Bu rayonun bütün yaşayış məntəqələri abadlaşdırılıb
2016-cı il Naxçıvanın tarixində əlamətdar və əhəmiyyətli hadisələrlə yadda qaldı. İstər ictimai-siyasi, istərsə də sosial-iqtisadi və mədəni sferalarda uğurlu nəticələr əldə olundu. “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” olan 2016-cı ildə əldə olunan uğurlardan muxtar respublikanın hər rayonuna pay düşüb. Bu nəticələrlə tanış olsaq, dövlət müstəqilliyimizin 25-ci ildönümünü qeyd etdiyimiz 2016-cı ilin Kəngərli rayonunun tarixinə də uğurlu il kimi yazıldığını deyə bilərik.
Yaradılmasından ötən 13 il ərzində Kəngərli rayonunun böyük inkişaf yolu keçdiyini bura yolu düşən hər kəs təsdiq edir. Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də rayonun bir çox yaşayış məntəqələrində quruculuq işləri aparılıb, yeni infrastruktur layihələri həyata keçirilib. Ötən il Yurdçu kəndində kompleks quruculuq işlərinin aparılmasından sonra Kəngərli rayonu muxtar respublikada bütün yaşayış məntəqələri abadlaşdırılan bölgəyə çevrilib. Bununla yanaşı, quruculuq tədbirlərinin davamı kimi ötən il Qıvraq qəsəbə tam orta məktəbində təmir işləri aparılıb, Şahtaxtı kəndində 594 şagird yerlik məktəb binası əsaslı təmir olunub, rayon mərkəzində və ətraf kəndlərdə içməli su və kanalizasiya şəbəkəsinin tikintisi, Qıvraq qəsəbə uşaq bağçasının inşası və abadlıq işləri davam etdirilib. Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması tədbirləri çərçivəsində Böyükdüz kəndində müharibə veteranı üçün fərdi mənzil tikilərək istifadəyə verilib. Bundan əlavə, ötən il fərdi evlər tikmək üçün rayon sakinləri tərəfindən 23 müraciət qeydə alınıb. Əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 14 min 664 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da 2015-ci ildəki müvafiq göstəricidən 1,4 faiz çoxdur.
Muxtar respublikamızın digər rayonları kimi, Kəngərli rayonu da aqrar sahə üzrə ixtisaslaşıb. Hələ keçmiş dövrlərdən rayon ərazisində müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirilib, meyvəçilik, tütünçülük, üzümçülük və taxılçılıq əsas diqqət mərkəzində saxlanılan sahələrdən olub. Rayon əhalisinin böyük əksəriyyətinin kəndlərdə yaşaması kənd təsərrüfatının inkişafına öz təsirini göstərir. Aydındır ki, kənd təsərrüfatının inkişafı bilavasitə torpaqla bağlıdır. Ona görə də son illərdə bu sahədə mütərəqqi və intensiv metodların tətbiqinə üstünlük verilib, əl əməyinin yüngülləşdirilməsi, əkinçilikdə və heyvandarlıqda məhsuldar sortlardan istifadə olunması istiqamətində tədbirlər həyata keçirilib. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, ötən il “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 8 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə rayonun torpaq mülkiyyətçilərinə verilib. Eyni zamanda kənd təsərrüfatı məhsulları istehsalçılarına 500 tondan artıq güzəştli şərtlərlə gübrə verilib, istifadə etdikləri yanacaq və motor yağlarına görə 333 min 200 manat, buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədilə isə 125 min 400 manat vəsait ödənilib. Əkinçiliklə məşğul olan mülkiyyətçilərə subsidiyaların və güzəştli şərtlərlə kreditlərin verilməsi hesabına 2016-cı ilin məhsulu üçün 8 min 256 hektar sahədə əkin aparılıb ki, bu da ötən illə müqayisədə 104 hektar çoxdur. 2016-cı ildə də bitkiçilik məhsulları içərisində taxılçılıq öz üstün mövqeyini qoruyub saxlayıb. 3 min 965 hektar sahədə taxıl əkini həyata keçirilib. 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün 3 min 521 hektar sahədə taxıl əkilib.
Qeyd edək ki, əkin sahələrindən səmərəli istifadə olunmasında rayonda həyata keçirilən meliorasiya və irriqasiya tədbirləri mühüm rol oynayıb. Belə ki, ötən ilin oktyabr ayında Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib. 117 hektar torpaq sahəsini əhatə edən suvarma şəbəkəsinin Araz çayından qidalanması və öz axını ilə paylanması təmin edilib. Ərazidə 2,2 kilometr uzunluğunda ana xətt, 9 min 930 metr uzunluğunda isə paylayıcı su xətləri çəkilib. Ümumilikdə isə rayonun digər yaşayış məntəqələrində 7 min 315 metr məsafədə yeni suvarma və içməli su xətlərinin çəkilişi təmin olunub.
Meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi də Kəngərli rayonunda diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Ötən il rayonda 6 min 797 ton meyvə, 3 min 959 ton tərəvəz istehsal olunub ki, bu da bir il öncəki göstəriciləri müvafiq olaraq 1,6 və 1,1 faiz üstələyir. Qeyd etmək lazımdır ki, əhalinin yerli meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsinə soyuducu anbarların yaradılması və istixana komplekslərinin istifadəyə verilməsi öz müsbət təsirini göstərib. Rayonda tutumu 400 tondan çox olan 2 soyuducu anbar, ümumi sahəsi 45 min kvadratmetrdən artıq 2 istixana kompleksi fəaliyyət göstərib.
İqtisadi inkişafın təmin olunmasında investisiya fəallığının gücləndirilməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi mühüm əhəmiyyət daşıyır. Biznes və investisiya mühitinin yaxşılaşdırılması nəticəsində ötən il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş 3 hüquqi və 165 fiziki şəxsin dövlət qeydiyyatına alınması təmin edilib.
Rəsmi statistikaya görə, 2016-cı ildə rayonda diri çəkidə 2 min 794 ton ət, 8 min 674 ton süd istehsal olunub ki, bu göstəricilər 2015-ci illə müqayisədə müvafiq olaraq 1,4 və 1,3 faiz çoxdur. Ümumilikdə isə ötən il rayonda 40 milyon 585 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2015-ci illə müqayisədə 6,4 faiz çoxdur.
Müasir dövrdə mühüm məsələlərdən biri də əhalinin məşğulluğunun təmin olunmasıdır. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrasının nəticəsidir ki, ötən il rayonda 178 yeni iş yeri yaradılıb. Bu iş yerlərinin 174-ü və ya 97,8 faizi daimi iş yeridir. 2016-cı il ərzində 282 nəfər işaxtaran vətəndaşdan 264 nəfəri işlə təmin olunub. Naxçıvan şəhərində təhsil və səhiyyə işçiləri üçün keçirilən yarmarkalarda göndəriş alan 47 nəfər Kəngərli rayonunun təhsil və səhiyyə müəssisələrində işə başlayıb.
2016-cı ildə əhəmiyyəti ilə seçilən tədbirlərdən biri də “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 iyul 2016-cı il tarixli Sərəncamına əsasən Naxçıvan memarlığının nadir incilərindən sayılan, dünya əhəmiyyətli Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasına başlanmasıdır. Bu tarixi abidənin tədqiqi və bərpası yaxın gələcəkdə rayonun turizm potensialına öz töhfəsini verəcəkdir.
Naxçıvan Muxtar Respublikasının ən gənc rayonu olan Kəngərlidə digər sahələrin fəaliyyəti haqqında da müsbət fikirlər söyləmək mümkündür. Xüsusilə 2016-cı ildə rayonda müxtəlif sahələr üzrə fəaliyyət göstərən kollektivlərdə nizam-intizamın gözlənilməsi, yaşayış məntəqələrində və digər ətraf ərazilərdə təmizliyin qorunub saxlanılması diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Hazırda rayonun qəsəbə və kəndlərində təmizliyin qorunması üçün bütün yaşayış məntəqələrinə tullantı qutuları qoyulub. Təmizlik işlərinin görülməsi üçün kommunal müəssisələr kombinatının balansında olan 1 ekskavator, 1 qoşqulu traktor, 3 tullantıdaşıyan maşın rayon ərazisinin təmizliyinə xidmət göstərir. Bu faktları ona görə sadaladıq ki, artıq rayon ərazisində abad olmayan yaşayış məntəqəsi yoxdur. İnsaf naminə deməliyik ki, yaradılanların qorunub saxlanılmasına, abadlığın, təmizliyin gözlənilməsinə bu soyuq qış fəslində rayona növbəti səfərimizdə bir daha şahidlik etdik. İnanırıq ki, 32 minə yaxın sakini olan rayonda bu nümunəvi şəraiti bundan sonra da müşahidə edəcəyik. Çünki müasir rayonun tarixi adına yaraşan da budur.
Səbuhi Həsənov