25 Dekabr 2024, Çərşənbə

Naxçıvanın muxtariyyəti məsələsi XX əsrin 20-ci illərində bölgədə baş vermiş ictimai-siyasi hadisələrin nəticəsində meydana çıxmışdı. 1918-ci ilin may ayında Cənubi Qafqazda müstəqil respublikaların – Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının yaranması onlar arasında ərazi-sərhəd məsələlərini həll etməyi zəruri etdi. Gürcüstan və Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü. Xüsusilə “böyük Ermənistan” yaratmaq xülyası ilə çıxış edən Ermənistan Respublikası Azərbaycanın bir sıra tarixi torpaqlarını – Qarabağı, Zəngəzuru, Naxçıvanı və başqa torpaqları öz ərazisinə qatmaq üçün açıq mübarizəyə başladı. Bu işdə onlara bir sıra dövlətlər siyasi, iqtisadi və hərbi yardım göstərirdi.

 Azərbaycan Xalq Cümhuriyyəti düşdüyü çətin vəziyyətə, qarşılaşdığı daxili və xarici amillərə baxmayaraq, Naxçıvana imkan daxilində siyasi dəstək verir, ona iqtisadi və hərbi yardım göstərməyə çalışırdı. Naxçıvan əhalisi erməni daşnaklarına qarşı inadla mübarizə aparır, bölgəni qoruyub saxlamaq üçün bütün imkanlardan istifadə edirdi. Erməni silahlı qüvvələri qarşısında lazımi silah-sursata malik olmayan yerli müsəlman əhalisi, Müsəlman Milli Şurası, onun rəhbərləri – Cəfərqulu xan, Rəhim xan, Kalbalı xan və yerli ziyalılar erməni daşnaklarına qarşı mübarizə aparır və özünümüdafiə dəstələri yaradırdılar. Müsəlman Milli Şurası bölgənin təhlükəsizliyini təmin etmək üçün 1918-ci ilin noyabrında paytaxtı Naxçıvan şəhəri olan Araz-Türk Cümhuriyyətini yaratdı. Araz-Türk Cümhuriyyətinin yaranması ilə bir sıra dövlət və idarəçilik orqanları yaradılmış, hökumətin tərkibi formalaşdırılmışdı. Hökumətin tərkibi sədrdən və 6 üzvdən ibarət idi. Hökumətin başçısı vəzifəsinə Əmir bəy Nərimanbəyov seçilmişdi. Əmir bəy bölgə əhalisi arasında və siyasi dairələrdə çox bacarıqlı, vətənpərvər və millətsevər bir şəxsiyyət kimi dəyərləndirilirdi.

Araz-Türk Cümhuriyyətinin ərazisinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Ordubad mahalı, Eçmiədzin qəzasının bir hissəsi, İrəvan qəzasının Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar və Mehri bölgələri daxil idi. Sahəsi 8,7 min kv.km, əhalisi bir milyon nəfərdən artıq idi.
Araz-Türk Cümhuriyyətinin əsas vəzifəsi bölgənin təhlükəsizliyini erməni basqınlarından qorumaq üçün silahlı dəstələr yaratmaq və onların fəaliyyətini təmin etmək idi. Qısa müddətdə 500 nəfərlik süvari alayı və könüllü xalq dəstələrindən ibarət 20 tabor yaradıldı.
Araz-Türk Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış, onunla birləşmək üçün yollar aramışdı. Bu cümhuriyyət eyni zamanda erməni basqınlarına lazımi cavab verir, Naxçıvanın təhlükəsizliyini təmin edirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli 1919-cu ildə parlamentdəki çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi, “igid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar”.
Zəngəzur mahalı 1920-ci ildə Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən ayrı düşmüş, əlaqə pozulmuşdu. Belə olan halda Naxçıvan qəza və rayon hüququnda Azərbaycanın tərkibində qala bilməzdi. Ona görə də Naxçıvanın muxtariyyəti məsələsi gündə­mə gəldi və bu, zəruri idi. Ümummilli lider Heydər Əliyev bununla əlaqədar deyirdi ki, “...əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də, Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.
Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. Hərbi İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzası ilə yayılan bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sovet respublikaları arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafelərinə zidd şəkildə həll edilməsinə yönəlmişdi.
Naxçıvan əhalisi bu bəyanata qarşı kəskin etirazını bildirdi. Vəziyyətin gərginləşdiyini görən Azərbaycan Respublikasının rəhbərliyi respublika Hərbi İnqilab Komitəsinin üzvü, ədliyyə komissarı Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. O, Naxçıvan, Şərur və Ordubad əhalisi ilə görüşlərində, mitinqlərdə yerli əhalinin kütləvi etirazını təşkil edərək mərkəzi hakimiyyətin Ermənistanın xeyrinə qəbul etdiyi qərarın qarşısını aldı.
Naxçıvan diyarının əhalisi Azərbaycanın tərkibində muxtariyyət tələb edirdi. Ona görə də “1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü və iştirakı ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi”. Bu, əslində, Naxçıvanın gələcək müqəddəratında mühüm rol oynadı.
Naxçıvanın Azərbaycanın tərkibində qalmasına çalışan milli kommunistlərin arasında Behbud ağa Şahtaxtinskinin xüsusi əməyi olmuşdu. Onun V.Leninə göndərdiyi 1 mart 1921-ci il tarixli teleqramında və əlavə etdiyi arayışda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ əhalisinin milli tərkibi və sayı haqqında məlumat verilir, Naxçıvanın müqəddəratı ilə bağlı təkliflər irəli sürülürdü. O qeyd edirdi ki, “Naxçıvan diyarı böyük siyasi, iqtisadi və strateji əhəmiyyətə malikdir... Bu diyarın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”.
1921-ci il martın 16-da RK(b)P MK Siyasi bürosu Behbud ağa Şahtaxtinskinin təkliflərini bəyənərək, Azərbaycanın tərkibində Naxçıvan Sovet Sosialist Respublikası yaradılması haqqında qərar qəbul etdi. Həmin gün Rusiya ilə Türkiyə arasında “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi də imzalandı. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən Naxçıvan vilayəti “Azərbaycanın qəyyumluğu altında muxtar ərazi olurdu, bir şərtlə ki, Azərbaycan bu qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcəkdir”.
1921-ci il oktyabrın 13-də RSFSR nümayəndəsinin iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsinə əsasən Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirildi. Müqavilədə göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin beşinci maddəsində və üçüncü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir.
Beləliklə, Moskva və Qars beynəlxalq müqavilələri ilə RSFSR, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanıdı və ona beynəlxalq hüquqi təminat verdi.
Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət tarixinin çətin sınaqlardan keçdiyini nəzərdə tutaraq, eyni zamanda bu muxtariyyətin qazanılmasında fədakarlıq göstərənlərin əməyini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan vəzifə deyildi. Amma o vaxt milli mənafeyi qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm...”
Naxçıvana muxtariyyət statusu 1921-ci ildə verilsə də, Naxçıvan Muxtar Respublikasının yaradılmasına qədər üç il vaxt lazım oldu. Hətta 1923-cü ildə Naxçıvanın muxtar respublika statusu azaldılaraq muxtar diyara çevrildi. Lakin muxtar diyar dövrü uzun sürmədi. 1923-cü ilin dekabrında Naxçıvan diyarı Naxçıvan Respublikasına çevrildi. 1924-cü il fevralın 9-da Azərbaycan MİK Naxçıvan SSR-in yaradılması haqqında qərar verdi.
Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.
80-ci illərin axırlarında Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə erməni iddiaları baş qaldırmış, mərkəzin ikiüzlü siyasəti bu hadisələri qızışdırmışdı.
1990-cı ilin iyul ayında görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən xilas etdi.
1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə Heydər Əliyev hər iki qanunverici orqanın deputatı, 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Ulu öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi bu diyarın taleyini həll etdi. Heydər Əliyevin siyasi fəaliyyəti və artan nüfuzu o dövrdəki iqtidarı ciddi narahat edirdi. Ona görə də naşı siyasətçilər görkəmli dövlət xadimi Heydər Əliyevi hakimiyyətdən kənarlaşdırmaq üçün Naxçıvanın muxtariyyətini ləğv etmək istəyirdilər. Lakin onlar başa düşmürdülər ki, Naxçıvana beynəlxalq müqavilələrlə muxtariyyət statusu verilib və bu statusu birtərəfli qaydada ləğv etmək olmaz.
Qətiyyətli və müdrik dövlət xadimi kimi Heydər Əliyev Naxçıvanı blokadadan qurtarmaq üçün 1992-ci ilin mart və avqust aylarında Türkiyə və İrana səfərlər etmiş, onlarla müqavilələr bağlamış, xüsusilə Türkiyə rəhbərləri ilə Qars müqaviləsini və onun şərtlərini müzakirə obyektinə çevirməklə beynəlxalq aləmin diqqətini ona cəlb etmişdi.
1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandığı kimi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət daha da artırıldı. 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi.
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının hazırlanmasına başlandı. Konstitusiya layihəsi Konstitusiya Komissiyasında bir neçə dəfə müzakirə edildi. Konstitusiya Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasında ümummilli lider Heydər Əliyev geniş nitq söylədi. Ulu öndər həmin nitqində Naxçıvanın muxtariyyətindən bəhs edərək dedi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının birinci maddəsində göstərilirdi ki, “Naxçıvan muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri müəyyən edir”.
Naxçıvanın muxtariyyət statusu və buna əsasən yaradılan Naxçıvan Muxtar Respublikasının ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyəti olmuşdur. Bunu nəzərə alan Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illiyi ilə əlaqədar sərəncamlar imzalamışdır. Sonuncu sərəncamda deyilir: “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir... Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır”.
Müstəqillik illərində çətinliklərlə qarşılaşan, erməni basqınları ilə üzləşən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qorunmuş və inkişafı təmin edilmişdir. 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif Talıbov Heydər Əliyev siyasi kursunu uğurla davam etdirdi. Ali Məclis Sədrinin rəhbərliyi ilə bölgənin üzləşdiyi problemlər müəyyənləşdirildi və onların həllinə başlandı. Muxtar respublikanın xarici əlaqələri xeyli artdı. Keçid məntəqələri istifadəyə verildi, sərhədyanı ticarət canlandırıldı. İqtisadiyyatın dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verildi, yeni iş yerləri yaradıldı, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edildi. Naxçıvan Muxtar Respublikasında irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri genişləndi, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğının yeni mərhələsi başlandı.
Bu gün muxtar respublikanın statusunun və sərhədlərinin beynəlxalq təşkilatlar səviyyəsində tanıdılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 23-cü plenar sessiyasında qəbul olunan sənədlərin birində Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi əhəmiyyətli məqam əks olunmuşdur. Həmin hissə Ali Məclis Sədrinin tövsiyəsi ilə hazır­lanmış və nümayəndə heyəti tərəfindən Memoranduma daxil edilmişdir. Sənəddə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının konstitusion-hüquqi statusu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına, habelə hazırda qüvvədə olan iki beynəlxalq müqaviləyə əsaslanır. Bundan başqa, qeyd olunmuşdur ki, muxtar respublikanın statusu həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrlə müəyyən olunmuşdur. Maddənin sənədə daxil edilməsi Azərbaycan, xüsusilə Naxçıvan Muxtar Respublikası üçün böyük siyasi əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən 1921-ci ildə qəbul olunan Moskva və Qars beynəlxalq müqavilələri beynəlxalq təşkilatın sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilir.
Ölkəmiz, o cümlədən muxtar respublikamız üçün mühüm olan beynəlxalq müqavilənin hüquqi qüvvəsinin Avropa Şurası kimi nüfuzlu bir beynəlxalq təşkilat tərəfindən tanınması, şübhəsiz ki, ölkə və muxtar respublika rəhbərliyinin bu sahədə apardığı fəal diplomatik fəaliyyətin məntiqi nəticəsidir.

İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR