Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının növbəti şura iclasında ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov məruzə edib.
Bildirilib ki, 2016-cı ilin oktyabr ayında Yeni Azərbaycan Partiyasının rayondakı ilk təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Aparılan struktur dəyişikliyinə görə ərazi ilk təşkilatlarının sayı 55-ə endirilib və bu ilk təşkilatlarda hesabat-seçki yığıncaqları keçirilib.
Qeyd olunub ki, 2016-cı ildə keçirilən referendumda rayon təşkilatı fəal iştirak edib, Konstitusiyamızda edilən əlavə və dəyişikliklər dəstəklənib.
Hesabat ili ərzində milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına, onun inkişaf etdirilməsinə diqqətlə yanaşılıb. Belə ki, tarixi günlər, bayramlar və digər tədbirlər müntəzəm olaraq qeyd edilib.
Vurğulanıb ki, 1 yanvar 2017-ci il tarixə rayon təşkilatının və onun 55 ərazi ilk təşkilatının tərkibində 5435 nəfər Yeni Azərbaycan Partiyası üzvü uçotda durur. 2016-cı ildə 81 nəfər Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub ki, onların da 39 nəfəri qadın, 67 nəfəri gəncdir.
Rayon təşkilatı gənclərin fəallığının artırılmasına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, ərazi ilk təşkilat sədrlərinin 24 nəfəri gəncdir. Bələdiyyələrdə 41 gənc partiya üzvü təmsil olunub.
Rayon təşkilatının Gənclər Birliyi öz ətrafında 1740 nəfər Yeni Azərbaycan Partiyası üzvünü birləşdirir ki, onlardan 917 nəfərini qadınlar təşkil edir.
Vurğulanıb ki, bu gün cəmiyyətimizdə qadınların rolu böyükdür. Culfa rayonunda da qadınlara yüksək diqqət və qayğı göstərilir. Hazırda rayon üzrə Yeni Azərbaycan Partiyasının üzvü olan qadınların sayı 2556 nəfərdir. 2016-cı ildə rayon təşkilatının, eləcə də ərazi ilk təşkilatlarının fəaliyyətlərində, keçirilən ictimai-siyasi, mədəni-kütləvi tədbirlərdə Yeni Azərbaycan Partiyasının üzvü olan qadınlar fəallıq göstəriblər.
Məruzə ətrafında çıxışlar olub.
Sonra təşkilatın idarə heyətinin yığıncağı keçirilib, bir qrup gənc partiya sıralarına qəbul edilib.
Hüseyn ŞƏKƏRƏLİYEV