25 Dekabr 2024, Çərşənbə

Müstəqillik əldə etdikdən sonra Naxçıvan Muxtar Respublikasının hərtərəfli tərəqqisini özündə əks etdirən, inkişaf və quruculuğun, sözün geniş mənasında, daha bir ünvanına çevrilmiş Şərur rayonu bu gün yüksəlişinin yeni mərhələsindədir. Son illərdə rayonun siması xeyli dəyişib, çoxlu sayda sosial obyektlər, xidmət sahələri, istehsal və emal müəssisələri yaradılıb, yollar, körpülər salınıb, meliorasiya qurğuları istismara verilib.
Ölkə başçısının imzaladığı, icrasına xüsusi diqqət və tələbkarlıqla yanaşılan regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət pro­qramlarının uğurla həyata keçirilməsi nəticəsində bu gün bütün bölgələr kimi, Şərurda da yeniləşmə ruhu hakimdir, insanlar böyük həvəslə qurub-yaratmaq, abadlaşdırmaq istəyirlər, sabahlarının bu gündən daha yaxşı olması üçün qüvvələrini əsirgəmirlər. Ümumiyyətlə, respublikamızda iqtisadi potensialın hərtərəfli inkişafının təmin edilməsi, mövcud resurslardan səmərəli istifadə olunması sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, yeni istehsal və emal müəssisələrinin işə salınması, əhalinin məşğulluğunun yüksək səviyyədə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızın bu qədim bölgəsini də əhatə edib.

Şərur həm ərazisinə, həm də əhalisinin sayına görə muxtar respublikanın ən böyük bölgəsidir. Bu il yanvarın 1-nə olan məlumata görə, rayonun əhalisi 114 min 596 nəfərdir. Şərurda ta qədimdən, əsasən, taxıl, kartof, meyvə, bostan-tərəvəz məhsulları istehsal edilir. Heyvandarlıqla, quşçuluqla, arıçılıqla məşğul olan ailələrin sayı ildən-ilə artır. 150 milyon kubmetr su tutumu olan Arpaçay dəryaçası rayonun bərəkətli torpaqlarına həyat verir. Qum-çınqıl zavodu, asfalt zavod, çörək və çörək məhsulları müəssisələri, “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyəti rayonun əsas sənaye müəssisələrindəndir. Aparılan ardıcıl işlər, həyata keçirilən məqsədyönlü tədbirlər rayonun sosial-iqtisadi həyatını canlandıran amillərdir. Bunun nəticəsi olaraq əhalinin maddi rifah halı da get-gedə yüksəlir, yaşayış məntəqələri simasını sürətlə dəyişir, gözəlliyə qovuşur.
Şərurun mərkəzindən tutmuş ən ucqar dağ kəndlərinə qədər diqqətçəkən məqam budur ki, insan amili daim ön plandadır, əhalinin rahatlığı, sərbəst işləməsi və yaşaması üçün hər cür imkan və şərait yaradılır. Əgər bu gün rayon mərkəzindən xeyli aralı məsafədə yerləşən Havuş, Tənənəm, Şahbulaq, Yuxarı Yaycı kəndləri fasiləsiz elektrik enerjisi ilə, təbii qazla təmin olunursa, kənd­lərə gedən yollara asfalt örtük salınırsa, məktəblər, tibb məntəqələri, mədəniyyət müəssisələri, rabitə evləri müasir binalarda fəaliyyət göstərirsə, deməli, Şərur daha işıqlı sabahlara doğru addımlayır.
Təbii ki, rayon mərkəzi kimi Şərur şəhəri də son illər aparılan abadlıq-quruculuq işləri sayəsində sürətlə inkişaf edir, böyüyür, gözəlləşir. Geniş ərazini əhatə edən Heydər parkı, ulu öndərin adını daşıyan yaraşıqlı prospekt, bir-birinin ardınca tikilən, yaxud əsaslı şəkildə yenidən qurulan ictimai və inzibati binalar, sosial obyektlər, bağ-bağçalar, gülkarlıqlar şəhərin gözəlliyinə yeni çalarlar qatır. Küçə və parklarda səliqə-sahman yaradılır, təmizliyə xüsusi fikir verilir. Bütün bunların nəticəsində rayon sakinlərinin doğma el-obaya, torpağa bağlılığı artır, fərdi təşəbbüskarlıq yüksəlir. Rayonda sahibkarlığa geniş meydan verilməsinin nəticəsidir ki, istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının əksər hissəsi özəl sektorun payına düşür.
Ötənilki statistik rəqəmlər də bunu təsdiq edir. 2016-cı ildə 866 torpaq mülkiyyətçisinə əkin sahələrinin becərilməsi üçün 8 min 752 hektar torpaq sahəsinə görə 437 min 600 manat məbləğində yardım, kənd təsərrüfatının inkişafı üçün Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına 145 min 200 manat, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1 milyon 679 min 200 manat güzəştli kredit verilib. Göstərilən qayğının nəticəsidir ki, bəhs olunan dövrdə rayonda 24 min 117 ton taxıl istehsal edilib, hektarın orta məhsuldarlığı 31,6 sentner olub. Kartof istehsalı 11 min 342 tona, meyvə istehsalı 20 min 488 tona, üzüm istehsalı 1443 tona, tərəvəz istehsalı 28 min 783 tona, bostan məhsulları istehsalı 6 min 515,5 tona, dən qarğıdalı istehsalı 6 min 936 tona çatdırılıb, 83 ton günəbaxan tumu tədarük edilib. Rayonda soğan əkininə maraq xeyli artıb, 95 hektar, yəni əvvəlki ildəkindən 10 hektar çox sahə soğan əkini üçün ayrılıb, bu sahələrdən 4 min 300 ton məhsul yığılıb.
Şərurda həyata vəsiqə alan irimiqyaslı layihələr, dövlət proqramlarının uğurlu icrası rayonun hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Ölkə Prezidenti cənab İlham Əliyev rayonda görülən işləri yüksək qiymətləndirərək deyib: “Şərurda bütün sosial məsələlər həllini çox uğurla və keyfiyyətlə tapır, sosial infrastrukturun yaradılması bu rayonda sürətlə gedir”. Ölkə başçısının görülmüş işlərə verdiyi yüksək dəyər, işlədiyi sahədən asılı olmayaraq, hər kəsi daha səylə və fədakarlıqla çalışmağa ruhlandırıb. Faktlara nəzər salaq: 2015-ci illə müqayisədə 2016-cı ilin on bir ayında sənaye məhsulunun həcmi 1,2 faiz artaraq 82 milyon 568,8 min manata çatıb. Müqayisə apardığımız dövrdə əsas kapitala yönəldilən investisiyaların həcmi 3,4 faiz artaraq 73 milyon 511,9 min manat təşkil edib. Tikinti-quruculuq işlərinə yönəldilən vəsait əvvəlki ilin müvafiq dövründəkinə nisbətən 4,1 faiz çox, daha dəqiqi 69 milyon 429,7 min manat olub.
Ümumiyyətlə, Şərurda tikinti, abadlıq və quruculuq işləri ilbəil genişlənir. Rayonu gəzib-dolaşdıqca yenidənqurma işlərinin daha geniş vüsət aldığının şahidi oluruq. İstər Şərur şəhərində, istərsə də kəndlərdə küçələr, avtomobil yolları genişləndirilir, səkilərə kilid daşlar, yollara asfalt döşənir. Bütün yenidənqurma işlərində milli memarlıq xüsusiyyətləri və müasirlik nəzərə alınır. Son illər qaçqınlar, məcburi köçkünlər, Azərbaycan Vətən müharibəsi əlilləri, şəhid və zabit ailələri üçün çoxlu sayda fərdi mənzillər tikilib istifadəyə verilib.
Son illər Şərurun 45-ə yaxın kəndində geniş quruculuq tədbirlərinin həyata keçirilməsi, məktəb binalarının, kənd və xidmət mərkəzlərinin tikilməsi rayonun görkəminə müasirlik gətirib. Rayonun təhsil sistemində də köklü dəyişikliklər edilib. Dövlət pro­qramlarının həyata keçirilməsi nəticəsində uzun illər diqqətdən kənarda qalmış və qəza vəziyyətinə düşmüş məktəblər üçün yeni binalar tikilib, bəzi məktəb binaları yenidən qurulub.
İnsanların sağlamlığının qorunması, onların tibbi ehtiyaclarının maksimum şəkildə qarşılanması məqsədilə səhiyyə müəssisələri ən modern üslubda yenilənib. Səhiyyə müəssisələrinin ixtisaslı kadrlarla təminatı da diqqət mərkəzində saxlanılır. Rayon mərkəzində geniş ərazini tutan, müasir standartlara tam cavab verən xəstəxana şəhərciyi ilə yanaşı, 30 çarpayılıq Aralıq Kənd Sahə Xəstəxanası, 32 feldşer-mama məntəqəsi, 28 həkim ambulatoriyası əhalinin xidmətindədir.
Şərurda sürətli və irimiqyaslı quruculuq işləri, istehsalın genişləndirilməsi ötən il də davam etdirilib. Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün tədris və yataqxana korpusları, Arbatan kəndində 234, Oğlanqalada 576 yerlik orta məktəb, kənd və xidmət mərkəzləri, Yengicə kəndində müharibə əlili üçün yaşayış evi, Mahmudkənddə, Aralıq və Aşağı Yaycı kəndlərində futbol meydançaları tikilərək istifadəyə verilib, Şərur şəhərinin Heydər Əliyev prospektindəki hər biri 24 mənzilli 46 və 48 nömrəli ictimai yaşayış binaları əsaslı şəkildə təmir edilib, Xanlıqlardakı “İmamzadə” bərpa olunub. Bu yaxınlarda isə Arpaçay və Çəmənli kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan-Sədərək magistral avtomobil yolunun rayon ərazisindən keçən ikinci hissəsinin açılışında deyib: “Bilirsiniz ki, yol tikintisi inkişaf, insanların normal, rahat yaşaması üçün əsasdır. Harada ki yol tikilir, orada inkişaf var, harada ki yol tikilir, müəssisələr yaradılır, orada canlanma gedir. Ona görə də bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur”. Son vaxtlar Şərur rayonunda bu istiqamətdə də xeyli iş görülüb. Ələkli kəndi ərazisində asfalt-beton zavodunun və Qarxunda qum-çınqıl karxanasının istifadəyə verilməsi yol təmiri və tikintisi işlərini sürətləndirib. Təkcə ötən il rayonda 2 milyon 179 min 987 manatlıq yol təmiri və tikintisi işləri görülüb. 5,9 kilometrlik Çərçiboğan-Arbatan, Dərvişlər, Arpaçay, Çəmənli və Babəki kəndlərini birləşdirən 9,7 kilometrlik, 1 kilometr uzunluğunda olan Arbatan-Çomaxtur yolları əsaslı şəkildə yenidən qurulub, rayon mərkəzində və kəndarası yollarda cari təmir işləri görülüb.
Dövlətin göstərdiyi diqqət və qayğıdan bəhrələnən əhalinin gəlirlərinin artması çoxsaylı fərdi yaşayış evlərinin, yardımçı binaların tikintisinə, digər infrastrukturların yaradılmasına imkan verib. Həyata keçirilən tədbirlər nəticəsində ötən illərdə Şərurun sosial-iqtisadi inkişafına yeni töhfələr vermək, əhalinin məşğulluğunu təmin etmək üçün sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm addımlar atılıb və konkret nəticələr əldə edilib. Buna misal kimi “Yubfi” firmasını, Zeyvə kəndindəki quşçuluq fabrikini, “Şərur Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətini, “Şərur-3”, “Şərur çörək”, “Arpaçay” Məhdud Məsuliyyətli cəmiyyətlərini, soyuducu anbarları və digərlərini göstərmək olar.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilməsi rayonda əhalinin məşğulluğuna müsbət təsir göstərib. Bütün bunların nəticəsidir ki, ötən il 612 nəfər işaxtaran rayon məşğulluq mərkəzində qeydiyyata alınıb, onların 556 nəfəri daimi işlə təmin olunub, 50 nəfər müvəqqəti iş yeri əldə edib.
Aparılan genişmiqyaslı yaşıllaşdırma tədbirləri də rayonun gözəlliyinə öz təsirini göstərib. Ötən il bu sahədə daha çox iş görülüb. Naxçıvan-Sədərək magistral yolunun kənarlarında, müxtəlif yaşayış məntəqələrində 11,5 hektar sahədə yeni meyvə bağı salınıb, 15 hektar meyvə bağında bərpa işləri aparılıb. 49 min 389 ədəd ting əkilib ki, bunun da 19 min 850-si ərazinin təbii-iqlim şəraitinə uyğun meyvə tingləridir. Yaşıllıqlara qulluq tədbirləri ilboyu davam etdirilir.
Rayonda xidmət təşkilatlarının, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli və suvarma suyu ilə təmin olunması, nəqliyyat, rabitə və informasiya sahələrinin işinin nizamlanması istiqamətində görülən işlər də qənaətləndiricidir.

Bəli, bu gün Şərurda gedən inkişaf prosesləri, əldə edilən uğurlar hər bir insanı sevindirir, sakinlərin gələcəyə inam hissini daha da yüksəldir. Şərur bu gün abad yaşayış məntəqələri, yolları, bağ-bağçaları, bol məhsul verən əkin sahələri ilə müasir Azərbaycan rayonunun bir nümunəsidir. Bu torpağın hüsnünə tamaşa etdikcə düşünürsən ki, zəhmətkeş insanların illərlə davam edən yorulmaz əməyi artıq öz əməli nəticələrini verib. Şərurun hər günü, hər ayı abadlıq, quruculuq, yaşıllaşdırma tədbirləri ilə, sənaye və istehsal müəssisələrində, aqrar sahədə inkişafla, tərəqqi ilə yadda qalır. Bütün bunların yaratdığı qənaət belədir: Şərurun indiki növrağı belədir, sabahı daha da cazibədar olacaq. 

Elman Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR