Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğu bu şəhərdə fəaliyyət göstərən Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
Əvvəlcə şəhidlərimizin ruhuna “Qurani-Kərim”dən dualar oxunub.
Tədbirdə baş konsul Nuru Quliyev çıxış edərək 20 Yanvar faciəsinin başvermə səbəbləri və nəticələri barədə məlumat verib. Böyük insan itkisinə səbəb olan bu faciənin Azərbaycan xalqının dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazıldığını diqqətə çatdıran baş konsul qeyd edib ki, keçmiş SSRİ rəhbərliyi həmin hadisələrin əsl mahiyyətini o vaxt cidd-cəhdlə dünya ictimaiyyətindən gizlətməyə çalışırdı. Lakin həmin ağır günlərdə xalqımızla həmrəylik nümayiş etdirən ümummilli lider Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gedərək 20 Yanvar faciəsini törədənlərin əsl simasını ifşa edib, bu cinayətin tam mahiyyətini açıqlayıb.
Sonra professor Xurşid İsayev və dosent Nəzakət Hüseynqızı çıxış edərək deyiblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayət uzun illər xalqların bərabərliyi, insan haqları, humanizm prinsipləri barədə saxta təbliğat aparan Kommunist Partiyasının əsl simasını ortaya qoyub. 20 Yanvar faciəsi təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına qarşı etiraz edən xalqın azadlıq mübarizəsini boğmaq məqsədi daşıyırdı.
Mərasimdə Qars Böyükşəhər Bələdiyyəsinin sədri Murtaza Karaçanta, onun müavinləri, Ədalət və İnkişaf Partiyasının Qars vilayət təşkilatının sədri Adem Çalkın, Qafqaz Universitetinin prorektoru Selçuk Ural, digər rəsmi şəxslər, eləcə də Azərbaycanı və Türkiyəni təmsil edən ziyalılar, kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.
“Şərq qapısı”