Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunda ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fondun icraçı direktoru Məmməd Babayev ötən il muxtar respublikada gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli və hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam həyat tərzinin təbliği sahəsində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənclərin hərtərəfli inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada gənclik mərkəzləri, elektron kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, təhsil müəssisələri, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər mühüm obyektlər tikilərək gənclərin istifadəsinə verilir. Bununla yanaşı, gənc istedadlar dövlət qayğısı ilə əhatə olunur, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclər irəli çəkilir və xidmətləri qiymətləndirilir.
Qeyd olunub ki, gəncliyə dövlət qayğısı sabaha və gələcək uğurlara hesablanan bir siyasətdir. Bu siyasətin konkret bir regionda ən parlaq ifadələrindən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması və Gənclər Mərkəzinin tikilib gənclərin istifadəsinə verilməsidir.
Diqqətə çatdırılıb ki, muxtar respublikada gənclərin yaradılanlardan istifadəsi, asudə vaxtlarının səmərəli təşkili, fəallıqlarının artırılması, istedadlı gənclərin aşkara çıxarılması və istiqamətləndirilməsi sahəsində görülən işlərin müşahidəsi onu deməyə əsas verir ki, bu sahədə görüləcək işlər çoxdur.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun fəaliyyətinin əsas məqsədinin gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli layihə və proqramları məqsədli maliyyələşdirmək, gənclər təşkilatlarının innovativ ideyalarını dəstəkləmək, gənc nəslin təşəbbüskarlığını artırmaq, ideyaların yaradılması və idarə edilməsində bacarıqlarının stimullaşdırılmasından ibarət olmasına baxmayaraq, bu sahədə iş qənaətbəxş olmayıb. Ötən müddət ərzində Gənclər Fondunun keçirdiyi tədbirlərə nəzər saldıqda fəaliyyətin yalnız Naxçıvan şəhərini əhatə etdiyi müşahidə olunur. Rayonlarda olan istedadlı gənclərin müəyyənləşdirilməsi sahəsində iş aparılmır. Gənclər Fondu rayonlarda tamaşaların, eləcə də konsert proqramlarının təşkili ilə işini bitmiş hesab etməməlidir. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, eləcə də istedadlı gənclərin üzə çıxarılması istiqamətində keçirilən müxtəlif səpkili tədbirlər rayonları da əhatə etməlidir.
Rəhman Məmmədov bildirib ki, keçirilən tədbirlərdə tədbirin mahiyyətindən asılı olmayaraq, həmişə eyni qrup gənclərlə iş aparılır. Bu isə yolverilməzdir. Gənclər Fondu gənclərlə iş təcrübəsini yeniləməlidir. Tədbir xatirinə iş görülməməlidir. Tədbirlər elə səviyyədə olmalıdır ki, maraqlı və yaddaqalan olsun, gənclər ondan faydalansınlar. Hər bir tədbirin mahiyyətinə uyğun olaraq dəvət və iştirak kontingenti müəyyənləşdirilməlidir. İstedadlı gənclərlə, gənc alimlərlə iş aparılmır və onların məlumat bazası bu günə qədər tam formalaşdırılmayıb. Bu sahədə iş qısa müddətdə yekunlaşmalıdır. Gənclərin təşəbbüskarlığının artırılması istiqamətində iş gücləndirilməli, təşəbbüskar gənclər həvəsləndirilməlidir. Qeyd olunub ki, muxtar respublikada yaradıcı gənclik yetişir. Bu gənclərlə iş düzgün qurulmalıdır. Onlara düzgün istiqamət verilməli, muxtar respublikanın əldə etdiyi inkişaf, aparılan quruculuq işləri onların yaradıcılıqlarında əsas mövzu olmalıdır. Ən yaxşı yaradıcılıq nümunələrinin təqdimatı, sərgisi təşkil edilməlidir. Gənclər tədbirdən tədbirə Gənclər Mərkəzinə gəlməməlidir. Gənclər Mərkəzinin imkanlarından gənclərin düzgün istifadəsi istiqamətində ciddi iş aparılmalıdır.
Rəhman Məmmədov deyib ki, gənclərin sosial şəbəkələrdə də fəallığı artırılmalı, Naxçıvanın tarixi, mədəniyyəti ilə bağlı materialların internetdə yerləşdirilməsi istiqamətində iş aparılmalıdır. Naxçıvan Muxtar Respublikası haqqında yazılan qərəzli fikirlərə cavab verilməsində gənclər fəal olmalıdırlar. Gənclər Fondu ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclər təşkilatları, Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının gənclər birlikləri ilə əlaqələrini gücləndirməli, birgə tədbirlər təşkil etməli, gənclərin fəallığına nail olmalıdır.
Tədbirə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev yekun vurub.
Xəbərlər şöbəsi