Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb.
Bildirilib ki, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif təyinatlı obyektlər tikilərək və ya əsaslı təmir olunaraq onların istifadəsinə verilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilib, müxtəlif sahələr üzrə fərqlənən istedadlı yeniyetmə və gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb. Bu il də iki nəfər istedadlı gəncin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi təqaüdünə layiq görülüblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, son illər gənclərimizin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının uğurla reallaşması, bütövlükdə, gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir.
Qeyd olunub ki, indi muxtar respublikamızda gənclər milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, böyük nailiyyətlər əldə edirlər.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənc ailələrə və gənc qadınlara göstərilən dövlət qayğısıdır. Gənc ailələrin asudə vaxtının səmərəli təşkili, sosial problemlərinin həlli, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində gənclərin güzəştli şərtlərlə mənzil sahibi olması üçün yeni yaşayış kompleksləri tikilərək istifadəyə verilib.
Bildirilib ki, gənclərin nikahdan öncə tibbi müayinəyə cəlb edilməsinə, müasir səhiyyə ocaqlarının yaradılmasına, ailələrin sağlamlığına ciddi önəm verilir.
Çıxış edənlər gənclər üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə öz minnətdarlıqlarını ifadə ediblər.
Sonra Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər təşkilatçılar tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının konsert proqramı ilə davam etdirilib.
Ceyhun Məmmədov