Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaqda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev hesabat məruzəsi ilə çıxış edib.
“Hesabat ilində Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı şurasının 4, idarə heyətinin 12 yığıncağı keçirilib. Bu yığıncaqlarda partiya işi ilə bağlı müxtəlif məsələlər müzakirə olunub, buraxılan nöqsanlar və onların aradan qaldırılması yollarından danışılıb. 2016-cı il oktyabr ayının 15-də keçirilmiş 11-ci konfransa qədər təşkilatın 106 ərazi ilk təşkilatında keçirilmiş hesabat seçki yığıncaqlarında həmin təşkilatların 54 təşkilatda fəaliyyət göstərməsi qərara alınıb”, – deyən Qürbət Rzayev bildirib ki, bu gün təşkilatın qeydiyyatında 5 min 835 nəfər üzv vardır. Onların 2756-sı qadın, 1464 nəfəri gəncdir. Ötən il 43-ü qadın, 63-ü gənc olmaqla, Yeni Azərbaycan Partiyası sıralarına 106 nəfər qəbul edilib. Bundan sonra da partiyanın boy artımı diqqətdə saxlanılacaq, təşəbbüskar, ictimai işlərdə daha çox fəallıq göstərən gənclər partiya üzvlüyünə qəbul olunacaqlar.
Vurğulanıb ki, 2016-cı ildə partiya üzvləri rayonun ictimai-siyasi həyatında, bölgədə keçirilən tikinti-quruculuq, abadlaşdırma, yaşıllaşdırma tədbirlərində fəallıq göstəriblər.
Qeyd olunub ki, 2017-ci ildə də qarşıda mühüm vəzifələr durur. Müstəqil dövlətimizin qurucusu və memarı olan ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qazanılan uğurları, əldə edilən yüksək nəticələri xalqa çatdırmalı, əhali arasında ictimai-siyasi işi gücləndirməliyik. Tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir partiya üzvü Proqram və Nizamnamənin tələblərinə, prinsiplərinə əməl etməli, siyasi proseslərdə fəallıq göstərməlidir.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədovun, Qadınlar Şurasının sədri Könül İsmayılovanın çıxışları olub.
Xəbərlər şöbəsi