25 Dekabr 2024, Çərşənbə

Şərur rayonu

20 Yanvar faciəsi qədim və zəngin tarixə malik Azərbaycan xalqının müstəqil dövlətçilik ənənələrini bərpa etmək uğrunda mübarizəsində mühüm mərhələ təşkil edir. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı 1990-cı il yanvarın 20-də sovet ordusunun döyüş hissələrinin yeridilməsi ölkəmizdə misli­gö­rünməmiş faciəyə gətirib çıxardı. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızı xalqımız dünən bir daha yad etdi. Şəhidlərimiz Şərur rayonunda da böyük hörmətlə anıldı.
Şərur rayonu muxtar respublikamızın ən böyük rayonlarından biridir. Ötən əsrin sonlarından başlayaraq muxtar respublikamızın digər sərhədyanı yaşayış məntəqələri kimi, Şərur rayonunun da sərhəd kəndləri mənfur ermənilərin hücumlarına məruz qalıb. Lakin igid şərurlular torpaqlarımızın bütövlüyü uğrunda Şərurda, Sədərəkdə, muxtar respublikamızın, eləcə də ölkəmizin müxtəlif bölgələrində qəhrəmanlıqla mübarizə aparıblar.
Dünən muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Şərur rayonunda da şəhidlərimiz bir daha yad edildi. Rayon ictimaiyyətinin nümayəndələri Şərur şəhərindəki Şəhidlər xiyabanına gedərək şəhidlərin ölməz xatirəsinə ehtiramlarını bildirdilər, Vətən övladlarının məzarlarına tər qərənfillər düzdülər.

Rayon sakini Müslüm Vəliyev bizimlə söhbətində bildirdi ki, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır. Bu faciəni törətməkdə əsas məqsəd Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını və mübarizliyini sındırmaq idi. Ancaq xalqımızın qəhrəman övladları öz əməlləri ilə mübarizliklərini sübut etdilər. Həmin gecə şəhid olan övladlarımız tariximizə parlaq səhifə yazdılar, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdılar.
Tədbirdə iştirak edən rayonun daha bir sakini Tağı Hüseynov isə dedi ki, 20 Yanvar hər birimiz üçün kədərli, eyni zamanda qürur günümüzdür. Bu faciə onun təsdiqidir ki, xalqımız öz azadlığını, müstəqilliyini heç nəyə qurban verən deyil. Həmin gün bütün dünya xalqımızın qəhrəmanlığının, mübarizliyinin, azadlıq ruhunun yenilməzliyinin şahidi oldu. Sovet ordusunun qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri xalqımızın heç zaman unudulmayacaq qəhrəmanlarıdır.

Səbuhi Həsənov

Babək rayonu

Xalqımızın qürur tarixi olan 20 Yanvar hər bir babəklinin də qəlbində daim yaşayır. 45 babəkli müstəqilliyimiz, suverenliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının xatirəsi hər zaman dövlətimiz tərəfindən uca tutulur, şəhid ailələrinə hərtərəfli dövlət qayğısı göstərilir. Çünki onlar öz şirin canlarını bizim bugünkü müstəqilliyimiz, azadlığımız yolunda qurban veriblər, ərazi bütövlüyümüzü hər şeydən üstün tutublar.

Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri Babək qəsəbəsinin mərkəzində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısına gələrək onların ölməz xatirəsinə ehtiramlarını bildiriblər, abidə önünə gül-çiçək düzüblər.
Mərasim iştirakçılarından Babək qəsəbə sakini Allahverdi Əşrəfov bizimlə söhbət zamanı bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının özünü bir daha tanımasının, dərk etməsinin tarixidir, milli azadlığa, müstəqilliyə gedən yolun başlanğıcıdır. O gün Azərbaycan xalqı şəhidlər verməklə imperiyaya qarşı çıxdı, xalqın azadlıq arzusunun zor gücü ilə boğula bilməyəcəyini sübut etdi. 20 Yanvar həmçinin Azərbaycan xalqının özünəinam, güvən, milli birlik günü, sınaq günü oldu. Xalq anladı ki, onu düşünən, ağır gündə onunla bir yerdə olmağı bacaran lider kimdir. Bu mənada, 20 Yanvar ölkəmizin çox­əsrlik tarixində böyük əhəmiyyət daşıyır. Xalqımız bu faciədən ötən 27 il ərzində sübut etdi ki, öz qəhrəmanlıq tarixinə sadiqdir, ölkəmizin azadlığını və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarını, şəhidlik zirvəsinə ucalanları unutmur, qəhrəmanlarını həmişə yaşadır.
Cəhri kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Qadir Əkbərov dedi:
– Xalqımız ürəkləri daim Vətən sevgisi ilə döyünən bu qəhrəman oğullarımızın qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşdu, ölkəmiz suverenlik əldə etdi. 20 Yanvar məzmunca terror aksiyası, qanlı faciə, bəşəriyyət qarşısında cinayət, xarakter etibarilə xalqımıza qarşı yönəldilmiş açıq hərbi təcavüz idi. Törədilmiş faciə nə qədər ağır olsa da, bu, azadlıqsevər xalqımızın mübarizliyini bir daha ortaya qoydu. Bu azadlıq mücadiləsində babəklilər də fəal iştirak edib, şəhidlər verib. Həmişə onları böyük qürur hissi ilə xatırlayırıq.
Nehrəm kənd sakini Akif Hacıyev dedi ki, qısa və şərəfli bir ömür yaşamış şəhidlərimiz bizim andımıza çevriliblər. Bu gün sabaha ümidlə baxmağa haqqımız var. Çünki bugünkü gənclik şəhidlərin qanı bahasına əldə etdiyimiz müstəqilliyimizi, dövlətçiliyimizi qorumağı özünün vətəndaşlıq borcuna çevirib.

Hafizə Əliyeva

Ordubad rayonu

Ordubad rayonunda da bu münasibətlə anım mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından Ordubad şəhərindəki Şəhidlər xiyabanına gələrək şəhid məzarları üzərinə qərənfillər düzüb, azadlıq mücahidlərinin xatirələrini böyük ehtiramla yad ediblər. 

Mərasimdə Ordubad şəhər sakini Səbahət Mehdiyeva ilə görüşdük. O bildirdi ki, haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verib. Həmin hadisə zamanı yüzlərlə günahsız insan yaralanıb və qətlə yetirilib. Amma bu, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının iradəsini qıra bilməyib. O gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya bəyan edib.
Dırnıs kənd sakini Əmiraslan Fərəcov dedi ki, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazıblar. Bu salnamədə ordubadlılar da öz sözlərini deyiblər. Rayon 41 şəhid verib. Rahim Babayev, Vüqar Nəsibov, Eldar Qənbərov, Murad Musayev və digərləri ilə Ordubad sakinləri qürur duyurlar. Onlar bugünkü gənclik üçün örnəkdirlər.

Muxtar Məmmədov

Culfa rayonu

Muxtar respublikamızın ayrı-ayrı bölgələrində olduğu kimi, Culfa rayonunda da 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə tədbir keçirilib.
Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə öz canlarından keçmiş, hər birimizə örnək olacaq bir ömür yaşamış, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıyan, şəhidlik zirvəsinə qalxmış 32 nəfər culfalının xatirəsinə ucaldılmış Şəhidlər Abidə Kompleksi ziyarət edilib. Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar şəhidlərinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müxtəlif döyüşlərdə qəhrəmancasına həlak olmuş culfalıların ruhuna dualar oxuyub, abidə önünə güllər düzüblər.
Şəhidlər Abidə Kompleksini ziyarət edən rayon ictimaiyyətinin nümayəndələrindən Alıyar Quliyev, Zəfər Məmmədov, Həsən Vəliyev, Nəbi Həsənov, Ramazan Cəfərov bizimlə söhbətdə 20 Yanvarın qəhrəmanlıq tariximizin unudulmaz bir səhifəsi olduğunu bildirdilər. Söhbətləşdiyimiz insanların ümumi fikri belədir:
– Xalqımızın tarixinə bir qəhrəmanlıq səhifəsi, yaddaşlarımıza qürur və şərəf günü kimi yazılmış həmin faciəni öz xalqını, dövlətini sevən insanların heç biri unutmur. Çünki müstəqilliyimizin təməl tarixidir 20 Yanvar.
Xalqımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin uyuduğu müqəddəs ünvanlar bu gün hər bir azərbaycanlının ziyarət yeridir. Vətənini qorumağı özünün vətəndaşlıq borcuna çevirən hər bir azərbaycanlı onun üçün şəhidlik zirvəsinə yüksələnlərin xatirəsini həmişə uca tutur.

Kərəm Həsənov

Kəngərli rayonu

20 Yanvar faciəsinin 27-ci ildönümü Kəngərli rayonunda da qeyd olunub. Həmin gün rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü, xalqımızın azadlığı naminə canlarından keçmiş qəhrəman övladlarının xatirəsini yad etmək üçün Qıvraq qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gəlib, abidə önünə tər çiçəklər düzərək şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.
Rayon sakinlərindən Polad Nəcəfovla abidəni ziyarətdən sonra həmsöhbət olduq. Bildirdi ki, həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. 1990-cı ilin 20 Yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Kənan Süleymanov dedi:
– 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələbləri demokratik yollarla həll etməyə nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyilə alışıb-yanan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misligörünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Qanlı Yanvar faciəsi Azərbaycan tarixinə qəhrəmanlıq günü kimi yazıldı. Bu qəhrəmanlıq tarixində Kəngərli rayonundan olan oğulların da payı var. Xalqımızın azadlıq mücadiləsində Kəngərli rayonundan 36 nəfər şəhidlik zirvəsinə ucalıb. Onların xatirəsi daim əziz tutulur.

Fatma Babayeva

Şahbuz rayonu

Dünən muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd edilib. Matəm musiqisinin sədaları altında Şahbuz şəhərindəki Şəhidlər Abidə Kompleksinə gələn rayon sakinləri Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən igidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Qeyd edək ki, bu yüksək amallar uğrunda Şahbuzun 19 nəfər vətənpərvər övladı şəhid olub. Rayon ictimaiyyətinin nümayəndələri kompleksin önünə gül dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar.
Şahbuz ölkəmizin işğalçı dövlətlə sərhəd rayonlarından biridir. Bu gün qüdrətli ordumuz tərəfindən etibarlı şəkildə qorunan Şahbuzda həmin dövrdə də mənfur erməni daşnaklarına qarşı layiqli cavab verilib. Şahbuzun igid oğlanlarından Rövşən Orucov, Müşfiq Həsənov Naxçıvanın sərhəd bölgəsi olan Sədərəyə hücumların qarşısının alınmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar. Rayonun Keçili kəndindən olan və o dövrdə Bakı şəhərində ali təhsil alan tələbə Teymur Orucov 20 Yanvar gecəsinin şəhididir.
Tədbirdə iştirak edən Şahbuz rayon sakinləri şəhidlərlə qürur duyduqlarını, onların xatirəsini uca tutduqlarını bildirdilər. Kükü kəndindən gəlmiş Nizami Bağırov düşüncələrini bizimlə bölüşərək dedi ki, 20 Yanvar günü Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir. Çünki 1990-cı il yanvarın 20-də xalqımız öz məğrurluğunu bir daha göstərdi. Soyuq yanvar gecəsi əliyalın tanklar qarşısına çıxan qəhrəman Azərbaycan övladları azad yaşamağın onlar üçün hər şeydən üstün olduğunu, müstəqillik yolundan bir daha dönməyəcəklərini dünyaya sübut etdilər. Adları yaddaşımızdan heç vaxt silinməyəcək şəhidlərimiz azadlıq yolunda canlarından keçməklə əbədiyyətə qovuşublar. Ona görə də biz bu günü eyni zamanda xalqımızın mübarizlik, əyilməzlik və məğrurluq günü kimi fəxrlə anırıq.

Əli Cabbarov

Sədərək rayonu

20 Yanvar faciəsinin 27-ci ildönümü Sədərək rayonunda da anılıb. Rayon sakinləri Sədərək kəndindəki Şəhidlər xiyabanını ziyarət edərək Vətən yolunda qurban getmiş insanların xatirəsinə ehtiramlarını bildiriblər.

Ziyarət zamanı rayon sakinlərindən bir neçəsi ilə görüşüb həmsöhbət olduq. Sədərək döyüşlərində iştirak etmiş Əsgər Bağırov dedi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizənin şanlı tarixidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib. Həmin dövr Sədərək sakinləri üçün heç də asan olmayıb, mənfur ermənilərin torpaqlarımıza hücumları zamanı insanlar şəhidlik zirvəsinə ucalıblar.
Digər bir həmsöhbətimiz Teymur Quliyev isə qeyd etdi ki, ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi, Azərbaycanda da ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Dünyaya meydan oxuyan böyük bir imperiya artıq çökürdü. Bu dövrdə, 1989-cu ilin dekabr ayında muxtar respublikada SSRİ sərhədlərinin dirəklərinin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Qısa müddətdən sonra mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək qanlı 20 Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan hələ 8 saat əvvəl ermənilər keçmiş sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçdilər. Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər, təxminən, saat 11-dən etibarən intensiv hücumlara məruz qaldı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmiş və Kərki kəndini işğal etmişdilər. Sədərək intensiv top atəşinə tutulmuş, kənddə ilk şəhidlər verilmişdi. Sədərəklilər bu ağır günləri unutmur, ordumuzun bugünkü qüdrətinə arxalanaraq qurub-yaradırlar.
Sakinlərdən Vidadi Həsənovun sözlərinə görə, ermənilərin məhz yanvarın 19-da cidd-cəhdlə bütün istiqamətlərdə muxtar respublikaya hücum etməsi onu göstərirdi ki, onlar Bakıya qoşun yeridiləcəyindən və bununla da, Naxçıvanın köməksiz qalacağından xəbərdar idilər. Bu, SSRİ rəhbərliyinin çirkin planının tərkib hissəsi idi. Ümumilikdə, mənfur erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum edib, 1990-cı ilin martında bu sərhəd bölgəsinə 300-ə yaxın top mərmisi atıblar. Bu qeyri-bərabər döyüşlərdə 500-ə yaxın ev, məktəb binaları, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Həmin ağır günlərdə sədərəklilərə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan kömək gəlib, döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Onların xatirəsi Sədərəkdə daim uca tutulur.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR