Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzov məruzə ilə çıxış edib.
Bildirilib ki, 2016-cı ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 33 hüquqi və 2173 fiziki şəxsin dövlət qeydiyyatına alınması və 47 yerli istehsal və xidmət sahəsinin yaradılması nəticəsində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tabeliyində olan təşkilatların sıraları yeni yaranmış ilk həmkarlar təşkilatının hesabına genişlənərək 1564-ə çatıb, ittifaq üzvlərinin sayı isə 70 mini ötüb. Şura tərəfindən yeni yaranmış həmin təşkilatlarda maarifləndirmə məqsədilə tədbirlər keçirilib, işçilərin sosial-iqtisadi tələbatının ödənilməsi və əməyinin mühafizəsi mövzusunda söhbətlər aparılıb.
Qeyd edilib ki, Naxçıvan turizm üçün ən ideal məkanlardan biridir. Bu qədim diyarda tarix-mədəniyyət abidələri, əsrarəngiz təbiət abidələri ilə yanaşı, istirahət mərkəzləri də vardır. Bunlardan biri də Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzidir. Bu mərkəz fəaliyyətə başlayan dövrdən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən burada məktəblilərin, o cümlədən şəhid ailələrinin, aztəminatlı və sağlamlıq imkanları məhdud ailələrin uşaqlarının istirahəti təşkil olunur. Bu iş 2016-cı ildə də davam etdirilib, Ağbulaq İstirahət Mərkəzində iyun ayından sentyabr ayınadək 300 nəfərdən çox məktəbli, uşaq və gəncin istirahəti təmin edilib.
“İnsan sağlamlığı cəmiyyətdə ən vacib şərtdir” devizini əldə rəhbər tutaraq şura hər il olduğu kimi, 2016-cı ildə də ittifaq üzvlərinin sağlamlığı qayğısına qalıb, onların ölkəmizin “Bilgəh”, “Günəşli”, “Mərdəkan”, “Abşeron”, “Şıx”, “Qaranquş”, “Naftalan” və sair kimi sanatoriyalarda müalicə almasını təmin edib.
Sonra məruzə ətrafında çıxışlar olub, qarşıda duran vəzifələr müzakirə edilib.
Xəbərlər şöbəsi