25 Dekabr 2024, Çərşənbə

1979-cu il fevralın 11-də İran İslam Respublikası yaranmışdır. Həmin tarixdən başlayaraq hər il fevralın 11-i İran İslam Respublikasında Milli Bayram – İslam İnqilabı Günü kimi qeyd olunur.

 Azərbaycan ilə İran arasında əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf və davam etdirilir. Bu əlaqələrin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərində Naxçıvanda qoyulmuşdur. Dahi şəxsiyyət ölkəmizə rəhbərliyi dövründə isə ikitərəfli münasibətlərin inkişafına mühüm əhəmiyyət vermiş, bu sahədə ardıcıl tədbirlər görülmüşdür. Ulu öndər Azərbaycan-İran əlaqələri barədə demişdir: “İran ilə Azərbaycan arasındakı əlaqələrin qədim, çox zəngin tarixi var. Həyatımızın bütün sahələrində xalqlarımız çox müştərək işlər görmüşlər və dünya mədəniyyətinə çox böyük töhfələr vermişlər. Adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin oxşarlığı, bənzərliyi və bir-birinə yaxın olması, bir kökdən olması bizi daim dost, qardaş olaraq yaşatmışdır”.

Bu gün Azərbaycan-İran əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Qarşı­lıqlı imzalanan sənədlər, əldə olunan razılıqlar, münasibətlərin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında da əlaqələr uğurla inkişaf etdirilir. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasındakı sərhəd nəzarət-buraxılış məntəqələrində və Naxçıvan Beynəlxalq Hava Limanında muxtar respublikamıza səfər edən İran vətəndaşlarına sadələşdirilmiş qaydada viza olmayan birdəfəlik giriş icazələri verilir. Naxçıvan Muxtar Respublikasının Culfa Gömrük İdarəsinin və Şahtaxtı Gömrük İdarəsinin sərhəd-keçid kompleksinin müasir tələblər səviyyəsində tikilib istifadəyə verilməsi, beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz olunması və iş saatının artırılması gediş-gəlişi sadələşdirmişdir. Bütün bunların nəticəsidir ki, ticarət-iqtisadi əlaqələr ilbəil genişlənir, gediş-gəliş artır. Təkcə 2016-cı ildə İranla Naxçıvan Muxtar Respublikası arasındakı Culfa və Şahtaxtı keçid məntəqələrindən hər iki tərəfdən 450 minə yaxın insan istifadə etmişdir. Ötən dövrdə İran İslam Respublikasının yaxın vilayətlərində fəaliyyət göstərən universitetlərin rektor və professor-müəllim heyətinin Naxçıvana səfər etməsi, Naxçıvan Dövlət Universitetində iranlı tələbələrin təhsil alması elm və təhsil sahəsindəki əlaqələrin inkişafına töhfə vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Azərbaycan və İran xalqlarını tarix, mədəniyyət və ortaq dəyərlər birləşdirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dəyərlərin inkişafına daim mühüm əhəmiyyət verirdi. Qeyd etmək xoşdur ki, bu gün dövlət başçılarının iradəsi ilə ikitərəfli münasibətlərimiz yeni mərhələyə yüksəlmişdir. Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran və onun yaxın vilayətləri arasında imzalanan sənədlər, əldə olunan razılıqlar, münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır”.
Ötən il əlaqələrin inkişafı baxımından məhsuldar olmuşdur. Belə ki, 2016-cı il dekabrın 29-da İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublikaya səfər etmişdir. Həmin gün Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlamış, muxtar respublikada Azərbaycan-İran Biznes Forumu və Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının yekun iclası keçirilmiş, sahibkarlar arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunmuşdur. Bütün bunlar əlaqələrimizin inkişafına layiqli töhfədir. Bu əlaqələrin davamlı olacağını bildirən ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır. Bu əməkdaşlıq daha da güclənəcəkdir”.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR