Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına hər səfəri mühüm layihələrin həyata keçirilməsi, yeni infrastruktur obyektlərinin istifadəyə verilməsi ilə yadda qalır. Bu səfərlərdə diqqətçəkən məqamlardan biri də ölkə başçısının Naxçıvana hər gəlişində ordumuzun komplektləşdirilməsi ilə bağlı görülən işlərlə, o cümlədən döyüş arsenalı ilə tanış olması və yeni hərbi obyektlərin istifadəyə verilməsidir. Bu sahədə həyata keçirilən tədbirlər göstərir ki, dövlətimizin başçısı Naxçıvanın təhlükəsizliyinə xüsusi diqqət yetirir. Fikir versək görərik ki, son 13 ildə muxtar respublikaya 13 dəfə səfər edən Prezident İlham Əliyev hər gəlişində hərbi hissələrdə olub, yeni infrastruktur obyektlərinin açılışını edib, şəxsi heyətin sosial və xidmət şəraiti ilə maraqlanıb. Və hər dəfə də muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlərin davamlı olacağının anonsunu verib.
Ali Baş Komandanın Naxçıvan Muxtar Respublikasına göstərdiyi bu həssas yanaşma bir çox tərəfləri ilə diqqət çəkir. Birinci ona görə ki, ötən əsrdə xalqımıza qarşı aparılmış və bu gün də davam etdirilən ədalətsiz siyasət nəticəsində Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşüb. Bu, o deməkdir ki, istənilən dövrdə Naxçıvanın təhlükəsizliyi, ilk növbədə, buradakı hərbi birləşmələrdən asılıdır. Digər tərəfdən, Naxçıvan əvvəllər də, indi də Azərbaycan üçün, sadəcə, bir ərazi vahidi deyil, eyni zamanda keçid qapısıdır. Deməli, Naxçıvan həm də strateji regiondur. Qədim diyarın strateji əhəmiyyəti isə indi yox, hələ tarixən buradan keçən Böyük İpək Yolunun mövcudluğu ilə öz təsdiqini tapıb. Məsələnin daha önəmli tərəfi isə ermənilərin Qafqaza köçürülməsindən sonra bu qədim Azərbaycan diyarına mütəmadi olaraq əsassız ərazi iddiaları ilə bağlıdır. Maraqlıdır, ermənilər Naxçıvana niyə bu qədər iddialıdırlar? Əlbəttə, ümumi cavab bundan ibarətdir ki, Azərbaycanın istənilən bölgəsi ermənilər üçün iddia mənbəyidir. Hətta ötən əsrin sonlarından Dağlıq Qarabağın “müstəqilliyini” tanıda bilməyən erməni ideoloqlarının bəziləri bildirirdilər ki, “...əslində, mübarizəmizə Naxçıvan üzərindən başlasaydıq, biz Qarabağdan da üstün mövqelər əldə edə bilərdik...” Bu cür zəhərli ideologiyanın müəllifləri düşünürdülər ki, Naxçıvanı çox qısa bir müddətdə ram edə biləcəklər. Dağlıq Qarabağ və digər ətraf rayonları işğal edən ekstremist qüvvələr Naxçıvana da davamlı hücum edir, sərhəd bölgələrimizi daim təhdid altında saxlamağa çalışırdılar. Məqsəd Ermənistanın dövlət sərhədlərini genişləndirmək, Azərbaycanla Türk dünyası arasında əlaqəni kəsmək, Şərq-Qərb dəhlizində söz sahibi olmaq, Türkiyə Respublikasına qarşı ərazi iddialarını real müstəviyə çıxarmaq və “Zəngəzur planı”nı uğurla sona çatdırmaqla Cənubi Qafqazdakı digər ərazilərin işğalı üçün zəmin hazırlamaqdan ibarət idi. Ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi düşmənlərin arzusunu gözündə qoydu. Naxçıvan torpaqlarını işğal edə bilməyən erməni daşnakları bu ərazilərə iddialarından əl çəkməyiblər. Hadisələrin sonrakı inkişafı göstərdi ki, düşmən istənilən vaxt torpaqlarımıza hücum edə bilər. Amma son dövrlərdə düşmənin bu istiqamətdə hücumları xeyli səngiyib. Bunun isə səbəbləri var. Səbəblərdən biri odur ki, əvvəlki dövrlərdən fərqli olaraq indi Naxçıvanı kompleks hərbi birləşmələri özündə cəmləşdirən Əlahiddə Ümumqoşun Ordusu qoruyur. Bu ordunun döyüş arsenalı ən müasir silahlarla, hava hücumundan müdafiə vasitələri, o cümlədən düşməni hər an vahiməyə salacaq raket-artilleriya qurğuları ilə komplektləşdirilib. Hava hücumundan müdafiə vasitələri düşmən ərazisini nəzarətdə saxlamaqla yanaşı, muxtar respublikanın hava sərhədlərini poza biləcək istənilən obyektin yüksək dəqiqliklə zərərsizləşdirilməsinə imkan verir. Əgər əvvəllər muxtar respublikanın sərhədlərinə edilən hücumlar işğal məqsədi daşıyırdısa, indi təsadüfi hallarda eşidilən zəif silah səsləri buradakı ordu hissələrini təxribata sövq etməyə hesablanır. Çünki Dağlıq Qarabağ və digər işğal olunmuş Azərbaycan torpaqlarından fərqli olaraq Naxçıvandakı döyüş əməliyyatları dövlət sərhədinin pozulmasından sonra başlaya bilər. Lakin bu amil də düşmənlər üçün effektli deyil. Ona görə ki, Əlahiddə Ümumqoşun Ordusunun istifadəsində olan yüksək dəqiqliyə malik müasir raket və artilleriya kompleksləri Naxçıvandan cəmi 60 kilometrlik məsafədə yerləşən paytaxt İrəvana zərbələr endirməyə imkan verir. Yəqin ki, qarşı tərəf bu amili hesaba almamış deyil. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin muxtar respublikaya hər səfəri həm də düşmən ölkədə diqqət mərkəzində saxlanılır.
Burada əsas diqqət mərkəzində olan amillərdən biri də Əlahiddə Ümumqoşun Ordusunun müasir silah-sursatla təmin edilməsi, hərbi birləşmələrdə xidmət üçün lazımi şəraitin yaradılması, şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olmasıdır. Ali Baş Komandan muxtar respublikaya hər səfərində hərbi hissələrdə olur, ordu quruculuğu sahəsində görülən işlərlə maraqlanır. Bu dəfə də belə oldu. Dövlət başçısı yanvarın 11-də Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışını etdi. Yaradılmış şəraitlə bağlı məlumatlandırılan Ali Baş Komandan sonra silahlanmaya qəbul edilən hərbi texnika ilə tanış oldu. Prezident İlham Əliyev bu sahədə görülən işləri belə qiymətləndirdi: “...Bu gün, eyni zamanda, hərbi hissədə olarkən bir daha gördüm ki, Naxçıvanın hərbi potensialı da lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq. Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb. Yəni, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir”.
Ali Baş Komandanın səsləndirdiyi bu fikirlərdən də görünür ki, Naxçıvanın müdafiə qabiliyyətinin yüksəldilməsi daim diqqət mərkəzində olub və bundan sonra da olacaq. Ötən dövr ərzində burada yüksək hərbi potensial yaradılıb. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu müasir texnika, silah və sursatla təmin olunub. Bütün bunlar isə düşmənləri qorxutmaya bilməz. Bu qorxudan doğan həyəcanlı açıqlamaları ötən il Əlahiddə Ümumqoşun Ordusunun təlimləri zamanı düşmən ölkənin mətbuatından da bilirik. Ölkə başçısının burada olarkən səsləndirdiyi “Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır” fikri isə düşmənə məhz bu istiqamətdə anonsu verilmiş xəbərdarlıqdır.
Bəli, bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır. Regionumuzun təhlükəsizliyi muxtar respublikada yeni iqtisadi layihələrin həyata keçirilməsinə, buraya gələn turistlərin sayının artmasına, Naxçıvanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə imkan verir. Ümumilikdə isə Azərbaycan Silahlı Qüvvələrinin regionun, eləcə də dünyanın ən güclü ordularından biri səviyyəsinə qalxması həm də tarixən xalqımızın başına gətirilən qanlı hadisələrdən alınmış tarixi ibrət dərsidir. Əgər Azərbaycan zamanında indiki kimi güclü milli orduya sahib olsaydı, Xocalı, 20 Yanvar kimi qanlı hadisələr də tariximizdə yaşanmayacaqdı.
Bu gün hər birimiz qürur hissi keçiririk ki, biz müstəqil dövlətdə yaşayırıq, xalqımız bu Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızı unutmur, onları elliklə yad edir. Bu qürur hissini isə bizə qüdrətli müstəqil Azərbaycan və onu qoruyan güclü Ordumuz yaşadır.
Səbuhi Həsənov