Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Milli qəhrəmanlarımız və şəhidlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri xidmətin əməkdaşı Samir Abbasov açaraq iştirakçılara xalqımızın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizəsi, bu yolda canlarından keçən şəhidlərimiz və milli qəhrəmanlarımız haqda məlumat verib.
Slaydların nümayiş etdirildiyi tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev mövzu ilə bağlı məruzə edib.
Qeyd olunub ki, insan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə Vətəni də anamız kimi sevir, ona “Ana Vətən!” deyirik. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar. Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaqdır.
Bildirilib ki, 20 Yanvar, Xocalı faciələri, Qarabağda baş verən hadisələr bu xalqın azadlıq, müstəqillik arzusunu boğa bilmədi, əksinə, xalq ayağa qalxdı, öz haqqını tələb etdi. Bu haqqın alınmasında igidlərimizin böyük rolu oldu. Onlar canlarından keçərək haqq savaşından qalib ayrıldılar. Ona görə də xalqımız qəhrəmanlarını, şəhidləri unutmur, onların adını daim uca tutur. Bu gün muxtar respublikanın onlarla məkanında milli qəhrəmanlarımızın, eləcə də şəhidlərimizin adını daşıyan ünvanlar var.
Sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Naxçıvan şəhərindəki Xatirə Muzeyini ziyarət ediblər. Burada onlar muzeyin ekspozisiyası ilə tanış olub, eksponatlar haqda ətraflı məlumat alıblar.
Kərəm Həsənov