25 Dekabr 2024, Çərşənbə

Xalqın bir millət kimi yaşaması onun özünümüdafiəsindən başlanır. Bu, elə bir imtahan anıdır ki, insanlar ayaq basdığı torpağın indiyə qədər ona verdiyi çörəyin haqqını ödəməyi, onu qorumağı, lazım gələndə şəhidlik zirvəsinə qədər ucalmağı hər şeydən üstün tuturlar.
Xalqımız şanlı keçmişinə həmişə sadiq qalıb, heç zaman digər millətlərin mərhəmətinə sığınmadan qəhrəman övladlarının canı bahasına öz varlığını qoruyub saxlayıb. XX əsrin sonlarına doğru erməni daşnaklarına Sədərəkdə verilən layiqli dərs də Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb, Vətənini sevən hər bir insanın yaddaşında dərin izlər buraxıb. 20 Yanvar faciəsinin 27-ci ildönümü günündə o dövrdə Sədərək rayonunun qəhrəmanlıqla müdafiəsini, bu döyüşlərdə fədakarlıq göstərənləri dərin hörmətlə anır, şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Sədərək öz coğrafi mövqeyi ilə həmişə diqqət mərkəzində olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvanın “Qeyrət qalası” adlandırdığı Sədərək rayonu Azərbaycanda 3 dövlətlə həmsərhəd olan yeganə inzibati ərazi vahididir. Bu bölgə bütün ölkəmizi Türkiyə Cümhuriyyətinə birbaşa birləşdirən tək həmsərhəd rayonudur. Söz yox ki, məkrli düşmən hələ o dövrdə ilk hücumlarını bu bölgədən başlamaqla Naxçıvanı dünyadan tamamilə təcrid etməyi qarşısına məqsəd qoymuşdu.
Beləliklə, 1990-cı ilin 20 Yanvar hadisələrinin qanlı xronologiyası, əslində, Sədərəkdən başlanır. Hələ 20 Yanvara bir neçə gün qalmış ermənilər tərəfindən sərhəddə törədilən təxribatlar yaxınlaşan müharibədən xəbər verirdi. Yanvarın 18-dən başlayaraq ən yeni tariximizin ilk şəhidləri də Sədərəyin dinc sakinləri, onun müdafiəçiləri arasından verildi.
Ümumiyyətlə, 1990-1993-cü illər arasında gedən qanlı döyüşlər zamanı ermənilər tərəfindən Sədərəyə 14 dəfə ən müasir silahlarla hücum edilib. Bu döyüşlər zamanı Vətənin qeyrətli 108 oğlu şəhidlik zirvəsinə ucalıb, ancaq öz səngərindən bir nəfər belə olsun, geri çəkilməyib. Arasıkəsilməz hücumlar nəticəsində Sədərəkdə 500-ə yaxın ev, məktəblər, inzibati binalar dağıntılara məruz qalıb. Ulu öndər Heydər Əliyev həmin hadisələrdən danışarkən deyib: “Muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq Sədərəyin üzərinə düşmüşdür. Sədərəkdə vəziyyət tamam başqadır. Burada əsl müharibə gedib, atışmalar olub”.
Məlum hadisələr zamanı Sədərəyin müdafiə olunması, bütün naxçıvanlıların bir yumruq kimi birləşib düşmənə cavab verməsi o dövrün şahidlərinin yaddaşında dərin izlər buraxıb. Sədərəklilərlə həmin günlər haqqında söhbət edərkən o zaman getdikcə gərginləşən bir vəziyyətdə ermənilərin hər an sərhəd kəndinə hücum edə biləcəyi ehtimalının artmasına, yerli əhalinin uşaqdan-böyüyə bir olub Naxçıvanın hər yerindən gələn el köməyinin də gücü ilə düşmənə layiqincə cavab verdiyinə sanki bir daha şahid olursan. Doğrudan da, düşmən nə qədər məkrli, nə qədər silahlanmış olsa da, o, torpağa bağlı, amalı bir olan insanları heç zaman qorxuda bilməzdi.
Sədərək döyüşləri və 20 Yanvar hadisələri Azərbaycan tarixinin şanlı səhifələridir. Bu tarixə 27 il keçəndən sonra baxdıqda görürük ki, böyük bir xalqın mübariz ruhu hansı zamanda olursa-olsun, o, ölməzdir. Əgər o dövrdə ov tüfəngi ilə düşmənin qarşısına çıxan Naxçıvanın mərd oğulları tam silahlanmış erməni işğalçılarına ağır zərbələr vura bildilərsə, bugünkü qüdrətli Azərbaycan Ordusunun, onun igid əsgərlərinin və ən müasir hərbi texnikasının qarşısında düşmən ölkənin tamamını məhv etmək gücümüz vardır. Bu gücü isə işğalçı ermənilər artıq görüb, lərzəyə gəliblər. Bəli, indi nə həmin 1990-cı ildəki Azərbaycan, nə də ki əliyalın Sədərək əhalisidir düşmən qarşısında. Bu günün reallığı tam başqadır. Mənfur erməni daşnakları artıq yaxşı bilirlər ki, 1990-cı illərdə Sədərəyə atdıqları güllələrə xalqımızın qeyrət qalasının qayaları sipər çəkdisə, indi onların qarşısında müasir Azərbaycan Ordusunun qoruduğu Sədərək vardır. İnkişaf edib gözəlləşən, düşmənə gözdağına çevrilən Sədərəyi görən ermənilərin artıq bütün dünyada hamının gözü qarşısında düşdükləri rəzil vəziyyətlə barışmaqdan başqa çarələri qalmayıb. Çünki indi həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə son söz Azərbaycanındır.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR