Dünən “Şərq qapısı” qəzetinin redaksiyasında keçirilən təqdimat mərasimini qəzetin baş redaktoru Tural Səfərov açıb, yeni nəşr barədə məlumat verib. Bildirilib ki, təqdimat mərasimi Naxçıvanın muxtariyyət statusu qazanmasının 93-cü ildönümünə təsadüf edir. Muxtariyyət Naxçıvanın ən böyük sərvətidir və bugünkü Naxçıvan ötən illər ərzində bunun bəhrələrini görüb. Son 20 ildə isə doğma diyarımız inkişaf və tərəqqisinin yeni dövrünü yaşayır. Qısa zaman kəsiyində Naxçıvan əsrlərə bərabər inkişaf yolu keçib. Naxçıvanın beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsi, qədim diyarımızda müasir turizm infrastrukturunun yaradılması muxtar respublikaya gələn xarici qonaqların sayını artırıb. Son illər Naxçıvana gələn dünyanın tanınmış ictimai xadimləri, jurnalistləri muxtar respublikanın inkişafına, burada yaradılan sabitliyə heyranlıqlarını bildiriblər, dünyanın nüfuzlu mətbuat orqanlarında qədim diyarımız barədə yazılar çap etdiriblər. Həmin yazıların bir qisminin toplandığı “Naxçıvan dünya mətbuatında” kitabının çap olunması muxtar respublikada kütləvi informasiya vasitələrinə, kitab nəşrinə göstərilən ardıcıl diqqət və qayğının davamıdır.
Təqdimat mərasimində Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov və “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov çıxış ediblər. Qeyd olunub ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə nəşr olunan “Naxçıvan dünya mətbuatında” adlı kitabda muxtar respublikaya səfər edən ictimai və elm xadimlərinin, jurnalistlərin bu diyar haqqında qələmə aldıqları yazılar, onlarla aparılan müsahibələr toplanılıb. Kitab “Naxçıvan dünya mətbuatında” və “Naxçıvan xarici qonaqların gözü ilə” fəsillərindən ibarətdir. Nəşr 2004-cü ilin noyabr ayında Rusiyanın “İzvestiya” qəzetində dərc olunmuş “Naxçıvan Muxtar Respublikası: tarixi-siyasi məlumat”la açılır. Bu, muxtar respublika haqqında ilk rəsmi məlumat vermək baxımından dəyərli bir vasitə kimi diqqəti çəkir.
Vurğulanıb ki, kitabın dəyərli məziyyətlərindən biri yazı və müsahibələrə verilmiş sərlövhələrin, geniş mənada, bu torpaqda yaşayış başlanandan bu günə qədər keçdiyi yola işıq salmasıdır. Diqqət yetirək: “Biz öz torpağımızda yaşayırıq”, “Mağara tədqiqatçıları üçün füsunkar mehmanxana”, “Ordubad: Avrasiyanın ürəyində qədim şəhər”, “Nuhun gəmisi harayacan üzübmüş?”, “Allah yurdu Naxçıvan”, “Turizm baxışı: Naxçıvan əfsanəsi”. Bu başlıqlar Naxçıvanın tarixini olduğu kimi öyrənmək baxımından diqqət çəkir.
Naxçıvanı Qafqaz dağlarının San-Fransiskosu adlandıran Amerikanın “Vice” jurnalının əməkdaşı Mark Heyin, türkoloq Murad Acının, sloveniyalı jurnalist Stefano De Francesehin, isveçrəli Nikoletta Hermanın, rusiyalı Andrey Petrovun, Oleq Kuznetsovun, italiyalı arxitektor Laura Perettonun, israilli Jacqui Lichtin, pakistanlı Raca Mahmud Battinin muxtar respublikanın bölgələri, tarixi və təbiət abidələri, emal və istehsal müəssisələri, təhsil və səhiyyə ocaqları barədə qələmə alınmış yazıları adıçəkilən kitaba ensiklopedik dəyər verib. Bu sırada Amerika Birləşmiş Ştatlarından olan jurnalist Peter Taseni xüsusi vurğulamaq lazımdır. Bir neçə yazısı bu kitabda özünə yer alan Peter Tase Naxçıvanla bağlı çoxsaylı məqalələrin müəllifidir. Həmin məqalələr dünyanın bir sıra ölkələrinin mətbuatında dərc olunub.
Diqqətə çatdırılıb ki, kitabın ikinci fəsli muxtar respublikaya gələn qonaqlarla aparılmış müsahibələrdir.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova bu kitabın çap olunmasının əhəmiyyətindən danışıb, bu işdə əməyi olan jurnalistləri təbrik edib.
Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Ülvi Hüseynli tədbir iştirakçılarını Naxçıvanın muxtariyyət qazanmasının 93-cü ildönümü münasibətilə təbrik edib. Bildirilib ki, son illər Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib, jurnalistlərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan televiziyasının və “Şərq qapısı” qəzetinin internet saytının yaradılması ilə informasiya blokadası yarılıb, muxtar respublikamız barədə dünya ictimaiyyətinə dolğun məlumatların çatdırılması təmin edilib. Naxçıvanın hərtərəfli inkişafı, tarixi abidələrin bərpası, müasir turizm infrastrukturunun yaradılması və muxtar respublikanın tarixinin, turizm obyektlərinin geniş təbliği Naxçıvana gələn turistlərin sayını artırıb. Təbii ki, həmin qonaqların sırasında tanınmış jurnalistlər və ictimai xadimlər də olub. Onların Naxçıvan barədə hazırladıqları yazılar dünyanın nüfuzlu mətbu orqanlarında işıq üzü görüb. Həmin yazıların və müsahibələrin bir kitab halında toplanması, bu kitabın muxtar respublikanın 93-cü ildönümündə təqdimat mərasiminin keçirilməsi əlamətdar hadisədir.
Ülvi Hüseynli muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışan jurnalistləri yeni kitabın işıq üzü görməsi münasibətilə təbrik edib, gələcəkdə onlara bu prosesdə daha fəal olmağı arzulayıb.
Xəbərlər şöbəsi