Xəbər verdiyimiz kimi, fevralın 1-də Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradzenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri muxtar respublikanın təhsil, səhiyyə, mədəniyyət müəssisələri ilə, Naxçıvan Biznes Mərkəzində yerli müəssisələrin istehsal etdiyi məhsullarla tanış olublar.
Qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Sonra Duzdağ Fizioterapiya Mərkəzinə gələn qonaqlara məlumat verilib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan mərkəzdə bronxial-astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. 300 yerlik xəstəxanada temperatur sabitdir. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması isə xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında səhiyyə sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2012-ci ildən etibarən hər il tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicəsi təşkil edilir.
Naxçıvan Dövlət Universiteti ilə tanışlıq zamanı bildirilib ki, hazırda bu təhsil müəssisəsinin dünyanın 80-dən çox tanınmış ali məktəbi ilə sıx əlaqəsi var. Qeyd olunub ki, Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında bağlanmış müqaviləyə uyğun olaraq, hər iki ali təhsil müəssisəsi 2012-ci ildən əməkdaşlıq edir. Universitetlərarası tələbə və müəllim mübadiləsi həyata keçirilir. Hər iki muxtar respublikanın elm və təhsil müəssisələrində keçirilən beynəlxalq elmi konfranslarda gürcü və azərbaycanlı alimlərin iştirak və çıxış etmələri humanitar sahədə əlaqələri daha da genişləndirib.
Nümayəndə heyətinin üzvləri sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında olublar. Teatrla tanışlıqdan sonra qonaqlar Naxçıvan Dövlət Filarmoniyasının ifasında konsert proqramına baxıblar.
Günün sonuna doğru Naxçıvan Biznes Mərkəzinə gələn qonaqlara mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, mərkəzdə muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri və rəsm əsərləri sərgilənir. Həmçinin burada müxtəlif tədbirlər, biznes forumlar, işgüzar görüş və konfranslar keçirilir. Sərgi salonunda yüzə yaxın müəssisənin müxtəlif növdə və çeşiddə məhsulu, sənətkarlar tərəfindən hazırlanan əl işləri və rəsm əsərləri nümayiş olunur. Sahibkarlığın inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 366 növdə məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsi təmin edilib. Görülən işlər ixracın həcminin artmasına da öz təsirini göstərib. Artıq muxtar respublikada istehsal olunan məhsullar dünyanın bir çox ölkələri ilə yanaşı, Gürcüstana və onun Acarıstan Muxtar Respublikasına da ixrac olunur.
Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze muxtar respublikaya səfərinin yekununda kütləvi informasiya vasitələrinə müsahibə verib. O deyib: “Mən əvvəlcə səfərə dəvətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlığımı bildirirəm. Bu, mənim Naxçıvan Muxtar Respublikasına hökumət sədri kimi ilk rəsmi səfərimdir. Bildiyiniz kimi, hər iki muxtar respublika arasında yaxşı əməkdaşlıq münasibətləri mövcuddur. Səfərimin əsas məqsədi də Naxçıvanla daha yaxından tanış olmaq və gələcək birgə planlarımızla bağlı mövcud vəziyyəti dəyərləndirməkdir. Bununla yanaşı, qeyd etmək istərdim ki, ölkələrimiz arasında gözəl əlaqələr var. Azərbaycan və Gürcüstan yaxın strateji tərəfdaşdır və hər iki ölkənin iştirakı ilə bir çox mühüm layihələrə imza atılıb. Bildiyiniz kimi, bu il regionda ən mühüm layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyətə başlayacaq. Bu da bizim çoxtərəfli əməkdaşlığımıza daha bir töhfə verəcək. Bundan əlavə, bizim əlaqələrdə kənd təsərrüfatı, turizm, biznes, səhiyyə, təhsil və digər sahələrdə zəngin potensial və təcrübəmiz var. Biz naxçıvanlı dostlarımızı Gürcüstana dəvət edirik, gəlib ora ilə yaxından tanış olsunlar. Eyni zamanda bizim vətəndaşlarımız, iş adamlarımız Naxçıvana gələrək bu regionla tanış olsunlar, sizin gözəl teatrlarınızda, digər mədəniyyət müəssisələrinizdə olsunlar. Hesab edirəm ki, bizim hazırkı və gələcək planlarımız üçün böyük potensialımız var və bundan istifadə edə biləcəyik.
Naxçıvanla bağlı təəssüratlarıma gəldikdə isə onu deyə bilərəm ki, Naxçıvan çox gözəl şəhərdir, insanları mehriban və qonaqpərvərdirlər. Düşünürəm ki, bizim bugünkü dostluq və qardaşlıq əlaqələrimiz nəsildən-nəslə ötürülərək gələcək üçün mühüm əhəmiyyət kəsb edəcək. Bu münasibətlər həm də bizim ölkələrin yürütdüyü dövlət siyasətinin əsas hədəfini təşkil edir. Bununla yanaşı, hesab edirəm ki, qarşılıqlı əlaqələrimizdə birbaşa aviareyslərin fəaliyyəti çox vacibdir. Çünki birbaşa təmaslar yaratmaq əlaqələrimizi daha da genişləndirəcək. Eyni zamanda yay mövsümündə naxçıvanlı dostlarımızı Batumidə qəbul etməyə hazırıq. Mən bu əlaqələrimizin inkişafında diplomatik nümayəndəliklərin rəhbərlərinə də öz minnətdarlığımı bildirirəm. Azərbaycanın Batumidəki Baş konsulu bizi bu səfərdə müşayiət edir. Düşünürəm ki, bu səfərimiz mövcud əlaqələrimizin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək”.
“Şərq qapısı”