Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən, 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasını komitənin sədri Hicran Rüstəmov açaraq məruzə ilə çıxış edib.
Komitə sədri bildirib ki, 2016-cı il ərzində muxtar respublikada 98 milyon 535 min 200 manat həcmində tikinti işləri yerinə yetirilib. Belə ki, hesabat ilində Naxçıvan şəhərində 3 nömrəli, Naxçıvan şəhər Tumbul, Şərur rayonunun Arbatan, Oğlanqala, Babək rayonunun Xəlilli, Yarımca, Məzrə, Culfa rayonunun Gülüstan, Xanəgah, Saltaq, Kəngərli rayonunun Şahtaxtı, Yurdçu, Ordubad rayonunun Baş Dizə kəndlərində tam orta məktəb, Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey, Naxçıvan Dövlət Texniki Kolleci binalarının tikintisi və yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib.
Bu dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının ərazisində uşaq bağçasının yenidən qurulması başa çatdırılıb, Kəngərli rayonunda 222 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası qədim abidələr və maddi-mədəniyyət nümunələri ilə zəngindir. Bəhs olunan dövrdə muxtar respublikada iki mühüm tarixi abidə bərpa edilib. Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksində isə bərpa işlərinə başlanılıb.
Quruculuq tədbirləri səhiyyə sahəsini də əhatə edib. Babək rayonunun Yarımca, Culfa rayonunun Saltaq, Xanəgah və Şərur rayonunun Oğlanqala kəndlərində həkim ambulatoriyalarının tikintisi və yenidən qurulması həyata keçirilib. Naxçıvan Qarnizonunun hərbi xəstəxanasının tikintisi və Şərur Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri davam etdirilir.
Diqqətə çatdırılıb ki, muxtar respublikanın tikinti işləri aparılan hər bir kəndində avtomobil yolları və körpülər yenidən qurulur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 may tarixli Sərəncamına əsasən, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsinin də yenidən qurulması belə tədbirlər sırasındadır. Kənd yaşayış məntəqələrində də bu istiqamətdə işlər görülüb, yeni körpülər salınıb, mövcud körpülər yenidən qurulub.
Məruzə ətrafında komitənin Babək və Kəngərli rayon idarələrinin rəisləri Rəvayət İmanovun və Vəzir Əliyevin çıxışları olub.
Kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov bildirib ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi, muxtar respublikamızda da böyük miqyasda abadlıq-quruculuq işləri aparılmaqda və bunlar doğma diyarımızın simasına yeni çalarlar gətirməkdədir. Muxtar respublikanın sosial-iqtisadi uğurlarında, investisiya layihələrinin reallaşmasında, məşğulluq problemlərinin həllində tikinti sektoru əhəmiyyətli rol oynayır.
Qeyd olunub ki, 2016-cı ildə muxtar respublikada infrastruktur quruculuğu istiqamətində əsas kapitala 104 milyon 188 min 900 manat həcmində investisiya yönəldilib. Bunun da 98 milyon 535 min 200 manatı və ya 94,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Bu gün muxtar respublikada həyata keçirilən tikinti işləri təsərrüfat həyatının bütün sahələrini əhatə edir. 2016-cı il ərzində 1200 şagird yerlik 6 məktəb binası tikilərək, 4260 şagird yerlik 9 məktəb binası yenidən qurularaq, bütövlükdə 5460 şagird yerlik 15 tam orta məktəb binası istifadəyə verilib. Dörd məktəb binasının isə tikintisi davam etdirilir.
Vurğulanıb ki, əhalinin mənzil təminatının yaxşılaşdırılması, elektrik enerjisi, su-kanalizasiya, istilik təsərrüfatlarının təkmilləşdirilməsinə göstərilən dövlət qayğısının nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 1 yaşayış binasında tikinti-bərpa işləri aparılıb, 9 yaşayış binasında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. Bir yaşayış binasının tikintisi, 1 yaşayış binasının isə yenidən qurulması davam etdirilir.
Dövlət idarə etməsinin səmərəli təşkili prosesinin mühüm elementi qismində inzibati binaların inşası və yenidən qurulması ötən dövr ərzində də diqqət mərkəzində saxlanılıb və ümumilikdə, 17 inzibati bina inşa olunub. 8 inzibati binanın tikintisi və yenidən qurulması davam etdirilir.
Kənd əhalisinə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması, bu sahədə idarəetmənin səmərəliləşdirilməsi məqsədilə 2016-cı ildə 13 kənd mərkəzi istifadəyə verilib.
Vurğulanıb ki, yeni yaradılmış infrastruktur obyektlərindən biri də xidmət mərkəzləridir. Rayon və kəndlərdə əhalinin gündəlik məişət tələbatının ödənilməsi və lazımi şəraitin yaradılması diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə 14 xidmət mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 3 xidmət mərkəzinin isə tikintisi və yenidən qurulması davam etdirilir.
Muxtar respublikada 2016-cı il ərzində səhiyyə sahəsində də mühüm işlər görülüb, 13 həkim ambulatoriyası tikilərək, 4 həkim ambulatoriyası yenidən qurularaq, 9 feldşer-mama məntəqəsi tikilərək və yenidən qurularaq istifadəyə verilib. İki xəstəxananın tikintisi və əsaslı təmiri isə davam etdirilir.
Asəf Məmmədov deyib ki, ötən il ərzində tikinti-quraşdırma işləri muxtar respublikanın mədəniyyət obyektlərini də əhatə edib. 29 mədəniyyət obyekti tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.
Yüksək mədəniyyətin göstəricisi olan müasir yollar insanların rahatlığı, nəqliyyat vasitələrinin uzunmüddətli istismarı deməkdir. Ona görə də ötən il bu istiqamətdə işlər davam etdirilib. 61,5 kilometrdən artıq yeni yollar salınıb, 3 körpü tikilib, 2 körpü yenidən qurulub.
Baş nazirin birinci müavini diqqətə çatdırıb ki, ötən il əldə edilmiş müsbət nəticələrə baxmayaraq, muxtar respublikada fəaliyyət göstərən tikinti təşkilatlarının işində nöqsan və çatışmazlıqlar da olub. Muxtar respublikada aparılan quruculuq işləri zamanı keyfiyyət amilinin əsas şərt kimi qeyd olunmasına və tapşırılmasına baxmayaraq, bəzi tikinti təşkilatları keyfiyyət amilini unudaraq kəmiyyət ardınca qaçırlar. Keçirilən operativ yığıncaqlarda, obyektlərdə tikintinin gedişinə baxış keçirərkən, eləcə də tikinti təşkilatlarının iştirakı ilə keçirilən müşavirələrdə deyilməsinə baxmayaraq, komitənin texniki nəzarətçiləri obyektdə iş həcmlərinin ölçülməsi ilə öz işlərini bitmiş hesab edirlər. Onlar normativə uyğun iş görülməsi, keyfiyyətsiz işlərə yol verilməməsi üçün diqqəti daha da artırmalı, nəzarəti gücləndirməlidirlər. İşdə məsuliyyət hissi yüksəldilməli, vəzifəsindən və səlahiyyətindən asılı olmayaraq hər kəs öz işinin öhdəsindən layiqincə gəlməyə çalışmalıdır. Eyni zamanda podratçı təşkilatların işinə ciddi nəzarət edilməli, tikinti normativlərinə əməl olunmasına diqqət yetirilməli, nəzarət mexanizminin gücləndirilməsi üçün müvafiq tədbirlər görülməlidir.
Asəf Məmmədov əmin olduğunu bildirib ki, muxtar respublikada gedən quruculuq işlərində layiqincə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, tikinti idarələrinin kollektivləri işlərində ciddi dönüş yaradacaq, qeyd olunan nöqsanların gələcəkdə təkrarlanmaması üçün öz işlərinə daha məsuliyyətlə yanaşacaqlar.
Muxtar Məmmədov