Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 9 fevral tarixli Sərəncamına əsasən, “Naxçıvan tarixi” çoxcildliyi elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatına layiq görüldü. Bu ali mükafat Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93-cü ildönümü münasibətilə keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təqdim edildi. Muxtar respublikamızda, eləcə də ölkəmizdə tarix elminə mühüm və sanballı töhfə olan bu əsərin yüksək mükafata layiq görülməsi tarixi yaşadanların tarix qarşısındakı böyük xidmətidir.
“Naxçıvan tarixi” çoxcildliyi sıradan bir tarixi əsər deyil. Bu əsər mövcudluğu çox-çox qədimlərə dayanan, böyük Şərq mədəniyyətinin əsas mərkəzlərindən sayılan, mühüm dövlətçilik ənənələri üzərində formalaşan, dünyanın iki qütbünü bir-birinə bağlayan qədim İpək Yolu üzərində yerləşən, bəşəriyyətin ikinci yaranışı üçün Seçilmiş Yer – Naxçıvanın qədim dövrlərdən bu günədək olan tarixini özündə əks etdirir.
Naxçıvan tarixən Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynamış, yaxın regionda baş verən tarixi proseslərin mühüm mərkəzinə çevrilmişdir. Naxçıvan ərazisindəki qədim yaşayış yerləri hələ İslamdan xeyli əvvəl bu diyarda mövcud olmuş böyük sivilizasiyaların izlərindən xəbər verir. Sonrakı dövrlərdə zəngin Şərq ənənələri üzərində formalaşan mədəniyyəti ilə Qərb intibahına təsir göstərən, bununla da dünya mədəni irsinə dəyərli töhfələr verən Naxçıvan orta əsrlər Azərbaycanının dövlətçilik tarixində öz şərəfli yerini qoruyub saxlayıb. İslam və türk mədəniyyətinin sintezini əks etdirən Naxçıvanın özünəməxsus tarixi və abidələri tarixin heç bir dövründə indiki kimi öyrənilməyib, öyrənilməsinə və təbliğinə belə şərait yaradılmayıb. Bunun bir səbəbi sovet tarixşünaslığında müvafiq ideoloji xətdən kənara çıxmamaq idisə, digər səbəbi aparılan bir qisim araşdırmaların səthi xarakter daşıması, obyektlərin tədqiqatlara cəlb olunmasında kompleks yanaşmanın yoxluğu idi. Ümummilli liderimiz Heydər Əliyev “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan böyük şəxsiyyətlər yetişdirmiş bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır” sözləri ilə Naxçıvanın tarixinin, sadəcə, Naxçıvanla məhdudlaşmadığını göstərir və ümumilikdə, xalqımızın tarixinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayırdı. Qeyd etdiyimiz kimi, qədim diyarın tarixi ilə bağlı fundamental elmi tədqiqatların aparılması yalnız müstəqilliyimizin bərpasından sonrakı dövrdə mümkün olmuşdur. Muxtar respublikada aparılan böyük quruculuq işləri elm və mədəniyyətin də inkişafına şərait yaratmış, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına imkan vermişdir. Bununla da, Naxçıvan tarixi sistemli şəkildə tədqiq olunmuş, abidələrimiz bərpa edilmiş, tariximizə və mədəniyyətimizə aydınlıq gətirən elmi əsərlər, kitablar və ensiklopediyalar, o cümlədən “Naxçıvan tarixi” çoxcildliyi nəşr olunmuşdur.
Qeyd edək ki, Naxçıvanın tarixi haqqında əsl həqiqətləri özündə əks etdirən ümumiləşdirici əsərin yazılması ideyası ilk dəfə 11-12 iyul 1996-cı ildə Naxçıvan şəhərində keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən irəli sürülmüş, Naxçıvanın yeni istiqamətdə, milli ruhda, gerçək mənbələr əsasında, milli mənafe əsas götürülməklə əsl tarixinin yazılması tədqiqatçılar qarşısında bir vəzifə kimi qoyulmuş və vurğulanmışdır ki, “Bizə görə “Uluslararası qaynaqlarda Naxçıvan” Simpoziumunun materialları ən yaxın dövrdə yazılacaq Naxçıvan tarixinin proqramı, necə deyərlər, eskizi, layihəsi, ilkin variantı, bəlkə də əsas istiqamətləri olacaqdır”. Ancaq bu məsuliyyətli vəzifənin uğurlu həllinə nail olmaq üçün həmin vaxt ölkəmizdə olduğu kimi, ağır və çətin günlərini yaşayan Naxçıvan Muxtar Respublikasında da lazımi şərait yox idi. Ən başlıcası, əvvəlki dövrlərdə aparılan tədqiqatlar, əldə olunan elmi nəticələr belə bir möhtəşəm nəşrin yazılması üçün kifayət etmirdi.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli deyir ki, bu çatışmazlıqları və maneələri aradan qaldırmaq üçün Naxçıvan tarixinin ən qədim zamanlardan müasir dövrədək müxtəlif problemlərinin tədqiqi ilə əlaqədar aparılan elmi-tədqiqat işlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, muxtar respublika ərazisindəki tarix-mədəniyyət abidələri pasportlaşdırılmış, bu abidələr əsasında Azərbaycan və ingilis dillərində “Naxçıvan Abidələri Ensiklopediyası” hazırlanmışdır. Naxçıvan Muxtar Respublikasında aparılan arxeoloji tədqiqatlar genişləndirilmiş, yerli tədqiqatçıların iştirakı ilə 10-a yaxın arxeoloji ekspedisiya, həmçinin ABŞ və Fransa arxeoloqlarının iştirakı ilə iki beynəlxalq ekspedisiya, 2013-cü ildən AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası fəaliyyət göstərməyə başlamışdır. Naxçıvan Muxtar Respublikasının müxtəlif yerlərində, o cümlədən Gəmiqayada, Ovçular təpəsində, Oğlanqalada, Ərəbyengicədə, Duzdağda, I Kültəpədə, Xaraba Gilanda və başqa yerlərdə aparılan arxeoloji tədqiqatlar sübut etdi ki, Naxçıvan bölgəsi Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Aparılan son tədqiqatlar göstərdi ki, Naxçıvanda insanlar ən qədim zamanlardan – Ovçular təpəsində 500-300 min il, Qazma mağarasında 120 min il bundan əvvəl yaşamış, bölgə ilkin şəhər mədəniyyətinin yarandığı ərazilərdən biri olmuş, əsası bir yaşayış məskəni kimi daha əvvəllər qoyulmuş Naxçıvan 5000 il bundan əvvəl şəhər kimi formalaşmağa başlamışdır. Yüksək inkişaf yolu keçən Naxçıvan bölgəsi Eneolit mədəniyyətinin, Kür-Araz mədəniyyətinin və Boyalı qablar mədəniyyətinin yarandığı mərkəzə çevrilmişdir. Tariximizin müxtəlif problemləri ilə əlaqədar Naxçıvanda keçirilən respublika və beynəlxalq miqyaslı konfrans və simpoziumlarda Naxçıvan tarixi ilə əlaqədar çoxlu sayda məruzələr dinlənilərək müzakirə olunmuş, əldə olunan nəticələr təhlil edilmiş, bundan sonra qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Keçən müddət ərzində Naxçıvan Muxtar Respublikasında elm sahəsində sistemli və ardıcıl şəkildə aparılan işlər öz uğurlu nəticəsini vermiş, Naxçıvan tarixinin müxtəlif problemlərinin həllini özündə əks etdirən böyük elmi xəzinə yaradılmışdır. Alim qeyd edir ki, yaradılan münbit şərait çoxlu sayda əsərlərin yazılmasına gətirib çıxarsa da, bu əsərlər Azərbaycan tarixinin tərkib hissəsi kimi Naxçıvan tarixinin ayrı-ayrı problemlərinə həsr olunmuşdu və bütövlükdə, bölgə tarixi haqqında ümumi təsəvvür yarada bilmirdilər. İndiyədək bu boşluğu aradan qaldıra bilən, Naxçıvan tarixinin bütün dövrlərini və problemlərini özündə sistemli şəkildə əks etdirən akademik nəşr işıq üzü görməmişdi. Muxtar respublikanın hərtərəfli inkişafı belə bir əsərin nəşr olunmasını aktual bir məsələ kimi qarşıya qoymuşdu. Ona görə də Naxçıvan tarixi ilə əlaqədar aparılan bütün tədqiqatların sistemləşdirilməsi və tarixi həqiqətlərin obyektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması üçün sanballı ümumiləşdirici əsərin yaradılmasına böyük ehtiyac var idi. Məhz bütün bunları, xüsusilə yaradılmış elmi bazanın “Naxçıvan tarixi” çoxcildliyi kimi möhtəşəm və fundamental nəşrin hazırlanmasına imkan verəcəyini, eyni zamanda muxtar respublikada hazırlanan kadr potensialının bu nəşrin hazırlanmasının öhdəsindən gələ biləcəyini nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 6 avqust 2012-ci ildə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” Sərəncam imzalamışdır. Elmin son nailiyyətləri, xüsusilə son 10 ildə aparılan tədqiqatların nəticələri əsasında yazılmış çoxcildliyin 2013-cü ildə I cildi, 2014-cü ildə II cildi, 2015-ci ildə isə III cildi hazırlanaraq “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik səviyyədə çap edilmişdir.
Xatırladaq ki, “Naxçıvan tarixi” çoxcildliyinin nəşri və ötən il yanvarın 26-da Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində bu əsərin ictimaiyyətə tədqim olunması Azərbaycan elmində əlamətdar hadisə kimi dəyərləndirilmişdir. “Naxçıvan tarixi” çoxcildliyində tarixə hərtərəfli baxış prinsipi ortaya qoyulmuş, ən qədim dövrlərdən günümüzədək Naxçıvanda elmin, mədəniyyətin, ədəbiyyatın, sənətkarlığın, eləcə də mətbuatın inkişafı tariximizin ayrılmaz tərkib hissəsi kimi araşdırılmışdır. Azərbaycan tarixşünaslığı üçün örnək tədqiqat toplusu sayılan bu kitab xalqımızın etnogenezinin öyrənilməsi baxımından da dəyərli və sanballı əsərdir.
Yuxarıda qeyd etdiyimiz kimi, 2017-ci il fevralın 9-da “Naxçıvan tarixi” çoxcildliyinin Naxçıvan Muxtar Respublika mükafatına layiq görülməsi mühüm əhəmiyyətə malikdir. Bununla bağlı keçirilən tədbirdə Ali Məclisin Sədri demişdir: “...İqtisadiyyatı inkişaf etdirmək, yol çəkmək, bina tikmək bütün dövrlərdə mümkündür. Lakin elmi, təhsili və mədəniyyəti inkişaf etdirmək çətin və məsuliyyətli məsələdir. Naxçıvanda digər sahələrlə yanaşı, elm, təhsil və mədəniyyətin də inkişafına nail olunub. Bu gün Naxçıvan Muxtar Respublikasının inkişafı, bütün sahələrdə qazanılan uğurlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sədaqətin bəhrələridir. Naxçıvan Muxtar Respublikasının yaranmasının 93-cü ildönümü günündə “Naxçıvan tarixi” çoxcildliyinin muxtar respublika mükafatına layiq görülməsi mühüm əhəmiyyətə malikdir. Alim və tədqiqatçılar bundan sonra da Naxçıvanın tarixi, mədəniyyəti, elmi və təhsilinin inkişafı sahəsində səylərini artırmalı, yeni əsərlər yazılmalıdır”.
Bəli, “Naxçıvan tarixi” çoxcildliyinə verilən bu yüksək dəyər həm də tarixə verilən böyük dəyərdir. Tarixə dəyər verənlərin haqqını isə tarix əbədiyyən özündə yaşadır.
Səbuhi Həsənov