Qan yaddaşımızda yaşayan 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar, bugünkü müstəqil Azərbaycan dövlətinin tarixinə həmin faciəni xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazdılar.
O gün Vətən yolunda öz canlarından keçən, şəhidlik kimi uca bir zirvəni fəth edən, ölümsüzlüyə yüksələn Azərbaycanın oğul və qızlarının məzarları bu gün müqəddəs ünvanlar kimi xalqımızın ziyarət yerlərinə çevrilib.
27 ildir ki, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq məzarları ziyarət edilir, onların keçdikləri şərəfli ömür yolunun yeniyetmə və gənclərimizə örnək olmasını bir daha xatırlatmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Hər il olduğu kimi, bu il də yanvarın 20-də saat 1200-da Azərbaycanın bütün ərazilərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da doğma yurdunun, xalqının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib. Həmin vaxt xətdə olan sərnişin qatarlarının da hərəkəti dayandırılaraq səs siqnalları verilib.
Xəbərlər şöbəsi