25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub. 2017-ci ilin ilk ayının yekunları da muxtar respublikanın gələcək inkişafında yeni imkanlardan lazımınca istifadə olunacağı qənaəti yaradır. Bəs cari ilin yanvar ayı Naxçıvan üçün hansı əlamətdar hadisələrlə yadda qaldı? Ay ərzində muxtar respublika həyatında baş verən dəyişikliklərə nəzər salaq.

 Təbii ki, ötən ayın ümumi mənzərəsinə nəzər saldıqda muxtar respublikanın həyatında ən önəmli hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəridir. Yanvarın 11-də ölkə ­başçısının ümummilli lider Heydər ­Əliyevin Naxçıvan şəhərinin mər­kəzində ucaldılan abidəsini ziyarət etməklə başlanan səfəri muxtar respublikada bir sıra mühüm obyektlərin istifadəyə verilməsi ilə yadda qalıb. Belə ki, dövlətimizin başçısı ilk olaraq Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib. Sonra isə Prezident İlham Əliyev Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində, Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının, Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin, Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışlarında iştirak edib. Səfərinin sonunda Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində çıxış edən dövlət başçısı deyib: “Naxçıvan Muxtar Respublikasında yenidən olmağımdan çox şadam. Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Bu, mənim Prezident kimi muxtar respublikaya sayca 13-cü səfərimdir. On üç il ərzində on üçüncü dəfədir ki, Naxçıvandayam. Bu rəqəm özlüyündə bir göstəricidir, onu göstərir ki, Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşırdı, respublikanın problemlərinin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm və Naxçıvana həmişə çox böyük diqqət verilir, böyük qayğı göstərilir. 

Çox şadam ki, respublikanın uğurlu inkişafı təmin edilir. Bu münasibətlə respublikanın rəhbərliyini və sakinlərini təbrik etmək istəyirəm. Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.
Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyev Naxçıvana səfərinin ertəsi günü Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidenti­nin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat ayrılıb.
Son illər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında qarşılıqlı əməkdaşlıq münasibətləri daha da inkişaf edərək özünün yeni mərhələsinə qədəm qoyub. İqtisadi, siyasi, humanitar sahələrdə əldə olunmuş müsbət nəticələr iki ölkə arasında nəqliyyat sektorunun da inkişaf etdirilməsinə şərait yaradıb. Ötən il dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının Naxçıvandan İran İslam Respublikasına yola düşməsi regionumuz üçün əhəmiyyətli hadisələrdən biri kimi xatırlanır. 2017-ci il yanvarın 3-də adıçəkilən qatar ilk sərnişinlərini İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına çatdırıb. Həftədə iki dəfə fəaliyyət göstərən qatar Naxçıvanla İran İslam Respublikası arasında inkişaf edən əlaqələrin məntiqi nəticəsidir. Xatırladaq ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb.
Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında yaşayış məntəqələrinin abadlaşdırılması mühüm yer tutur. Muxtar respublika sakinlərinə göstərilən dövlət qayğısının nəticəsidir ki, hazırda ən ucqar kənd yaşayış məntəqələrində də kompleks quruculuq işləri görülür, yeni yollar salınır, təhsil, səhiyyə, mədəniyyət obyektləri istifadəyə verilir, əhalinin rahat yaşamaq imkanları artır. Kompleks quruculuq tədbirlərinin aparıldığı kənd yaşayış məntəqələrində belə layihələrin həyata keçirilməsi cari ildə də davam etdirilir. Yanvarın 5-də Naxçıvan şəhərinin Tumbul kəndində cari ilin ilk yeni quruculuq obyektlərinin açılışı olub. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Tumbulda kənd və xidmət mərkəzləri, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin binası istifadəyə verilib.
Məktəbin açılış mərasimində çıxış edən Ali Məclisin Sədri deyib: “Bu gün ümummilli liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir, bu sahədə lazımi normativ hüquqi aktlar qəbul olunur. Hazırda ölkəmizdə təhsilin bütün pillələri təmin edilmiş, gənc nəsil üçün müasir tədris şəraiti yaradılmışdır. Bununla yanaşı, gənc­lərin xarici ölkələrdə ali təhsil alması üçün də dövlətimiz tərəfindən lazımi köməklik göstərilir. Bir sözlə, Azərbaycan dövləti öz gələcəyini təmin etmək üçün gənc­lərin hərtərəfli təhsil alması qayğısına qalır. Yaradılan şəraitin nəticəsi olaraq isə vətənpərvər, təhsilli və peşə sahibi olan gənclər yetişdirilir. Bu da həm cəmiyyət, həm də dövlət üçün vacib məsələdir... Məktəbin nailiyyətləri onu deməyə imkan verir ki, burada müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulub. Yaradılan müasir tədris şəraiti gələcəkdə nailiyyətlərin daha da artmasına imkan verəcək, məktəbdə təhsilli və vətənpərvər gənclər yetişdiriləcəkdir”.
Həmin gün Tumbulda içməli su və kanalizasiya şəbəkəsinin də açılışı olub.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi üzrə kənddə 18 kilometrdən artıq içməli su və 15 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi çəkilib, mənzillərdə sayğaclar quraşdırılıb. Kənddə, ümumilikdə, 503 abonent içməli su və kanalizasiya şəbəkəsinə qoşulub. Görülən işlərlə yanaşı, Tumbul kəndində 2 kilometrlik kənddaxili avtomobil yoluna asfalt örtük salınıb, beton kanal çəkilib və 5 su keçidi qoyulub. Bundan əlavə, kənddə rabitə xətləri yenilənib, 2740 metrlik müxtəlif tutumlu kabel xətti, 800 metrlik elektrik xətti, 230 metr yeraltı elektrik xətti çəkilib, qaz xətlərində təmir işləri aparılıb.
Yanvarın 7-də isə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib. Sessiyanın müzakirəsinə 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin təsdiq edilməsi, “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı kimi məsələlər verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sessiyada məruzə edərək muxtar respublikada müxtəlif sahələrin inkişafı haqqında danışıb, ötən il əldə olunmuş uğurlu nəticələrdən bəhs edib. Həmin gün Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 9-cu bəndinə uyğun olaraq müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və ya toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyən “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilib.
Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması qarşıda duran ən mühüm vəzifələrdən biri hesab olunur. Bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, ötən dövrdə muxtar respublikanın şəhər və rayonlarında müxtəlif idman obyektləri tikilib, uşaq, yeniyetmə və gənclərin idmanla məşğul olmaları, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Bu sahədə görülən işlərin nəticəsidir ki, son illər muxtar respublikada gənclərin idmana marağı daha da artıb, idmançılarımız ölkə və dünya əhəmiyyətli idman yarışlarında iştirak edərək uğurlu nəticələrə imza atıblar. İdmana göstərilən diqqət həm də onda özünü göstərir ki, hər il muxtar respublikada bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti ilə bağlı keçirilən müşavirələrdə idman qurumları və federasiyaların fəaliyyəti müzakirə edilir, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Məhz yanvar ayının önəmli hadisələrindən biri də ötən ayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə müşavirə keçirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müşavirədə gənclərin asudə vaxtının səmərəli təşkilində, onların sağlam böyüməsində və gələcəyə hazırlanmasında idmanın əhəmiyyətindən bəhs edərək gənclərin idman növlərinə marağının artırılması ilə bağlı aid təşkilatlara və federasiyalara tapşırıqlar verib. Bildirilib ki, bədən tərbiyəsi və idmanla məşğul olmaq təkcə yarışlarda iştirak etmək və yüksək nailiyyət əldə etmək məqsədi daşımır; bu, eyni zamanda xəstəlik və zərərli vərdişlərin qarşısının alınmasını, əhali sağlamlığının təmin olunmasını da nəzərdə tutur. Bu xüsusatı əsas götürərək ona nail olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində yaradılanlardan bütün vətəndaşlar, o cümlədən gənclər səmərəli istifadə etsinlər. Ona görə də Gənclər və İdman Nazirliyi, idman federasiyaları muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idmanın kütləviliyinin artırılması sahəsində fəaliyyətlərini gücləndirməlidirlər.
Naxçıvan Muxtar Respublikasının qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə əlaqələri hər ötən gün daha da genişlənir. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr hazırda hər iki qonşu ölkə ilə uğurla davam etdirilir. Muxtar respublikanın sosial-iqtisadi inkişafının ilbəil yüksəlməsi isə regionun xarici iqtisadi əlaqələrinin möhkəmlənməsinə imkan verir. 2017-ci ilin yanvar ayı həm də Naxçıvan Muxtar Respublikasının xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, yanvarın 16-da Türkiyə Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın yerli istehsal müəssisələrində olub, ixrac potensialı ilə maraqlanıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türkiyədən gəlmiş nümayəndə heyəti üzvlərinin yerli sahibkarlarla görüşü keçirilib. Türkiyənin ölkəmizdəki səfirliyinin və Naxçıvandakı Baş Konsulluğunun nümayəndələrinin də iştirak etdiyi tədbirdə muxtar respublikada istehsal olunan məhsulların qardaş ölkəyə ixrac edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
20 Yanvar hadisələri xalqımızın qəhrəmanlıq səhifəsində mühüm yer tutur. Bu hadisə nə qədər faciəvi olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gün həlak olan vətən oğulları xalqımızın tarixinə parlaq səhifə yazdılar, milli azadlığımız və suverenliyimiz üçün yol açdılar. Buna görə də bu tarixi gün hər il ölkəmizdə qeyd olunur. Bu il də 20 Yanvar hadisələrinin ildönümü muxtar respublikanın hər yerində kütləvi şəkildə qeyd edilib. Yanvarın 20-də saat 1200-da Azərbaycanın bütün ərazilərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da doğma yurdunun, xalqının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Yuxarıda qeyd etdiyimiz kimi, Naxçıvanla İran İslam Respublikası arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Xüsusilə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi əlaqələrin qurulması yaxın region kimi hər iki tərəf üçün perspektivli tərəfləri ilə seçilir. Yanvarın 24-də İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin valisi Qurban­əli Səadətin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri bu əlaqələrin inkişafına öz töhfəsini verəcək. Qeyd edək ki, səfər çərçivəsində Qərbi Azərbaycan Vilayətinin sənaye, mədən, kənd təsərrüfatı, tikinti sahələrində fəaliyyət göstərən iş adamları Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan məhsullarla tanış olublar, naxçıvanlı sahibkarlarla görüşüblər. Sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası və Qərbi Azərbaycan Vilayətində istehsal olunan məhsulların qarşılıqlı olaraq ixracı və idxalının, iş adamları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, geniş fikir mübadiləsi aparılıb. Muxtar respublikada istehsal edilən məhsullarla tanış olan nümayəndə heyətinin üzvləri Naxçıvanla Qərbi Azərbaycan Vilayəti arasında iqtisadi əməkdaşlıq üçün münbit şəraitin olduğunu bildiriblər.
Göründüyü kimi, 2017-ci ilin ilk ayı muxtar respublikada kifayət qədər əlamətdar hadisələrlə yadda qalıb. Yanvar ayının ümumi mənzərəsi onu göstərir ki, ötən il əldə olunmuş uğurlu nəticələr cari ildə də davam etdirilir. Muxtar respublikanın sosial və iqtisadi həyatında atılan addımlar, xüsusilə iqtisadi sahədə keçirilən görüş və tədbirlər Naxçıvanın daha da sürətli inkişafına öz töhfəsini verəcəkdir.

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR