25 Dekabr 2024, Çərşənbə

Qış mövsümündə idarə, müəssisə və təşkilatların fasiləsiz fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri də abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasıdır.
Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib. Son illər muxtar respublikamızda həyata keçirilən irimiqyaslı layihələr digər sahələrdə olduğu kimi, abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatına da əlverişli şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən verilən məlumata görə, muxtar respublikada yay mövsümündə elektrik enerjisinə olan tələbat 80-85 meqavat, qış mövsümündə 45-50 meqavat təşkil edir. Əhalinin və təsərrüfat subyektlərinin qış mövsümündə elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün hazır­lıq işlərinə xüsusi diqqət yetirilib, lazımi mal-material ehtiyatı yaradılıb. Həmçinin elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexləri lazımi ehtiyat hissələri, dolaq, elektrotexniki kağız və materiallarla təmin edilib. Əsas avadanlıq və materialların birbaşa xarici ölkələrin istehsalçı müəssisə və təşkilatlarından alınması işləri davam etdirilir. Ümumiyyətlə, abonentlərin, o cümlədən inzibati və ictimai yaşayış binalarını istiliklə təmin edən qazanxanaların fasiləsiz və təhlükəsiz elektrik enerjisi ilə təmin olunmasına, baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə hərtərəfli şərait yaradılıb.

Müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla sərf olunan elektrik enerjisinin dəqiq uçotunun aparılması məqsədilə sayğacların quraşdırılması işi də vaxtında başa çatdırılıb. 2015-ci ilin iyul ayından isə Naxçıvan şəhərində daha müasir, ön ödənişli, smartkarttipli sayğacların quraşdırılmasına başlanılıb.
Bu məqsədlə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Naxçıvan şəhərində smartkarttipli sayğacların quraşdırılmasına başlanılması insanlar tərəfindən onlara göstərilən daha bir qayğı kimi dəyərləndirilir. Qeyd edək ki, bu sayğacların əsas xüsusiyyəti abonentlərin elektrik enerjisinin təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir. Naxçıvan şəhərinin müxtəlif məhəllələrində təmir edilmiş ictimai yaşayış binaları və fərdi yaşayış evləri yeni sayğaclarla təchiz olunur.
Əhali qrupu üzrə istehlakçıların elektrik enerjisindən müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli sayğacların quraşdırılması davam etdirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən aldığımız məlumata görə, indiyədək Naxçıvan şəhərində 15 min 150 ədəd sayğac quraşdırılıb. Sayğacların kənar müdaxilələrdən mühafizəsi də diqqətdə saxlanılıb. Bu məqsədlə qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilərək quraşdırılır.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR