25 Dekabr 2024, Çərşənbə

Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 52 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları” və “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin qeydə alınması qaydaları” mövzularında seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, kargüzarlıq dedikdə, sənədlərin hazırlanması və rəsmiləşdirilməsi, onların hərəkətinin təşkili, uçotu və saxlanması sahəsində fəaliyyət başa düşülür. Kargüzarlıq sisteminin qurulması dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsinə və idarəetmə qərarlarının vaxtında qəbul edilməsinə səbəb olur. Bu baxımdan dövlət orqanlarında kargüzarlığın düzgün təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin bir sıra hallarda sənədlərin hazırlanmasında nöqsanlar müşahidə olunur. Bugünkü seminarın məqsədi kargüzarlıq fəaliyyəti ilə bağlı müvafiq təlimatın tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.

İsmayıl Qəribli digər mövzu ilə bağlı deyib ki, “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən vətəndaşların yazılı və şifahi müraciətləri qeydə alınmalı və cavablandırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli qərarı ilə “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası” təsdiq olunub. Keçirilən seminarın məqsədi həmçinin bu sahədə qanunvericiliyin tətbiqi ilə bağlı seminar iştirakçılarını məlumatlandırmaqdır.
Sonra komissiyanın şöbə müdiri Mahir Abbasov dövlət orqanlarında kargüzarlığın aparılması işindən, o cümlədən sənədlərin hazırlanmasından, qeydiyyatından, hərəkətindən, icrasından, uçotundan və arxivə verilməsindən, sektor müdiri Türkan Gülməmmədli isə telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin qeydə alınması, dərhal və ya müraciət vərəqəsi hazırlanmaqla qanunvericilikdə müəyyən edilmiş müddətdə cavablandırılması, eyni zamanda altıaylıq və illik arayışın hazırlanması və təqdim edilməsi qaydalarından danışıblar.
Slaydlarla müşayiət olunan çıxışlardan sonra seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR