Naxçıvan Dövlət Universitetində 2 fevral – Gənclər Gününə həsr olunmuş “Azərbaycanda gənclər hərəkatının müasir vəziyyəti” mövzusunda tədbir keçirilib.
Tələbələri bayram münasibətilə təbrik edən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində gördüyü işlərdən söz açıb. Bildirilib ki, ulu öndərimizin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət və qayğı artırılıb, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsipləri müəyyənləşdirilib, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakı təmin olunub, onların gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şərait yaradılıb. Xalqımızın böyük oğlu Heydər Əliyev 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci ildən isə 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunur.
Sonra universitetin Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyevin və İncəsənət fakültəsinin dekanı, dosent Günay Məmmədovanın mövzu ilə bağlı çıxışları olub. Vurğulanıb ki, hər bir Azərbaycan gənci öz tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən bilərək, hörmətlə yanaşaraq və onları yaşadaraq ölkəsinə layiqli vətəndaş, peşəkar mütəxəssis və gözəl insan kimi formalaşmağı qarşısına məqsəd qoymalıdır.
Diskussiya şəklində davam edən tədbirdə müasir Azərbaycan gəncliyinin aktual problemləri və onların həlli yolları, milli dəyərlərin və vətənpərvərlik hisslərinin aşılanması və qorunması, mənəvi-əxlaqi keyfiyyətlərin artırılması kimi məsələlər geniş müzakirə olunub.
Nərmin CABBAROVA