təbliğat həddən ziyadə zəif, hətta yox səviyyəsindədir. Çox olmasa da, bütün sosial şəbəkələrdə Naxçıvanı təmsil edən bir neçə keyfiyyətli səhifələr fəaliyyət göstərməlidir ki, onlardan istifadə edən hər kəsdə doğma diyarımız haqqında müəyyən təsəvvür yaransın.
Digər bir məsələ isə səhifələrin hansı xarici dillərdə fəaliyyət göstərməsidir. Çünki bir çox səhifə həmvətənlərimizə xidmət edir. Onları izləyən insanların əksəriyyəti azərbaycanlıdır. Bu baxımdan da belə səhifələr tədricən öz aktuallığını itirir, izləyici sayı artmaqdansa, əksinə, get-gedə azalır. Düşünəndə ki, Azərbaycan çox böyük ölkə deyil və vətəndaşlarının çoxunun bu qədim torpaqda olan abidələr, görməli yerlər haqqında kifayət qədər məlumatı var, hətta bir çoxları gəlib belə yerləri əyani olaraq da görüblər, bu zaman başqa nəticə də gözlənilmir. Çünki insanlar bildikləri bir şeyi dəfələrlə təkrar olaraq eşitmək istəmirlər. Buna görə də biz təbliğat üçün sərhədləri aşmalı, əcnəbi insanlarla sosial şəbəkələrdə dostluq etməli, onların səhifəni izləmələrinə müvəffəq olmalıyıq. Baxmayaraq ki, coğrafi mövqe baxımından rusdilli xalqların əhatəsindəyik, bununla belə, ingilis dili ilə müqayisədə rus dilində Naxçıvanı təbliğ edən səhifələr yox səviyyəsindədir. Ölkəmizi ilk olaraq qonşu ölkələr arasında tanıtmaq daha məqsədəuyğundur. Məsələn, çox sadə bir misal gətirim. İstirahət aylarında bir çoxlarımız dincəlmək üçün xarici ölkələrə üz tuturuq. Həmin insanların da çoxu istirahət üçün yaxın qonşu ölkələrdən birini seçir. Bunun üçün araşdırma aparır, hansı ölkəyə getməyimizə, orada xərclədiyimiz pula dəyəcək nəsə görəcəyimizə əmin olduqdan sonra o ölkəyə üz tutmağa qərar veririk. Bu xüsusiyyət qonşu ölkələrimiz üçün də səciyyəvidir. Yəni onların ölkəmizə turist kimi üz tutmağı daha ağlabatandır. Deməli, Azərbaycanda turizmin inkişafı üçün də rus dilində səhifələr çoxluq təşkil etməlidir. Səhifələr qalsın bir kənara, bəzilərimiz bunu öz şəxsi profillərimizdə də həyata keçirə bilərik. Belə ki, yaşadığımız rayon və ya kənddə görməyə dəyər yerlərin fotolarını paylaşmaq da bu işin bir parçasıdır. Bundan başqa, digər bölgələrə gedərkən buradan da maraqlı fotolar paylaşa bilərik. Məsələn, keçən il yayda “Facebook”da şəxsi profilimdə Duzdağ Fizioterapiya Mərkəzi haqqında bəzi məlumatlar və fotolar paylaşmışdım. Bu, dostluğumda olan xarici vətəndaşlardan bir neçəsinin diqqətini çəkmişdi. İnternet üzərindən məndən paylaşılanların nə dərəcə doğru olduğunu maraqlandılar və verdikləri suallara cavab aldılar. Düşünürdüm ki, sadəcə, maraq üçün soruşurlar. Lakin bir neçə həftədən sonra onlardan “Naxçıvana gəlmişik, sizi də görmədən getməyək”, – deyə elektron məktub aldım. Görüşdən sonra aydın oldu ki, onları buraya, Naxçıvana gətirən Duzdağ Fizioterapiya Mərkəzinin faydalı müalicə imkanları haqqında paylaşdığım məqalə olub. Bax belə, bunu hamımız bacararıq.
Paylaşdıqlarımızı geniş kütlənin görməsi daha yaxşı olar. Şəxsi profillərimizdə bu, mümkün olmur. Əsas problemlərdən biri də hamının xarici dil biliyinin olmamasıdır. Səhifələr də məhz elə bu problemi aradan qaldırır. Səhifələrə göndərilən material hər hansısa bir xarici dildə olmaya da bilər. Həmin materiallar idarəçilər tərəfindən tərcümə olunur və xarici dillərdə paylaşılır. Səhifələrdə hazır şəkildə paylaşılan məlumatları öz şəxsi profilimizdə də asanlıqla paylaşa bilərik.
Səhifələri idarə edənlərin əksəriyyəti gənclərdir. Gənclərin bu istiqamətdə də fəallıq göstərməsi olduqca sevindirici haldır. Bəs tarixi-memarlıq nümunələrimizi bütün dünyaya tanıtmaq məqsədilə işlər görən insanların özü tariximizi nə dərəcədə bilir, paylaşdıqları haqqında dərindən məlumatlıdırlarmı, yoxsa, sadəcə, paylaşım xatirinə axtarış aparıb tapdıqları bir neçə cümləylə kifayətlənirlər? Bəli, təəssüflər olsun ki, buna da rast gəlirik. Hətta bəziləri bekarçılıqdan, internet vasitəsilə məşhurlaşmaq üçün səhifələr yaradırlar. Düşünmürlər ki, yanlış məlumatı özündə əks etdirən bir cümlə belə, muxtar respublikanın, ölkəmizin əleyhinə və xoşagəlməz hallara səbəb ola bilər. Buna görə də belə səhifələrin idarəediciləri daim tarixçilərlə əlaqə saxlamalı, paylaşılacaq materialları onlarla birlikdə hazırlamalı, ortalığa yaxşı bir nəticə çıxarmalıdırlar. Qısaca, sıradan, internetdə bir düymə ilə tapa biləcəyimiz məlumatlar deyil, araşdırma tipli materiallar hazırlanmalıdır. Bir sözlə, bir az dərinə getmək lazımdır. Məsələn, elə götürək tələbələri. Onlar sosial şəbəkələrin fəal istifadəçiləridir və ancaq heç də hamısı ondan səmərəli şəkildə istifadə etmir. Təhsil aldıqları müəssisədə, universitetdə tarixi və coğrafi əhəmiyyətli mövzular onlar arasında bölüşdürülərək öhdəliklərinə qoyulub hazırlansa, diskussiyalar keçirilsə və həmin diskussiya materialları həm mətn, həm də video şəklində səhifələrdə paylaşılsa, bu, Naxçıvanın tanıdılması üçün xeyli səmərə verər.
Tək əldən səs çıxmaz. Bu işdə hər kəs bir vətəndaş kimi öz üzərinə düşən vəzifəni yerinə yetirməli, bu istiqamətdə işlər görməlidir. Hər birimiz belə səhifələrdəki materialların keyfiyyətli olmasına çalışmalıyıq. Beləliklə, həmin səhifənin paylaşım fondunun zənginləşməsinə müvəffəq olarıq. Yəni bunu bacara bilərik. Bacara biləriksə, nə gözləyirik?
Fatma Babayeva