Culfa rayonunun Gülüstan Kənd Mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada qadınların sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə qəbul edilən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur. Son illər muxtar respublikada böyük səhiyyə müəssisələri ilə yanaşı, onlarla həkim ambulatoriyasının, feldşer-mama məntəqəsinin istifadəyə verilməsi, müasir tibbi avadanlıqlarla təchiz edilməsi qadınların sağlamlığının qorunmasına zəmin yaradıb, ana ölümünün minimuma endirilməsinə gətirib çıxarıb. Hər bir yaşayış məntəqəsində olduğu kimi, Gülüstan kəndində də yaşayan qadınların sağlamlıqlarının qorunması üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılıb. Dövlətimizin qadınlara göstərdiyi qayğı kimi qadınlarımız da öz ailəsinə qayğı ilə yanaşmalı, övladlarının layiqli vətəndaş kimi böyüməsinə çalışmalıdırlar.
Vurğulanıb ki, ailədaxili münasibətlər sisteminin düzgün tənzimlənməsi, ailənin xoşbəxtliyi bir sıra mühüm elementlərdən asılıdır. Bunlar olmadan sağlam ailə barəsində danışmaq mümkün deyil. Bunlardan ən birincisi ailədə ananın üzərinə düşən vəzifələri düzgün yerinə yetirməsidir ki, bu vəzifə çox böyük məsuliyyət tələb edir. İnsan ailədə dünyaya gəlir. Onun ilk sosial mühiti ailəsidir, əldə etdiyi ilk təcrübə və biliklər məhz anadan və ailənin digər üzvlərindən əxz etdikləridir. Ana yeni nəsli mövcud ictimai şəraitdə həyata hazırlamalı, ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün övladlarına zəruri olan bilik, bacarıq və vərdişləri mənimsətməlidir.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Hamilə qadınların qidalanması, gigiyenası və qadınlarda virus hepatitlərinin fəsadları” mövzusunda çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq barədə slayd vasitəsilə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, hepatit qaraciyərin iltihabı, toksiki, travmatik zədələnməsidir. Bu səbəblərin başında virus infeksiyaları durur. Virusların törətdiyi hepatit xəstəliyinin bəziləri virusla çirklənmiş su və qida maddələrinin qəbulu ilə, B, C, D, G tipli hepatitlər isə qanla və sairə yollarla digərinə ötürülür. Xəstəliyin son nəticəsi isə qaraciyər hüceyrələrinin tədricən ölməsidir. Bu zaman qaraciyər fəaliyyətini itirməklə insanın ölümünə səbəb olur. Buna görə də hər bir ana sağlam həyat tərzi yaşamaqla özünü və dünyaya gətirəcək övladını xoşagəlməz hadisələrdən uzaqlaşdıra bilər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti