Muxtar respublikamızda turizmin inkişaf etdirilməsi üzrə görülən tədbirlər öz bəhrəsini verməkdədir. Əvvəlki dövrlərdən fərqli olaraq, artıq Azərbaycandan çox uzaq coğrafiyalarda yerləşən ölkələrin də Naxçıvana marağı yaranıb. Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin Naxçıvana son səfəri, onun muxtar respublikanın tarix, mədəniyyət və təbiət abidələri ilə tanışlığı bu qənaətə gəlməyə imkan verir. Naxçıvandan ayrılarkən onunla görüşüb təəssüratlarını öyrəndik:
– Naxçıvana səyahət edərkən bura haqqında məlumatınız var idi?
– İlk olaraq onu qeyd etməliyəm ki, mən artıq Naxçıvana ikinci dəfədir, gəlirəm. Əvvəlcə ötən ilin payızında Naxçıvanda olmuşam. İlk səfərim zamanı gördüyüm qonaqpərvərlik, buradakı zəngin turizm ehtiyatları və yerli əhalinin istiqanlığı məni yenidən Naxçıvana gətirdi. Ərəb ölkələrində Azərbaycanın turizm potensialına maraq böyükdür. Buraya gəlməmişdən əvvəl Gəncədə idik. Səfərimin sonunda yenə Naxçıvana gəlməyə, keçən dəfə görə bilmədiyim yerlərlə tanış olmağa qərar verdim. Burada bütün turistlər üçün maraqlı yerlər çoxdur.
– Naxçıvanda diqqətinizi daha çox nə cəlb etdi?
– Azərbaycanın qədim tarixi haqqında məlumatım var. Ölkənizin digər yerlərində olarkən də buna daha çox diqqət edirəm. Naxçıvanda gördüklərim isə məni lap çox təəccübləndirdi. Buradakı tarixi abidələr heyrətamizdir. Sanki Uca Allah bəşəriyyəti bu torpaqdan yaradıb. Nuh Peyğəmbər, Dünya tufanı haqqında eşitdiklərim məndə dərin təəssürat yaratdı. Müasir turistlər belə maraqlı məlumatlara çox fikir verirlər. Əlincəqaladakı müdafiə dastanını dinləyəndən sonra deməyə söz tapa bilmirəm. Abidənin bərpası onun qorunması ilə bərabər, Əlincəqalaya turistlərin ziyarəti üçün də əlverişli imkan yaradıb. Bunlar nəhəng işlərdir.
– Bir səyyah kimi Naxçıvanın turizm imkanları haqqında nə deyərdiniz?
– Burada turistlər üçün hər şey vardır. Rahatlıq, təhlükəsizlik, gözəl xidmət. Naxçıvanın havası çox gözəldir. Biz bu qış günündə Batabata qalxdıq. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, dağların zirvəsində hər şey ecazkar idi. Bilirsiniz, bizim yerlərdə qarlı qış olmur. Batabatdakı ağappaq mənzərə, təmiz hava mənə çox ləzzət elədi. Ən çox təsirləndiyim isə burada bələdçimizin çəkdiyi fotoşəkillərin asanlıqla internetdə paylaşa bilməsi idi. Sonra mənə məlumat verildi ki, Naxçıvanın hər yerində, hətta bu dağlarda da 4G mobil rabitə varmış. Əhsən! Bu, həvəskar turistlər üçün çox cazibədardır. Batabatın ekoturizm, Duzdağın müalicə turizm, Əshabi-Kəhfin dini turizm imkanları beləcə tanıdılacaq, daha çox turistlər gələcək. Məqsədim qəzetimiz vasitəsilə ərəb ölkələrində sizin turizm potensialınız barədə informasiya yaymaqdır.
– 2018-ciildə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
– Bu, çox mühüm hadisədir. Bütün İslam dünyası üçün əlamətdar hadisədir. Hazırda dünyada cərəyan edən, müsəlman ölkələrində baş verən hadisələr dövründə İslam mədəniyyətinin, tolerantlığın və xalqlar arasındakı dialoqun möhkəmləndirilməsi daha çox ehtiyacımız olan məsələlərdəndir. Hesab edirəm ki, ölkənizdə bu sahədə aparılan siyasət, görülən işlər dünyaya nümunədir. Naxçıvanda gördüklərim, burada rast gəldiyim insanların istiqanlığı istənilən əcnəbi vətəndaşda yaxşı təəssürat yaradan amillərdəndir. Ölkəmizə qayıtdıqdan sonra Naxçıvanın gözəllikləri, buradakı qonaqpərvərlik haqqında öz dostlarıma danışacağam, qəzetimizdə bu barədə yazacağam. Sizə, bu gözəl diyarda yaşayan hər kəsə belə gözəl günlər arzu edirəm.
Əli Cabbarov