Qış mövsümündə idarə, müəssisə və təşkilatların fasiləsiz fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri də abonentlərin fasiləsiz və təhlükəsiz təbii qazla təmin olunmasıdır.
Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib. Son illər muxtar respublikamızda həyata keçirilən irimiqyaslı layihələr digər sahələrdə olduğu kimi, abonentlərin fasiləsiz və təhlükəsiz təbii qazla təminatına da əlverişli şərait yaradıb. Naxçıvan şəhərindən, rayon mərkəzlərindən başlamış ucqar dağ və sərhəd kəndlərinədək bütün yaşayış məntəqələri qazlaşdırılıb.
“Naxçıvanqaz” İstehsalat Birliyindən verilən məlumata görə, abonentlərin davamlı və dayanıqlı təbii qazla təminatı üçün qaz təchizatı sisteminə texniki baxış keçirilib, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun gələn texnoloji rejimdə həyata keçirilməsi üçün tədbirlər görülüb. Ümumiyyətlə, abonentlərin, o cümlədən inzibati və ictimai yaşayış binalarını istiliklə təmin edən qazanxanaların fasiləsiz və təhlükəsiz təbii qazla təmin olunmasına, baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə hərtərəfli şərait yaradılıb.
Müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla sərf olunan təbii qazın dəqiq uçotunun aparılması məqsədilə sayğacların quraşdırılması işi də vaxtında başa çatdırılıb. 2015-ci ilin iyul ayından isə Naxçıvan şəhərində daha müasir, ön ödənişli, smartkarttipli sayğacların quraşdırılmasına başlanılıb.
Bu məqsədlə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Naxçıvan şəhərində smartkarttipli qaz sayğaclarının quraşdırılmasına başlanılması insanlar tərəfindən onlara göstərilən daha bir qayğı kimi dəyərləndirilir. Qeyd edək ki, bu sayğacların əsas xüsusiyyəti abonentlərin təbii qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir. Naxçıvan şəhərinin müxtəlif məhəllələrində təmir edilmiş ictimai yaşayış binaları və fərdi yaşayış evləri yeni sayğaclarla təchiz olunur.
Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılması davam etdirilir. “Naxçıvanqaz” İstehsalat Birliyindən aldığımız məlumata görə, indiyədək Naxçıvan şəhərində 14 mindən çox sayğac quraşdırılıb. Sayğacların kənar müdaxilələrdən mühafizəsi də diqqətdə saxlanılıb. Bu məqsədlə qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilərək quraşdırılır.
Xəbərlər şöbəsi